OPEC+ çərçivəsində neft hasilatı daha 9 ay azaldılacaq - YENİLƏNİB

OPEC+ çərçivəsində neft hasilatı daha 9 ay azaldılacaq - YENİLƏNİB
# 02 iyul 2019 16:13 (UTC +04:00)

Vyanada OPEC+ nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü OPEC+ əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib: “OPEC və qeyri-OPEC ölkələri arasında “Əməkdaşlıq Xartiyası” sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcək”.

İclasda qeyri-OPEC ölkələrinin nazirləri həmçinin, OPEC-in gündəlik hasilatla bağlı iqtisadi və geosiyasi faktorları, dünya iqtisadiyyatının inkişaf tempini, tələb-təklif dinamikasını nəzərə almaqla irəli sürdüyü təklifə də razılıq veriblər. Hasilatı azaltmaqla bağlı razılaşmanın qış mövsümünü tam əhatə etməklə uzadılması məqbul hesab edilib. Müzakirələrin yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.

Energetika naziri Pərviz Şahbazov qarşıdakı aylarda da neft bazarının tənzimlənməsi və sabitliyin qorunub saxlanması üçün OPEC+ ölkələrinin bu qərarına da münasibət bildirib: “Bu, iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etdiyi vaxtda bazarın balanslaşdırılması üçün vacib bir qərardır. OPEC+ ölkələri növbəti dəfə risklərə qarşı həmrəylik nümayiş etdirdilər. Azərbaycanın bu prosesə qoşularaq, “Əməkdaşlıq Bəyannaməsi”nə imza atması isə ölkəmizin maraqlarına tam uyğundur”, deyə nazir əlavə edib.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub. Ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə OPEC+ ölkələrinin kvotaları isə dəyişməz qalır.

Saat 15:02

Neft hasil edən qeyri-OPEC ölkələri Vyanada Əməkdaşlıq haqqında "Uzunmüddətli Xartiya"nı təsdiq ediblər.

APA-Economics”in Rusiya mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika naziri Aleksand Novak bildirib.

Bundan əlavə, Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl Falihin sözlərinə görə, sözügedən ölkələr OPEC-in neft hasilatının daha 9 ay ərzində azaldılması qərarına da qoşulublar. “Hasilatın 9 ay ərsində azaldılması saziş razılaşdırılıb, fiziki olaraq 24 OPEC+ ölkəsi tərəfindən "Əməkdaşlıq Bəyannaməsi" də imzalanıb”, - deyə X. əl Falih əlavə edib.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib.

Qeyd edək ki, OPEC+ çərçivəsində may və iyun aylarında Azərbaycanın gündəlik neft hasilatını 20 min barel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirib və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125% icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR