“Şahdəniz” qazının nəqli bu il 23% artıb

“Şahdəniz” qazının nəqli bu il 23% artıb
# 12 avqust 2022 16:05 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 22 932,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 15,8% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 52,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsi ilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 12 020,2 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 23%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə, bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qazın nəqlinə başlayıb. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2020-ci ilin dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR