“Şahdəniz” üzrə fəaliyyətlərə ötən il 2,5 mlrd. dollardan çox vəsait xərclənib

“Şahdəniz” üzrə fəaliyyətlərə ötən il 2,5 mlrd. dollardan çox vəsait xərclənib
# 09 fevral 2023 12:47 (UTC +04:00)

2022-ci il ərzində “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 2 milyard 281 milyon dollar əməliyyat xərcləri və təxminən 463 milyon dollar (toplama – 2 744 mlrd. dollar – red.) əsaslı xərclər çəkilib.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

“2022-ci ildə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 25 milyard standart kubmetr qaz və 4 milyon tondan artıq (təqribən 36 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə 27 milyarddan artıq) standart kubmetrdir”, - hesabatda qeyd olunub.

Hesabata görə, 2022-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində qərb-cənub cinahından hasilata başlanılıb. Şərq-şimal cinahında həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda quraşdırma işləri davam etdirilib. Layihə çərçivəsində şərq-şimal boruları da daxil olmaqla dənizdə bütün boruların quraşdırılması işləri başa çatıb.

Şərq-şimal cinahının birbaşa elektrik isitmə kabelləri və hasilatı idarəetmə sistemləri üçün sualtı elastik kabellərinin düzülməsi, bağlanması və üst modullara birləşdirilməsi işləri davam edib. Ümumilikdə, şərq-şimal cinahında bütün sualtı quraşdırma işləri 2023-cü ilə planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edib.

“İstiqlal” və “Maersk Explorer” qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində ümumilikdə 21 quyu qazıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR