“Şahdəniz”ə bu il çəkilən xərclərin həcmi açıqlanıb

“Şahdəniz”ə bu il çəkilən xərclərin həcmi açıqlanıb
# 04 may 2023 13:31 (UTC +04:00)

Bu ilin birinci rübündə “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 678 milyon dollar əməliyyat xərcləri və təxminən 194 milyon dollar əsaslı xərclər çəkilib (toplam – 872 mln. dollar – red.).

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, qeyd olunan xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” (yatağın işlənilməsinin ikinci mərhələsi) layihəsinə aid olub.

“Bu ilin birinci rübü ərzində “Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib. İlin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə təqribən 27 milyard) standart kubmetrdir”, - hesabatda bildirilir.

Hesabata əsasən, bu ilin birinci rübündə “Şahdəniz-2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.

Quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam etmişdir. Layihə çərçivəsində qərb-cənub və şərq-şimal cinahlarında İstiqlal qazma qurğusunun gəlməsindən əvvəl yeni sualtı fontan armaturalarının quraşdırılması tamamlanmışdır və şərq-şimal cinahının hasilat axın xətlərinin sınaq işləri başlanıb.

Bundan əlavə, birinci rübdə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“”Şahdəniz-2” layihəsi çərçivəsində quyuların tamamlama işləri “İstiqlal” qazma qurğusu vasitəsilə davam edir. Ümumilikdə “Şahdəniz-2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir”, - hesabatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR