"Saipem" noyabrda "Abşeron" yatağında infrastrukturun yaradılmasına başlayacaq

"Saipem" noyabrda "Abşeron" yatağında infrastrukturun yaradılmasına başlayacaq
# 29 oktyabr 2019 12:30 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz yatağının işlənməsi çərçivəsində infrastrukturun yaradılması işlərinə bu ilin noyabr ayının sonunda start veriləcək.

Bunu "APA-Economics"ə Azərbaycanın neft-qaz bazarındakı etibarlı mənbə deyib.

Sözügedən layihə çərçivəsində Fransanın "Total" şirkəti və "Saipem Contracting Netherlands BV", "Boshelf LLC" və "STAR GULF FZCO" şirkətlərində ibarət konsorsium arasında mövcud müqaviləyə əsasən, infrastrukturun yaradılması üzrə işlərin başa çatdırılması və istismara verilməsi 2020-ci ilin avqust ayına planlaşdırılıb.

Layihə çərçivəsində işlər bir neçə ay bundan öncə başlamalı idi. Sahədə infrastrukturun yaradılmasına "İsrafil Hüseynov" borudüzən gəmisinin təmiri ilə əlaqədar gecikmə ilə start veriləcək.

Xatırladaq ki, bu ilin 8 may tarixində "Şahdəniz-2" layihəsi çərçivəsində İtaliyanın "Saipem" şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi "İsrafil Hüseynov" gəmisində partlayış baş vermişdi və bu da "Abşeron" yatağında nəzərdə tutulan işlərin qrafikinə təsir edib.

“Gəmi artıq təmirdən çıxıb və hazırda “Şahdəniz” yatağında işini davam etdirir. Gələn ayın 26-da gəmi BP tərəfindən təhvil verilməlidir və bundan sonra "İsrafil Hüseynov" “Abşeron” yatağında işinə başlayacaq”, - deyə mənbə əlavə edib.

Onun sözlərinə görə, dəniz sahəsindəki işin yerinə yetirilməsi üçün "İsrafil Hüseynov" borudüzən, "Qurban Abbasov kran və digər daha xırda gəmilər cəlb ediləcək.

Bununla yanaşı, əgər öncə "Saipem" bu layihə üzrə işlərini 2020-ci ilin avqustunda bitirməyi planlaşdırırdısa, gəmi ilə bağlı yaranan problemlər bu tarixin oktyabrın sonunadək uzadılmasına səbəb olub, deyə mənbə qeyd edib.

Xatırladaq ki, sözügedən müqavilə yataqda layihə işlərinin aparılmasını, infrastrukturun satın-alınması, istehsalı və dəniz şelfində quraşdırılmasını, uzunluğu 34 km olan 12-düymlük istehsal xəttinin işə salınması və sınaqdan keçirilməsinə yardım edilməsini nəzərdə tutur.

"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

Yatağın ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR