Samir Şərifov AİB-in 55-ci İllik Toplantısında iştirak edib

Samir Şərifov AİB-in 55-ci İllik Toplantısında iştirak edib
# 29 sentyabr 2022 17:28 (UTC +04:00)

Sentyabrın 28-də Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) birinci hissəsi cari ilin may ayında keçirilən 55-ci İllik Toplantısının ikinci hissəsi öz işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, sentyabrın 29-da keçirilən bankın Rəhbərlər Şurasının iclasının işinə Azərbaycan Respublikasını Bankın Rəhbərlər Şurasında təmsil edən maliyyə naziri Samir Şərifov video formatda qoşulub. Rəhbərlər Şurasının üzvləri qurumun ötən ilki fəaliyyəti və maliyyə nəticələri, bankın növbəti illərdəki fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıblar.

Çıxışlarda geosiyasi çağırışların qlobal iqtisadi artıma yaratdığı təhdidlər, yoxsulluğun aradan qaldırılması, ekoloji problemlərin nəticələrinin aradan qaldırılması və digər istiqamətlərdə AİB-in fəaliyyətinin daha da genişləndirməsinin vacibliyi önə çəkilib.

Eyni zamanda, AİB-in 2030-cu ilədək İnkişaf Strategiyasına uyğun olaraq dayanıqlı gələcək üçün əməkdaşlığın gücləndirilməsi, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, yaşıl, davamlı və inklüziv bərpaya keçidin sürətləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Qeyd olunub ki, iqlimlə bağlı maliyyə hesabatının nəşri AİB üçün əlamətdar hadisədir və bu, investorlara, səhmdarlara və maraqlı tərəflərə bankın bu sahədə həyata keçirdiyi siyasətdə şəffaflığı artırmaqla yanaşı, iqlim fəaliyyətini və biznes əməliyyatlarını gücləndirməyə kömək edəcək.

İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifov həmçinin, Azərbaycanın da təmsil olunduğu Bankın Səsvermə Qrupunun iclasında da iştirak edib.

Qeyd edək ki, 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR