SOCAR-ın "Şahdəniz"dən qəbul etdiyi qazın həcmi iki dəfədən çox artıb

SOCAR-ın "Şahdəniz"dən qəbul etdiyi qazın həcmi iki dəfədən çox artıb
# 22 oktyabr 2019 14:13 (UTC +04:00)

SOCAR bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 4,7 mlrd. kubmetrə yaxın qaz qəbul edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Bu barədə "APA-Economics"ə Azərbaycanın neft-qaz sektorunda çalışan etibarlı mənbə bildirib.

Onun sözlərinə görə, bu ilin III rübündə SOCAR “Şahdəniz” yatağından 1,18 mlrd. kubmetrə yaxın qaz qəbul edib ki, bu da ötən ilin analoji kvartalı ilə müqayisədə 74,2%-lik artım deməkdir.

Qeyd edək ki, bu ilin 9 ayında “Şahdəniz” qaz-kondensat yatağından 12,17 mlrd. kubmetrə yaxın qaz hasil edilib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 35,2% çoxdur. “APA-Economics”in hesablamalarına əsasən, bu il yataqda hasil edilən qazın 38,6%-i SOCAR-ın payına düşüb.

Xatırladaq ki, “Şahdəniz”də qaz və kondensat hasilatının artması yatağın işlənməsinin ikinci mərhələsinin işə salınması ilə birbaşa əlaqəlidir.

"Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Ötən il "Şahdəniz" üzrə fəaliyyətlərə 578 mln. dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Ötən il yataqdan 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.

Azərbaycan Energetika Naziri Pərviz Şahbazovun öncə səsləndirdiyi sözlərə görə, "Şahdəniz" yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR