Azərbaycan TANAP üzrə xərcləri 40% azaltmağa nail olub

Azərbaycan TANAP üzrə xərcləri 40% azaltmağa nail olub
# 01 iyul 2019 12:25 (UTC +04:00)

SOCAR Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) icrasında öz tərəfdaşları ilə birlikdə 5 mlrd. ABŞ dollarına yaxın vəsaitə qənaət edərək, layihənin ümumi xərclərini 40% azaltmağa nail olub. "APA-Economics"in SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri Rövnəq Abdullayev söyləyib.

“Cənub Qaz Dəhlizi və TANAP bu gün artıq reallıqdır. Ötən il Azərbaycan və qardaş Türkiyənin möhtərəm prezidentlərinin iştirakı ilə TANAP üzərindən Türkiyəyə ilk qazın nəqlinə başladıq. Bu gün isə TANAP artıq Avropaya da təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir və yalnız TAP boru kəmərində aparılan işlərin sona çatmasını gözləyirik. Azərbaycan bu gün bütün dünyaya bir daha göstərmişdir ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik”, - deyə R. Abdullayev qeyd edib.

Məlumata əsasən, Layihənin yekun investisiya qərarı veriləndə ümumi xərcləri 11,7 mlrd. dollar həcmində qiymətləndirilirdi. Lakin icra prosesində satınalma qərarlarının əlverişli zamanda verilməsi və layihənin idarəolunmasında səmərənin maksimum artırılması nəticəsində layihə 7 mlrd. dollardan aşağı xərclə tamamlanmışdır. TANAP çərçivəsində ətraf mühitə və ictimaiyyətə hörmət ifadəsi olaraq bu günədək 1 000-ə yaxın sosial və ətraf mühit layihəsini həyata keçirilmiş, kəmərin keyfiyyət, ətraf mühitin mühafizəsi, əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq miqyasda nümunəvi göstəricilərə nail olunub.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Dəhlizin son seqmenti olan Trans Adriatik Boru Kəməri (TAP) layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. TANAP eyni zamanda tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru xətti kimi daxil olub.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiyə Enerji A.Ş” (7%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR