SOCAR və "Equinor" "Qarabağ" yatağında platformanın quraşdırılmasına hazırlaşır

SOCAR və "Equinor" "Qarabağ" yatağında platformanın quraşdırılmasına hazırlaşır
# 14 iyun 2019 15:45 (UTC +04:00)

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor ASA” şirkətinin birinci vitse-prezidenti Kerri Lokhart və “Equinor-Azərbaycan” şirkətinin ölkə üzrə meneceri Fuad Qurayşinin rəhbərlik etdikləri nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “APA-Economic”ə verilən məlumata görə, görüşdə SOCAR və “Equinor” şirkətləri arasında cari əməkdaşlıq məsələləri, xüsusilə “Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan hazırlıq işlərinin statusu müzakirə edilib.

“Equinor” şirkətinin nümayəndələri “Qarabağ” layihəsi üzrə aparılan işlərdə SOCAR-ın CDC şirkətinin (“Caspian Drilling Company”) iştirakını yüksək qiymətləndirmiş, şirkətin səriştəlilik, təhlükəsizlik və əməyin mühafizəsi sahəsində tətbiq etdiyi standartları təqdir etmişlər. SOCAR və “Equinor” arasında əməyin mühafizəsinin maksimum gücləndirilməsi istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunmuşdur. Qeyd edilmişdir ki, gələn ay “Qarabağ” yatağında qazma işləri aparacaq qurğu və yeni platforma nəzarətdən keçiriləcək, son tənzimləmələr tamamlandıqdan sonra platformanın dənizdə quraşdırılmasına başlanılacaq. Bu istiqamətdə görülən işlərin operativ və qrafikə uyğun şəkildə aparılmasının əhəmiyyəti vurğulanıb.

Xatırladaq ki, 30 May 2018-ci il tarixində SOCAR və “Equinor” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalanıb. “Qarabağ” perspektivli dəniz strukturu 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş, 1984-cü ildə dəqiqləşdirilmiş və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində strukturun neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralıda, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi isə Bakıdan 90 kilometr şimal-şərqdə yerləşir və 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR