SOCAR: Xəzərin səviyyəsi indiki intensivliklə enməyə davam edərsə, risklərə səbəb ola bilər

Xaliq Məmmədov

© APA | Xaliq Məmmədov

Foto al #
# 05 iyul 2022 10:47 (UTC +04:00)

"Xəzərdə suyun şorluğunun yüksəlməsi, dəniz suyu istifadə edilən texniki və yanğın əleyhinə su xətlərinin və avadanlıqların korroziyaya uğrama sürətinin artmasına səbəb olur".

APA xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Vitse-prezident qeyd edib ki, dəniz səviyyəsinin enməsi nəticəsində suyun temperaturu da yuxarı qalxır: "Bu səbəbdən, buxarlanmanın intensivləşməsi müşahidə edilir ki, bu da dənizdəki istehsalat sahələrində uzunmüddətli rütubətə səbəb olur və işçilərin sağlamlığına mənfi təsir edən zərərli amillərdəndir. Dənizin səviyyəsi indiki intensivliklə enməyə davam edərsə, mövcud texniki imkanların saxlanılması baxımından SOCAR üçün əhəmiyyətli risklərə və əlavə maliyyə xərclərinə səbəb ola bilər".

Xaliq Məmmədov qeyd edib ki, hazırda SOCAR olaraq bütün istehsalat zənciri üzrə icra edilən proseslərdə qlobal iqlim dəyişikliyinə təsir göstərən amillərin idarə edilməsi və ekoloji tədbirlərin genişləndirilməsi istiqamətində davamlı tədbirlər görülür.

Vitse-prezident SOCAR-ın sosial-ekoloji öhdəlikləri yerinə yetirməsini də qeyd edib:

"SOCAR beynəlxalq səviyyəli şirkət olaraq, "İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası"nı, “Xəzər dənizində ətraf mühitin mühafizəsi Konvensiyası"nı, Azərbaycan Respublikasının qanunvericilik aktlarını rəhbər tutaraq iqlim dəyişmələrinə təsirin azaldılması məqsədi ilə sosial-ekoloji öhdəliklərini müəyyən edib və sistemləşdirməkdədir. Artıq 15 ildir ki, neft və neft məhsulları ilə çirklənmiş mədən ərazilərində rekultivasiya işləri davamlı olaraq həyata keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR