TAP ötürmə gücünün genişləndirilməsinin birinci mərhələsini işə salır

TAP ötürmə gücünün genişləndirilməsinin birinci mərhələsini işə salır
# 30 yanvar 2023 15:35 (UTC +04:00)

Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik Boru Kəməri (TAP) 2021-ci il bazar sınağının ilk məcburi tender mərhələsi başa çatdıqdan sonra, ötürmə gücünün genişləndirilməsinin ilk mərhələsini işə salacağını elan edib.

APA-Economics”in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, 2023-cü il yanvarın 22-də məcburi tender təkliflərinin təqdim edilməsi pəncərəsinin bağlanmasından sonra TAP konsorsiumu genişləndirmənin birinci mərhələsini işə salacaq və 2026-cı ildən başlayaraq uzunmüddətli müqavilələr vasitəsilə kəmərdə ildə 1,2 mlrd. kubmetr əlavə güc ayıracaq.

Məlumata görə, TAP-ın genişləndirilməsi imkanları açıq, şəffaf və ayrı-seçkilik olmadan müntəzəm bazar sınaqları vasitəsilə təklif olunur. TAP-ın ilkin gücü ildə ən azı 20 mlrd. kubmetrə çata bilər.

Bazar sınaqlarının ikinci məcburi mərhələsi 2023-cü ildə keçiriləcək və maraqlı tərəflər öz təkliflərini təqdim edə biləcəklər. TAP 2027-ci ilə qədər boru kəmərinin gücünü iki dəfə artırmağı hədəfləyir.

“Biz TAP-ın gücünü artırmağa başlamaqdan məmnunuq və bu, tədricən ildə ən azı 20 milyard kubmetrə qədər artırıla bilər”, - bunu TAP konsorsiumunun idarəedici direktoru Luka Şippati bildirib.

Onun sözlərinə görə, uzunmüddətli davamlılığı gücləndirmək və regionda enerji keçidini təmin etmək üçün TAP-ın imkanlarının genişləndirilməsi vasitəsilə yeni həcmdə hidrogen və digər bərpa olunan qazlar da nəql edilə bilər.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2021-ci il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR