Tibbi sahədə ixtisaslaşan "A Qroup Sığorta”nın mənfəəti 18 dəfə azalıb - Hesabat

Tibbi sahədə ixtisaslaşan "A Qroup Sığorta”nın mənfəəti 18 dəfə azalıb - Hesabat
# 10 mart 2023 10:44 (UTC +04:00)

Tibbi sığorta üzrə ixtisaslaşan "A Qroup Sığorta Şirkəti” ötən ilin maliyyə hesabatını açıqlayıb.

APA-Economics”in məlumatına görə, 2021-ci illə müqayisədə 2022-ci ildə sığorta şirkətinin xalis mənfəəti 17,7 dəfə azalıb.

Belə ki, sığorta şirkətinin əsas əməliyyat gəlirləri 25,6 milyon manat, o cümlədən birbaşa sığorta yığımları 24,6 milyon mana təşkil edib ki, bu da 2021-ci illə müqayisədə müvafiq olaraq 28,6% və 28,8% çoxdur. Sığorta şirkətinin cəmi gəlirləri isə 7,8% artaraq 22,1 milyon manata bərabər olub.

"A Qroup Sığorta Şirkəti”nin ötən il üzrə əsas əməliyyat xərcləri 15,9 milyon manat (2,6% çox), o cümlədən sığorta ödənişləri 12,8 milyon manat(9,4% çox), təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 2,4 milyon manat (7,5% az), işlərin aparılma xərcləri 5,8 milyon manat (58,3% çox) təşkil edib.

Sığorta şirkətinin cəmi xərcləri isə 2021-ci ilə nisbətən 14% artaraq 21,9 milyon manat təşkil edib. Başqa sözlə, "A Qroup Sığorta Şirkəti”nin işlərin aparılması xərclərinin kəskin artması onun cəmi xərclərini artırıb, o cümlədən maliyyə mənfəətinin kəskin azalmasına təsir edib. Belə ki, ötən il sığorta şirkəti 71,5 min manat maliyyə mənfəəti əldə edib ki, bu da 2021-ci ilə nisbətən 17,8 dəfə azdır.

Sığorta şirkəti 14,3 min manat (2021-ci ilə nisbətən 18 dəfə az) mənfəət vergisi ödədikdən sonra ötən ili 57,2 min manat xalis mənfəətlə başa vurub. Halbuki, "A Qroup Sığorta Şirkəti” 2021-ci ili 1,01 milyon manat xalis mənfəət açıqlamışdı.

Bu il yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 15% artaraq 29,2 milyon manata, cəmi öhdəlikləri 36,2% artaraq 17,7 milyon manata çatıb. Sığorta şirkətinin cəmi kapitalı isə 6,5% azalaraq 11,5 milyon manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR