Türkiyə ilə Azərbaycan arasında imzalanmış yeni qaz sənədinin təfərrüatları açıqlanıb

Türkiyə ilə Azərbaycan arasında imzalanmış yeni qaz sənədinin təfərrüatları açıqlanıb
# 11 yanvar 2022 11:59 (UTC +04:00)

Azərbaycan və Türkiyə arasında imzalanan təbii qazın tədarükünə dair Anlaşma Memorandumuna əsasən, Türkiyənin dövlət şirkəti olan BOTAŞ "SOCAR Turkey Petrokimya" AŞ-yə ("SOCAR Türkiye Enerji"nin neft-kimya qolu) ildə 1,7 mlrd. kubmetr qaz tədarük edəcək.

Bu barədə "APA-Economics" Türkiyənin "Resmi Gazette"sində dərc edilən memorandumun mətninə istinadən xəbər verir.

Sənədin mətninə əsasən, BOTAŞ tərəfindən 2024-cü il dekabrın 31-dək hər il "SOCAR Turkey Petrokimya" AŞ-yə 1,7 mlrd. kubmetrədək qazın tədarükünü nəzərdə tutur. Qeyd olunan həcmlər "SOCAR Türkiye Enerji"nin ehtiyaclarının ödənilməsinə yönəldiləcək.

Bundan əlavə, sənədə görə, tərəflər mövcud qaz boru kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Təbii Qaz Boru Kəməri boru kəmərlərinin mövcud texniki imkanlarından maksimum istifadə etmək üçün Azərbaycandakı "upstream" (hasilat) layihələri üzrə hasil olunacaq və ya Azərbaycan vasitəsilə nəql olunacaq əlavə təbii qaz həcmlərinin ötürülməsi üçün səylərini əsirgəmir. Bu xüsusda Türkiyə tərəfi bu növ təbii qaz həcmlərinin Türkiyənin təbii qaz bazarı daxilində ticarəti üçün bütün zəruri dəstəyi verir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

Qeyd edək ki, ötən il dekabrın 22-də Bakıda Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR