Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılıb

Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılıb
# 05 yanvar 2022 13:52 (UTC +04:00)

Türkmənistan qazının İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına nəqlinə başlanılıb.

Bu barədə “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, əldə olunan razılığa əsasən, Azərbaycan üçün nəzərdə tutulan Türkmənistan qazının qalan hissəsi İranla sərhəddə, Astara yaxınlığında qəbul olunacaq. Bunun üçün müvafiq texniki hazırlıqlar və sazlama işləri aparılır.

“Biz istəyirik ki, hər şey qısa zamanda hazır olsun", - İ. Əhmədov qeyd edib.

O əlavə edib ki, yuxarıda qey olunan hər iki istiqamət üzrə Azərbaycan tərəfindən gündəlik 4 mln. kubmetrdən artıq qazın qəbulu nəzərdə tutulub.

Xatırladaq ki, noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair (SWAP) müqavilə imzalanıb. Türkmənistan Azərbaycan tərəfinə İran vasitəsilə gündə 5-6 mln. kubmetr qaz nəql edəcək, illik həcm 1,5-2 mlrd. kubmetr olacaq.

SWAP müqaviləsi çərçivəsində İran Türkmənistan qazını Azərbaycana tədarük etməklə özünün beş əyalətinin qaz ehtiyacını təmin edə biləcək.

SWAP sxemi o deməkdir ki, Türkmənistan qazının Azərbaycana tədarükü üçün Aşqabad öz yanacağını İrana, İran isə öz növbəsində Azərbaycana tədarük edəcək. Üçüncü ölkələr vasitəsilə belə ixrac sxemləri karbohidrogenlərin birbaşa ötürülməsi üçün hazır infrastruktur olmadıqda tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR