Vuçiç Azərbaycanla qaz alışına dair aparılan danışıqların detallarını açıqlayıb

Aleksandar Vuçiç

© APA | Aleksandar Vuçiç

# 01 fevral 2023 19:20 (UTC +04:00)

Serbiyaya başqa mənbələrdən təbii qazın idxalı üçün Bolqarıstanla birgə interkonnektorun tikilməsi vacibdir.

APA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün Sofiya yaxınlığındakı Kostinbrod şəhərində Serbiya və Bolqarıstan arasında qaz birləşdiricisinin əsasının qoyulması mərasimi çərçivəsində jurnalistlərə deyib.

“Bununla biz daha çox qaz idxal edə biləcəyik. Unutmayın ki, daha çox qaza ehtiyacımız olacaq. Bolqarıstan çox etibarlı ölkədir və bizim onunla heç vaxt problemimiz olmayıb. Bu, böyük sərmayədir, bizim tərəfimizdən 93 milyon avro ayrılıb”, - Vuçiç layihənin əhəmiyyətindən danışıb.

Serbiya Prezidenti qeyd edib ki, onlar enerji sahəsinə xeyli sərmayə yatırıb: “Biz çoxlu vəsait ayırmışıq. Bu, iqtisadiyyatın inkişafı üçün vacib idi. Bu, həm də qış üçün bizə kifayət qədər elektrik enerjisi qazandırdı, vətəndaşların heç bir problemi yoxdur. Həm qaz, həm də elektrik enerjisi qiymətlərimiz Avropada ən aşağı qiymətlər arasındadır”.

Serbiya dövlət başçısı Azərbaycanla təbii qaz alışına dair aparılan danışıqlara da toxunub: “Biz Azərbaycanla dərhal razılığa gəlsək, bu bizim üçün məqsədəuyğun olar. Bizim sənayemiz böyüyür, istehlakımız artır. Getdikcə daha çox qaz istehlak edirik, Serbiya yenidən sənayeləşir, digər Avropa ölkələrindən fərqli olaraq, bizə daha çox qaz lazım olacaq”.

Vuçiç əlavə edib ki, o, qaz satışı ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır: “Azərbaycan tərəfi uzunmüddətli müqavilələrdə israrlıdır. Amma biz qiymətləri və mexanizmləri bilməliyik ki, onları müqayisə edək və ola bilsin razılığa gələk”.

O qeyd edib ki, yeni qaz kəməri Serbiyanı Bolqarıstan, Yunanıstan və digər Aİ ölkələri ilə birləşdirəcək və Azərbaycandan təbii qaz almağa imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR