Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi tamamlanıb

Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi tamamlanıb
# 06 iyul 2022 15:43 (UTC +04:00)

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi tamamlanıb və bu ay kommersiya əməliyyatlarına başlanıla bilər.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın enerji naziri Kostas Skrekas Afinada keçirilən konfransda deyib.

Nazir tikinti işlərinin tamamlandığını və layihənin açılışı üçün iyulun 8-də Baş nazir Miçotakis ilə Komotiniyə gedəcəyini qeyd edib:

“O, bu ayın sonuna qədər fəaliyyətə başlaya bilər. Bu, şübhəsiz ki, Bolqarıstanı təhlükəsizlik və daha çox qazla təmin edəcək”.

Çəkilişi 220 milyon avroya başa gələn boru kəməri qazı Yunanıstanın şimalındakı Komotini şəhərindən Bolqarıstanın Stara Zaqora şəhərinə daşıyacaq və Azərbaycan qazını daşıyan digər boru kəmərinə birləşdiriləcək.
Uzunluğu 180 kilometr olan boru kəməri Bolqarıstanın dövlət enerji şirkəti BEH, Yunanıstanın DEPA qaz şirkəti və İtaliyanın Edison şirkətlərinin birgə müəssisəsi tərəfindən inşa edilib.

Onun tutumu 3 milyard kubmetrdir və yaxın gələcəkdə bu həcmi 5 milyard kubmetrə çatdırmaq planlaşdırılır.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR