Sabah Bakıda beynəlxalq qida sənayesi sərgisi başlayır

Sabah Bakıda beynəlxalq qida sənayesi sərgisi başlayır
# 24 may 2011 11:32 (UTC +04:00)
Mayın 27-dək davam edəcək bu tədbirlə paralel I Beynəlxalq Plastik Kütlələr və Kauçuk (Plastex), həmçinin V Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıqlar və Ləvazimatlar Sərgisi (HOREX) keçiriləcək. «APA-Economics»in məlumatına örə, bu barədə sərgilərinin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətinin bu gün keçirdiyi mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında çıxış edən «World Food» və «Plastex» sərgilərinin meneceri xanım Maya Qafarlı qeyd edib ki, sərgilərin əsas xüsusiyyəti nümayiş etdirilən texnologiya və avadanlıqların aktuallığı və perspektivliyi ilə bağlıdir. «World Food Azerbaijan 2011» sərgisində 19 ölkədən 100 şirkət öz məhsul və texnologiyalarını nümayiş etdirəcək. Sərgi sahəsinin 30%-ni yerli şirkətlər, qalanını isə xarici şirkətlər tutur.

M.Qafarlının sözlərinə görə, mayın 26-da sərgi çərçivəsində halal məhsulların istehsalına başlamaq, halal standartı haqqında məlumatı bilavasitə bu sahənin mütəxəssislərindən əldə etmək istəyənlər üçün halal məhsul sənayesinə həsr olunan seminar da keçiriləcək. Bu seminarın keçirilməsində əsas məqsəd halal məhsul istehsalçıları ilə əməkdaşlıq imkanlarını genişləndirmək və Azərbaycan məhsullarının ixracına kömək etməkdir.

Sərginin bu il ilk dəfə «Baku Expo» Mərkəzində keçirilməsi ekspozisiya sahəsini genişləndirməyə imkan verib və iştirakçılar üçün göstərilən xidmətlərin səviyyəsini daha da yüksəldib. Eyni meydançada «WorldFood», «WorldDrink», «FoodPack», «WorldFoodTech» və «AgriHort» kimi 5 tematik ekspozisiyanı birləşdirəcək sərgi qida sənayesinin praktiki olaraq bütün istiqamətlərini əhatə edəcək.

«WorldDrink» bölməsində içkilərin zəngin çeşidi təqdim ediləcək. Azərbaycan, Türkiyə, Rusiya və başqa ölkələrdən qablaşdırma avadanlıqları üzrə maraqlı həll variantları ilə «FoodPack» ekspozisiyasında tanış olmaq mümkün olacaq. «WorldFoodTech» qida sənayesinin müxtəlif istiqamətləri, o cümlədən supermarketlər, laboratoriya analizləri üçün avadanlıqlar nümayiş etdirəcək. «AgriHort» bölməsi isə öz növbəsində kənd təsərrüfatı avadanlıqları və texnikaları, həmçinin müxtəlif yemlər, əlavələr, gübrələr və baytarlıq preparatlarını təklif edəcək. Sərginin ənənəvi bölmələrində ət və quş əti məhsulları, süd məhsulları, dondurmalar, baqqaliyyə malları, konservləşdirilmiş ərzaq məhsulları, tərəvəz və meyvələr, uşaq və pəhriz qidaları və bir çox başqa məhsullar təqdim ediləcək.

Keçirildiyi illər ərzində sərgi müqavilələrin imzalandığı əhəmiyyətli görüş yerinə çevrilib. Aparılmış auditin nəticələrinə görə, ziyarətçilərin 76%-ni qida sənayesinin peşəkarları təşkil edir. Bazarın tendensiyaları və ehtiyaclarını izləyərək, sərgi hər il aktual təkliflər ilə çıxan yeni şirkətləri dəvət edir. Belə ki, bu il sərginin 40%-ni debütantlar təşkil edəcək. Ölkədə qida məhsulları istehsalının artmasını nəzərə alaraq, bu il sərgi laboratoriya tədqiqatları üçün avadanlıqlar təklif edən şirkətləri təqdim edəcək. İlk dəfə sərgidə holoqramların istehsalını tətbiq edən yerli şirkət də iştirak edəcək.

«HOREX» layihəsinin meneceri xanım Dərya Cəfərlinin sözlərinə görə isə, V Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisinin eksponentləri arasında həm daimi iştirakçılar, həm də debütantlar var. Belə ki, Fransadan olan şirkətlər ilk dəfə olaraq istənilən mürəkkəbliyə malik mətbəxlər üçün (layihənin əvvəlindən sonuna qədər təchiz etməklə) nəzərdə tutulmuş avadanlıqlarını nümayiş etdirəcək. Almaniya şirkətləri isə geniş çeşiddə məhsullar, o cümlədən qida plyonkası, çörək və bulka məmulatları üçün sarğı kağızı, zibil və ərzaq tullantıları üçün torbalar, həmçinin, mehmanxana, restoran və kafelər üçün nəzərdə tutulmuş bir çox digər nümunələri əhatə edən ekoloji məhsulları nümayiş etdirəcək.

Sərgi çərçivəsində İsveçrənin interyer üzrə aparıcı memar və dizaynerlərindən biri tərəfindən master-klass da keçiriləcək.

Yubiley olan sərgidə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və Fransa şirkətləri iştirak edəcək, mehmanxana və restoranlar üçün avadanlıqlar, ticarət, vitrin və soyuducu avadanlıqları, «fast food» avadanlıqları, qəhvə üyüdən maşınlar və qəhvə, hotellər üçün ətir-gigiyena vasitələri, dizayn və interyerin bəzədilməsi, təhlükəsizlik və daxilolmaya nəzarət, mehmanxanalar üçün interaktiv sistemlər və bir çox digər məhsullar nümayiş olunacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR