Bakıda Hindistanın ən yaxşıları - ən böyük eksklüziv ticarət şousu təşkil edilib

Bakıda Hindistanın ən yaxşıları - ən böyük eksklüziv ticarət şousu təşkil edilib
# 06 mart 2020 20:24 (UTC +04:00)

ANM Exhibitions Pvt. Ltd. şirkəti 6-15 mart 2020-ci il tarixlərdə saat 11:00-dən 19:00-dək Bakı İdman Sarayında Millenial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası və Hindistanın Bakıdakı Səfirliyinin dəstəyi ilə Hindistanın ən yaxşıları - ən böyük eksklüziv ticarət şousunun 7-ci buraxılışını təşkil edir.

Hindistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, xarici ölkələrdə keçirilən bu silsilə ticarət şousu tədbirləri Hindistan sənayesinin müxtəlif sahələrə aid yüksək keyfiyyətli məhsullarını, xidmətlərini və texnologiyalarını davamlı surətdə bütün dünyaya təqdim edir.

Hindistanın ən yaxşıları- Eksklüziv Hindistan məhsulları sərgisində yüksək keyfiyyətli məhsul və xidmətləri, o cümlədən düyü, çay, ədviyyat, hədiyyə, əl işləri, ev mebeli, tekstil, geyim, zinət əşyaları, kosmetika məhsullarını nümayiş etdirən 60-a yaxın Hindistan şirkəti iştirak edir.

Tədbirdə əsas diqqət çəkən məqam isə Mahatma Qandinin anadan olmasının 150 illiyi ilə əlaqədar Hindistan Səfirliyi tərəfindən nümayiş olunan Xadi və kənd sənayesi məhsullarının sərgisidir. Muslin və ya mulmul olaraq da tanınan Xadi, hind sənətkarları tərəfindən əl ilə əyirilib toxunmaqla hazırlanan təbii lif parçadır. Pambıq, yun və ipək, eləcə də bu təbii liflərin birləşməsi olan Xadi Hindistan kəndlilərinin özünə inamının simvoludur.

Biznes və ticarətdən əlavə, tədbirdə Hindistanın zəngin mədəniyyət irsinin xalq rəqsləri vasitəsilə təmsil olunması Hindistanın ən yaxşıları təcrübəsinə əlavə dəyər qatır. Sərgiyə giriş ödənişsizdir.

Hindistanın ən yaxşıları şousunun rəsmi açılışı 6 Mart 2020-ci il tarixdə, saat 16-00-da Hindistanın Azərbaycandakı səfiri zati-aliləri cənab B. Vanlalvavna və Millenial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti, cənab Anil Triqunayat tərəfindən keçirilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri də tədbirdə iştirak etdilər.

Bundan əvvəl, ticarətin birgə təşviqi məqsədi ilə Millennial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (MIICCIA) ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası (Azerbaijan Respublikası TSP) arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum 5 Mart 2020-ci il tarixdə Azərbaycan Respublikası TSP-nın Bakıdakı ofisində Hindistanın Azərbaycandakı səfiri cənab B. Vanlalvavnanın iştirakı ilə MIICCIA-nın prezidenti cənab Anil Triqunayat və Azərbaycan Respublikası TSP-nın prezidenti cənab Niyaz Əli-zadə tərəfindən imzalanmışdır.

Hindistan və Azərbaycan tarixi əlaqələrə və inkişaf edən ikitərəfli əməkdaşlığa söykənən sıx dostluq əlaqələinə malikdir. Hindistanla Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 2019-cu ildə 1092 milyon ABŞ dollarına çatmışdır. Hindistan və Azərbaycan, azərbaycanlı peşəkar mütəxəssislər və tələbələr üçün tam ödənişli təlim proqramları təqdim edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində potensialın artırılması sahəsində də əməkdaşlığı davam etdirir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR