Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayıb - FOTOSESSİYA

Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayıb - FOTOSESSİYA
# 15 may 2019 10:21 (UTC +04:00)

Bu gün Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) açılıb.

ONA-nın məlumatına görə, sərginin açılışında Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Belarus baş nazirinin müavini İqor Lyaşenko çıxış edib.

İnam Kərimov deyib ki, sərgidə aqrar və qida sahəsində Azərbaycanın və müxtəlif ölkələrin şirkətləri təmsil olunur: “Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu il aqrar sahədə artım 3,6 faiz təşkil edib. İnnovasiyaların tətbiqi fermerlərin xərclərini azaldır, məhsuldarlığı artırır. Bu sərgi fermerlər üçün əlverişli mühit, aqrar sahədə ən mühüm yeniliklərlə tanış olmaq üçün şərait yaradır".

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan 2019” qida sənayesi üzrə avadanlıqların, müasir texnologiyaların, məhsul və xidmətlərin nümayiş olunduğu, qarşılıqlı əməkdaşlığın qurulduğu və biznes tərəfdaşları ilə mövcud əlaqələrin daha da möhkəmləndiyi, yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi özünü doğruldub: “Bu il Qida Təhlükəsizliyi Agentliyi ikinci dəfə sərgidə öz stendi ilə iştirak edəcək. Sərgidə Agentlik üçün ayrılmış ərazidə qida sahəsində həyata keçirilən innovativ yeniliklər, bu sahədə istifadə edilən ən müasir laborator avadanlıqlar sərgi iştirakçılarına təqdim edilir. Qida Təhlükəsizliyi Agentliyinə məxsus builki guşədə sərgi iştirakçıları müxtəlif qida məhsullarında təhlükəsizlik göstəricilərinin təyin edilməsini əyani şəkildə izləmək imkanı əldə edirlər. Eyni zamanda mütəxəssislər tərəfindən qida sahəsində böhran vəziyyətlərinin idarə edilməsinin, ixrac potensialı yüksək olan və daxili bazarda yoxlamalar zamanı ən çox saxtakarlığa məruz qalan məhsulların laborator müayinələrinin nümayişi həyata keçirilir. Bu il həmçinin sərginin Agentlik üçün ayrılmış çöl sahəsində iştirakçılara 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilir. Bu laboratoriya ölkədə heyvan və quş xəstəlikləri zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürələrək 2-3 saat ərzində xəstəliyin aşkarlanması potensialına malikdir”.

Q.Təhməzli deyib ki, sərgidə Səyyar Baytar Laboratoriyası da təqdim olunacaq: "Laboratoriya xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostik müayinəsi üçün zəruri avadanlıqlarla təchiz edilib. Bu səyyar laboratoriya vasitəsilə ölkənin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsi, xəstəliyin zamanında aşkarlanması mümkündür".

Qeyd edək ki, sərgi dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib.

Sərgi mayın 17-nə qədər davam edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR