Bakıda "Caspian Agro 2022" sərgisi keçiriləcək

Bakıda "Caspian Agro 2022" sərgisi keçiriləcək
# 09 fevral 2022 13:01 (UTC +04:00)

18-20 may tarixində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” sərgisi keçiriləcək. Sərgidə Azərbaycan, ABŞ, Gürcüstan, Hollandiya, İspaniya, İsrail, İtaliya, Rusiya, Türkiyə və Ukraynadan olan şirkətlər iştirak edəcək.

Bu barədə “APA-Economics”ə sərginin təşkilatçısı olan “Caspian Event Organisers” (CEO) şirkətindən bildirilib.

Qeyd olunub ki, kənd təsərrüfatının müxtəlif sahələrində innovasiyalar həmişə sərginin tərkib hissəsi olub və bu il də istisna deyil. “Caspian Agro 2022” yüksək texnologiyalara fokuslanaraq Ağıllı Kənd, Əşyaların İnterneti, Süni İntellekt, İT xidmətləri, Pilotsuz uçuş aparatları (Dronlar), eləcə də Robot kompleksləri kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Üç gün davam edəcək sərgi zamanı kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaq və sahibkarlar ilə sərgi iştirakçıları arasında işgüzar görüşlər keçiriləcək.

“Smart Agro” bölməsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq.

“Smart Agro” kənd təsərrüfatının gələcəyidir və “Caspian Agro 2022” sərgisi məhz bunu nümayiş etdirəcək.

“Caspian Agro 2022” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir. Sərgi, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR