Xəzər İnşaat Həftəsinə start verilib

Xəzər İnşaat Həftəsinə start verilib
# 18 oktyabr 2017 08:55 (UTC +04:00)

Bu gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir – XXIII Azərbaycan Beynəlxalq İnşaat "WorldBuild Baku 2017" sərgisi öz işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, beləliklə də Xəzər İnşaat Həftəsinə start verilib.

Sərgi 18-21 oktyabr tarixlərində keçiriləcək.

Müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri “WorldBuild Baku” sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.

“WorldBuild Baku” sərgisi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.

Bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər. “WorldBuild Baku 2017” sərgisinin qeydiyyat sponsoru “Corella” markasıdır (“NB Group” şirkəti).

Bu il “WorldBuild Baku” sərgisi iştirakçılar ilə yerli distribyutorlar arasında keçiriləcək “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək. Həmçinin sərgi çərçivəsində (Azərbaycan Memarlar İttifaqı ilə birlikdə) bir sıra peşəkar tədbirlərin keçirilməsi də planlaşdırılır.

“WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli kanallardan biridir. Bu baxımdan, 2017-ci il də istisna olmayacaq, belə ki, “WorldBuild Baku 2017” sərgisində fasad örtükləri, tikinti və üzlük materialları, qapı və pəncərələr, lak-boya məhsulları, inşaat kimyası və digər tikinti materiallarının bütün çeşidləri təqdim olunacaq.

Beləliklə, sərginin keçirildiyi 4 gün ərzində on minlərlə peşəkar tikinti sənayesi üzrə innovasiyalar ilə tanış olmaqla yanaşı, aparıcı istehsalçı və distributorlar ilə əlaqə yaratmaq və ən yeni texnologiyaları Azərbaycanın sürətlə inkişaf edən tikinti sənayesinə tətbiq etmək üçün unikal imkan əldə edəcəklər.

Bu gün həmçinin X Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2017” sərgisinə start verilib. Keçirildiyi illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”) üzrə peşəkarların görüşü, yeni tərəfdaş axtarışı və sərfəli müqavilələrin bağlanması, eləcə də həm Xəzər, həm də Qafqaz regionlarının bazarlarında biznesin inkişaf etdirilməsi üçün mükəmməl platforma kimi doğruldub. Sərgi hər il minlərlə insan tərəfindən ziyarət olunur (ötən il ziyarətçilərin sayı 8085 nəfər təşkil etmiş, 93% bu sahənin peşəkarları təşkil edib, 67% isə yeni işgüzar əlaqələr qurublar).

Builki sərgi Azərbaycandan, Çindən, Fransadan, İrandan, İtaliyadan, Küveytdən, Türkiyədən və digər ölkələrdən şirkətləri bir araya gətirəcək. Hal-hazırda sərgi iştirakçılarının siyahısında: Euroclima, Yusiko, BestTechniK, Azertexnolayn, Alarko Carrier Sanayi ve Ticaret, Egeplast Ege Plastik, Turan Makinе, Termo ISI, Polimart, Ultratek, Sumqayıt Texnologiyalar Parkı (STP), Kaskad – Hidro, Yetsan Pazarlama Isi Sistemleri və digərləri yer alıb. Bu il sərginin daimi iştirakçıları arasında “Sabkond” (Azərbaycan), “Termoklimat” (Azərbaycan), “AquaLink” (Azərbaycan), “New Cond” (Azərbaycan), “Crocus Trading” (Azərbaycan), “Frisquet” (Fransa), “Daboo Sanat” (İran), “Rubinetteria Paffoni” (İtalia), “Coolex” (Küveyt) və s. yeni şirkətlər də yer alır.

“Aquatherm Baku 2017” sərgisində ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar, boru armaturları, istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları və bir çox digər məhsul təqdim olunacaq.

Sərgidə müxtəlif istehsalçıların həm məişət, həm də sənaye təyinatlı kondisionerləri nümayiş etdiriləcək. Builki sərginin yenilikləri arasında isə qapalı sahələrdə mikroiqlimin (məsafədən) idarə edilməsi üzrə İT texnologiyalarını qeyd etmək olar. Sərgidə iştirak edən brendlər arasında “Arcelik”, “Alarko”, “Ecostar”, “Immergas”, “Mitsubishi” və “Sime” kimi özünü doğrultmuş ticarət markaları var.

“Aquatherm Baku 2017” sərgisini zəngin işgüzar proqram da müşayiət edir, belə ki, bu il təşkilatçılar sərgi çərçivəsində ilk dəfə olaraq iştirakçılar və yerli distributorlar arasında “B2B” formatlı görüşlərin təşkilini planlaşdırırlar. Bu görüşlərdə şəhərdə sosial binaların tikintisinə cəlb olunmuş şirkətlər də iştirak edəcək.

Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən rəsmi olaraq dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” və həmçinin onun tərəfdaşları “EUF” (Türkiyə), “Caspian Event Management FZ LLC” (BƏƏ), “ITE China” (Çin) şirkətləri çıxış edir. “ITE Group” şirkətinin tərəfdaşları beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgilərdə fəal sürətdə iştirak etməyə cəlb edirlər.

Bundan başqa, 18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan X Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian 2017” sərgisi keçiriləcək. Bu işgüzar fəaliyyət meydançasında tədbir iştirakçıları biznesin gələcək inkişafı naminə sahə mütəxəssisləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaq üçün unikal imkan əldə edirlər. Sərgi həm də bu sahənin inkişafı və mühüm strateji razılaşmaların əldə olunması üçün lazımı şərait yaradır.

Sərgiyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən rəsmi dəstək göstərilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Bu il “Securika Caspian 2017” sərgisinin iştirakçıları, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrin nümayəndələri təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə kameraları, qəza-xilasetmə texnikası, smart kartlar, girişə nəzarət sistemi, yanğın və mühafizə siqnalizasiyaları, texniki yanğın kameraları, yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar və bir sıra digər məhsullar təqdim olunacaq.

Sərginin işgüzar proqramı çərçivəsində sözü gedən sənaye sahəsinin peşəkarları üçün ikitərəfli biznes görüşlərinin keçirilməsi planlaşdırılır. “Securika Caspian 2017” regionda təhlükəsizlik üzrə yeganə beynəlxalq ixtisaslaşdırılmış sərgidir.

“WorldBuild Baku” və “Aquatherm Baku” sərgiləri ilə eyni meydançada keçirilən “Securika Caspian 2017” sərgisi “Xəzər İnşaat Həftəsi”-nin tərkib hissəsidir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR