Rusiya-Qərb qarşıdurmasında yeni mərhələ: Separatçı rejimlərin tanınması – TƏHLiL

Rusiya-Qərb qarşıdurmasında yeni mərhələ: Separatçı rejimlərin tanınması – <font color=red>TƏHLiL</font>
# 25 avqust 2008 13:52 (UTC +04:00)
Bakı. Vüqar Məsimoğlu-APA. Rusiya Qərblə münasibətlərdə ehtiyatda saxladığı “kozır”lardan birini xərclədi – Federasiya Şurası və Dövlət Duması bu gün Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin müstəqil dövlət kimi tanınması xahiş ilə prezident Dmitri Medvedevə müraciət qəbul edib. Rusiyanın atdığı bu addım regionda gərginliyin hələ uzun müddət davam edəcəyini və sürətlə beynəlxalq arenaya transformasiya olunacağını göstərir.

Separatçı rejimlərin tanınması Kremlin Kosovo insidenti ilə bağlı Qərbə çoxdan gözlənilən cavabıdır. Qərb dövlətləri Kosovonun müstəqilliyini tanımaq üçün sıraya düzülən zaman Moskva cavab addımı olaraq digər separatçı rejimləri tanıyacağını bəyan etmişdi. Kremlin o zaman Kosovo insidentinə dərhal cavab verməməsi Avropada raket hücumundan müdafiə sisteminin quraşdırılması ilə bağlı Rusiya-ABŞ dialoqunun davam etməsi ilə əlaqədar idi. Dialoqun nə ilə nəticələndiyi artıq məlumdur. ABŞ bir neçə gün əvvəl Polşa ilə bu ölkə ərazisində raket hücumundan müdafiə sisteminin yerləşdirilməsinə dair saziş imzalayıb və bu addımı ilə a) Rusiya ilə dialoqun başa çatmasını rəsmiləşdirib, b) Rusiyanın separatçı rejimləri tanıması prosesini sürətləndirmiş olub.

Qərb dünyası artıq Rusiya ilə münasibətlərdə ata biləcəyi addımları müxtəlif formalarda açıqlayıb. Buraya Rusiyanın “Böyük səkkizlik”dən xaric edilməsi, bu ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə veto qoyulması, 2014-cü il Qış Olimpiya Oyunlarının Soçidə keçirilməsi qərarını ləğv etməklə Rusiyanı külli-miqdarda gəlirdən məhrum etmək kimi addımlar daxildir. Supergüclər arasında başlanan yeni “soyuq müharibə”də Rusiyanın cavab addımları separatçı rejimlərin tanınması ilə yekunlaşacaqmı? Rusiyanın da beynəlxalq aləmdə vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq ehtiyat variantları kifayət qədərdir. Bu sıraya

a) antiamerikan əhval-ruhiyyəsi yüksək olan bölgələrdə, ilk növbədə Yaxın Şərqdə uzaqmənzilli raket komplekslərinin yerləşdirilməsi (Suriya artıq öz ərazisində “İsgəndər” raketlərinin yerləşdirilməsinə razılıq verib),
b) İran və Şimali Koreyanın nüvə proqramlarının inkişafına yardım etmək,
c) BMT Təhlükəsizlik Şurasında Qərbin maraqlarına cavab verən qətnamə layihələrinə veto qoymaq,
d) ABŞ-ın postsovet məkanındakı müttəfiqlərinin ərazilərində vəziyyəti gərginləşdirmək (ilk növbədə GUAM ərazisində) daxildir.

Bununla belə təbii ki, bu qarşıdurmada Rusiyanın əlində ən güclü silah “Qazprom”dur. Avropanın enerji təminatında böyük rol oynayan Rusiya bu ölkələrə təzyiq etmək və dünyanın enerji bazarında gərginlik yaratmaq imkanına malikdir. Qitənin qaz inhisarçısına çevrilməsi Rusiya üçün əlavə imkanlar yaradır. Kreml mavi yanacağın satış qiymətləri ilə manipulyasiya etmək, ən müxtəlif bəhanələrlə Avropa ölkələrinə qaz nəqlini dayandırmaq imkanına, bir sözlə enerji bazarında böhran yaratmaq, Avropa İttifaqı ölkələrində iqtisadi böhranı gücləndirmək imkanından istənilən an yararlana bilər. NATO Xarici İşlər Nazirləri Şurasının son toplantısında bəzi Avropa ölkələrinin Rusiyanı təcrid siyasətinə qarşı çıxması, son nəticədə sırf ABŞ-ın maraqlarına cavab verən yekun bəyannamənin qəbuluna imkan verməməsi də bu qorxu ilə əlaqədardır.

Göründüyü kimi, Qərb və Rusiya bütün dünyada sabitliyi, mövcud qüvvələr balansını poza biləcək ehtiyat təzyiq variantlarına sahibdir. Tərəflər hələlik malik olduqları “kozırlar”dan ikisini masa üstünə atıblar – ABŞ Kosovonun müstəqilliyinin tanınmasına nail olub və Polşa ərazisində raket hücumundan müdafiə sisteminin yerləşdirilməsini rəsmiləşdirib, Rusiya isə Gürcüstan ərazisinə qoşun yeridib və bu ölkədəki separatçı rejimlərin müstəqilliyini tanımağa hazırlaşır. Beynəlxalq aləmdə, ilk növbədə isə regionda gərginliyin nə dərəcədə artması tərəflərin bundan sonra hansı təzyiq və qarşıdurma üsullarına əl atmasından asılı olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR