Helsinki toplantısı: Qərb-Rusiya qarşıdurmasının Dağlıq Qarabağ münaqişəsinə ilk aşkar neqativ təsiri - TƏHLİL

Helsinki toplantısı: Qərb-Rusiya qarşıdurmasının Dağlıq Qarabağ münaqişəsinə ilk aşkar neqativ təsiri - <font color=red>TƏHLİL</font>
# 10 dekabr 2008 10:14 (UTC +04:00)
Qərb-Rusiya qarşıdurmasının ATƏT müstəvisində davam etməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində danışıqların mahiyyətinin bir qədər də açılması Helsinki toplantısının ən yadda qalan məqamları sayıla bilər.

Helsinki toplantısı Qərblə Rusiya arasında gərgin münasibətlərin beynəlxalq təşkilatların fəaliyyətinə də ciddi təsir göstərdiyini ortaya qoydu. Gürcüstana münasibətdə atdığı addımlara görə ciddi tənqid olunan Rusiya buna cavab olaraq siyasi təsir imkanlarının hələ də tükənmədiyini göstərdi. ATƏT rəhbərliyini Gürcüstanda baş verən avqust hadisələrinin təşkilatçısı olmaqda ittiham edən Rusiya qurumun fəaliyyəti ilə bağlı təhqiqat aparılmasını şərt kimi irəli sürməklə yeni presedent yaratmış oldu. ATƏT Xarici İşlər Nazirləri Şurasının heç bir ciddi sənəd qəbul olunmadan başa çatması Rusiyanın əzələ nümayiş etdirməsi, Qərbə qarşı təkcə hərbi-təhlükəsizlik və iqtisadi sferada deyil, siyasi arenada da layiqli müqavimət göstərəcəyini elan etməsi idi.

Siyasi bəyannamənin, postsovet məkanında münaqişələrə dair regional deklarasiyaların qəbulunda maraqlı olan tərəflər, ilk növbədə isə Gürcüstan rəsmi Moskvanı destruktiv fəaliyyətdə ittiham etsə də, nəticə birdir - Helsinki toplantısı Qərbin deyil, Rusiyanın maraqlarına cavab verən formada başa çatdı. Bu, həm də Rusiyanın Gürcüstandakı avqust hadisələrindən sonra beynəlxalq təşkilatlar müstəvisində Qərb üzərində ikinci nominal qələbəsi idi. İlk belə nominal qələbə BMT Təhlükəsizlik Şurasında qazanılmışdı və Rusiyanın öz veto hüququndan istifadə etməsi ABŞ-ın maraqlarına cavab verən bir çox önəmli qətnamələrin qəbul olunmaması ilə nəticələnmişdi. Rusiyanın BMT-dən sonra ATƏT müstəvisində də əzələ nümayiş etdirməsi günümüzün bir gerçəkliyini ortaya qoyub:

– Qərb-Rusiya münasibətlərində gərginlik davam etdikcə, beynəlxalq təşkilatların effektiv fəaliyyəti mümkün olmayacaq. Bu, həm də beynəlxalq münasibətlər sistemində böhranın dərinləşməsi anlamına gəlir. Bir çox müxtəlif mahiyyətli (siyasi, iqtisadi, təhlükəsizlik, qlobal) problemlərin həllinin beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirildiyini nəzərə alsaq, o zaman bu siyasi böhranın nəticələri ümumdünya maliyyə böhranının nəticələrindən heç də az olmayacaq.

ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki toplantısı təkcə Qərb-Rusiya qarşıdurmasının siyasi böhran səviyyəsinədək inkişafı ilə yadda qalmadı. Bu toplantının mühüm məqamlarından biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair maraqlı tərəflərin mövqelərinə bir daha aydınlıq gətirilməsi idi. Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın “söz dueli” rəsmi İrəvanın münaqişənin ərazi bütövlüyü prinsipinə qarşı çıxdığını bir daha təsdiqlədi. Digər tərəfdən Azərbaycan nümayəndə heyətinin toplantıda yaydığı “Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında münaqişənin sülh yolu ilə nizamlanmasına dair prinsiplər” adlı yazılı sənəd rəsmi Bakının münaqişənin nizamlanması prosesində əsaslandığı prinsiplərə aydınlıq gətirdi. Danışıqlar prosesində son hədəf olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunun hüquqi əsas və modellərinin müəyyənləşdirilməsi rəsmi Bakının hansı nöqtəyədək güzəştə gedə biləcəyini bir daha göstərmiş oldu.

Bu sənədin digər bir əhəmiyyəti daxili siyasətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı manipulyasiyalara son qoyulmasıdır. Açıqlanan sənəd danışıqlar prosesində Azərbaycanın maraqlarına zidd hər hansı bir siyasi xətt aparılmadığını təsdiqləyir. Nəzərə alsaq ki, danışıqlar prosesində ölkənin maraqlarının güzəştə gedilməsinə dair fikirlər əsasən dolayı yolla ATƏT Minsk Qrupunun həmsədrləri tərəfindən formalaşdırılır (həmsədrlərin İrəvanda verdiyi istənilən açıqlamada bu məqsəd aşkar şəkildə hiss olunur), o zaman açıqlanan sənəd həm də vasitəçilərin mövqeyinin nə dərəcədə Azərbaycanın maraqlarına uyğun olduğuna aydınlıq gətirmiş olur. Bu istiqamətdə görüləcək mühüm işlərdən biri sözsüz ki, ATƏT Xarici İşlər Nazirləri Şurasında yayımlanan yazılı sənədin həm də ölkə daxilində ictimai rəyin formalaşdırılması üçün istifadə edilməsidir.

ATƏT Xarici İşlər Nazirlərinin Helsinki toplantısının nəticələri belə bir sual doğurur: “Qərb-Rusiya münasibətlərində gərginliyin artması, beynəlxalq arenada mövcud siyasi böhran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə necə təsir göstərəcək?” Hər halda bu təsirin pozitiv olacağını düşünmək belə yersizdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ və Rusiya bərabərhüquqlu vasitəçi qismində iştirak edirlər, digər tərəfdən bu münaqişə hər iki ölkənin maraq dairəsinə daxil olan bölgədə yerləşir. Rusiyanın Helsinki toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair regional deklarasiya qəbuluna imkan verməməsi artıq nizamlanma prosesinə ilk neqativ təsirdir. Fövqəlgüclər arasında qarşıdurmanın münaqişənin nizamlanma prosesinə daha pis formada təsir etməməsi Azərbaycanın xarici siyasət kursunun daha da balanslaşdırılmasından asılı olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR