Müsəlman qardaşlığı və İsraillə müttəfiqlik arasında - TƏHLİL

Müsəlman qardaşlığı və İsraillə müttəfiqlik arasında - <font color=red>TƏHLİL</font>
# 05 yanvar 2009 15:22 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. İsrailin Fələstin torpaqlarını növbəti dəfə bombalayıb o torpaqların üzərindən növbəti dəfə tanklarla keçməsi Türkiyəni növbəti dəfə hiddətləndirdi. Bir həftə əvvəl növbəti bombardman başlayanda baş nazir Ərdoğan növbəti dəfə dedi ki, bu, Türkiyəyə qarşı hörmətsizlikdir. O, bombardmandan bir neçə gün əvvəl Anakaraya gələn İsrailin baş naziri Ehud Olmertin hava hücumu olmayacağına dair növbəti dəfə Ankaraya söz verdiyinə eyham vururdu. R. T. Ərdoğandan sonra ekran qarşısına keçən İsrailin Ankaradakı səfiri isə ölkəsinin hökumət başçısının Türkiyədəki həmkarına hərbi əməliyyatdan başqa alternativ qalmadığına dair ip ucu verdiyini açıqladı. Misirdən gələn xəbər də xarici işlər naziri Tsipi Livninin Qahirəyə bombardman olmayacağına dair növbəti dəfə təminat verdiyinə, ancaq İsrailin növbəti dəfə öz sözünün üstində durmadığına işarə edirdi. 3 il əvvəl də İstanbulun Çağlayan meydanında Fələstin torpaqlarındakı növbəti İsrail hərbi əməliyyatına qarşı Ərbakanın Səadət Partiyası növbəti dəfə etiraz mitinqi keçirmiş, on münlərlə insan Tel-Əvivə növbəti dəfə “ciddi xəbərdarlıq” etmişdi. Bazar günü Səadət Partiyasının müraciəti ilə on minlərlə insan növbəti dəfə Çağlayan meydanına toplaşaraq İsrailə etirazını bildirdi. Keçən ilin son, yeni ilin ilk günlərini Suriya, Misir, İordaniya və Səudiyyə Ərəbistanında keçirən baş nazir Ərdoğan Fələstində yaşananları növbəti dəfə “bəşəriyyətin faciəsi” adlandırdı. 2005-ci ilin axırında (təxminən 3 il əvvəl) komaya girən İsrailin keçmiş baş naziri Ariel Şarondan növbəti dəfə xəbər alınmadı....

Regional problemlərin həllində vasitəçilik missiyasını öz üzərinə götürən Ankara HAMAS-ın 2006-cı ilin əvvəlində Fələstindəki seçkidə 65% səs almasından sonra təşkilatın Suriyada yaşayan lideri Xalid Məşəli gizli şəkildə Ankaraya dəvət etmiş, Qərbdə kəskin reaksiya doğuran bu addımın “günahı” baş nazirin xarici məsələlər üzrə baş müşaviri Əhməd Davudoğlunun üstünə atılmışdı. Keçən ilin iyununda baş nazir Ərdoğan və Fransa prezidenti Sarkozinin iştirakı ilə Dəməşqdə keçirilən regional zirvə toplantısında İsrail ilə Suriya və HAMAS arasında 6 aylıq atəşkəs imzalanmasına nail olunmuşdu. Dəməşq anlaşması siyasi müşahidəçilər tərəfindən Türkiyənin regionda artan gücünün konkret göstəricisi kimi xarakterizə edilmişdi. Görünür, buna güvənən Ankara Ehud Olmertin iki həftə əvvəlki eyhamını ciddiyə almamış və baş nazir Ərdoğan Qəzzadakı ilk hava bombardmanını “Türkiyəyə sayğısızlıq” şəklində dəyərləndirmişdi. Bazar günü İstanbuldakı etiraz mitinqinin davam etdiyi saatlarda Antalyada çıxış edən R. T. Ərdoğan “Fələstin xalqına edilən zülmün Haqq tərəfindən cəzasız buraxılmayacağı” barədə xəbərdarlıq edirdi. Yaranmış vəziyyət “Müsəlman qardaşlığı ilə İsraillə müttəfiqlik” arasında qalan Türkiyənin nə dərəcədə təsirli ola biləcəyinə dair sualı yenə və yenidən gündəmə gətirdi. İsrailin bu dəfə 2006-cı ildəki seçkidə 65% səs alaraq legitim hakimiyyət olduğunu iddia edən HAMAS-ı”hədəf alması açıq-aşkardır. Hətta işin HAMAS məsələsi olmaqdan çıxaraq bu təşkilatı ciddi şəkildə dəstəkləyən İran və Suriya ilə qarşı-qarşıya gəlmə məsələsi olduğunu görmək üçün də Allahın hamıya verdiyi bir cüt göz kifayət edir.

İllərdən bəri davam edən Fələstin problemində artıq təsir gücünü və etibarını itirən Misir və Səudiyyə Ərəbistanının ortalıqda görünmədiyi bir vaxtda Türkiyə bu işdə marağı olan bütün tərəflər üzərində öz təsirini göstərə biləcəkmi? Orta Şərqi yaxşı bilən ekspertlərlə söhbət edəndə müxtəlif variantlar ortaya çıxır. Bəzi siyasi analitiklərin fikrincə, Türkiyə indiki mərhələdə İsraillə yalnız xarici işlər naziri Tsipi Livninin planı çərçivəsində əməkdaşlıq edə bilər. İqtidara namizəd olan Benyamin Netanyahu və Ehud Barakın planlarında Türkiyəyə yer görünmür. Digər müşahidəçilər isə deyir ki, Türkiyə məsələyə sadəcə, İsrail hərbi əməliyyatları və Fələstin faciəsi nöqteyi-nəzərindən baxmamalı, AKP iqtidarı yaxın münsaibətlər yaratdığı Tehran, Dəməşq və HAMAS üzərindəki nüfuzundan istifadə edərək, məsələn, Əhmedinejatı İsraili xəritədən silməklə təhdid edən açıqlamalar verməkdən çəkindirməli, Bəşər Əsədi İsrailə “əba altından zopa göstərmək” siyasətindən vaz keçməyə razı salmalı, HAMAS-ı isə hakim olduğu torpaqlarda İran və Suriya patentli siyasət yeritməkdən vaz keçirməyə çağırmalıdır. Orta Şərqi yaxşı bilən suriyalı dostum Hüsnü Mahallı bildirir ki, R. T. Ərdoğanın keçən ilin sonunu, bu ilin əvvəlini Orta Şərqdə keçirməsi heç nəyi dəyişdirməyəcək. Onun fikrincə, münaqişənin indiki mərhələsinə İsrailin gizli dəvəti ilə girən Ankara regionda öz çəkisini azaltmaqdan başqa heç nə etmir. Çünki İsrail 65% səs alaraq iqtidara gələn HAMAS-ın haqlarına hörmət etmədiyi müddətcə bölgədəki münaqişənin davam etməsi qaçılmazdır. Türkiyənin bölgədəki roluna İsrailin son hərbi əməliyyatları kontekstində baxan siyasi şərhçilər isə istər Tel-Əvivlə ikitərəfli münasibətlər, istərsə də ABŞ-dakı yəhudi lobbiləri ilə yaxın əlaqələrə görə əməliyyatları dayandırmaq üçün Ankaranın bundan o tərəfə gedə bilməyəcəyini vurğulayırlar. Haqlıdırlar. Çünki okeanın o tayına hər səfərdə prezident, hökumət başçısı, xarici işlər naziri və türk dövlətinin bir çox başqa səlahiyyətli nümayəndəsinin oradakı yəhudi lobbi təşkilatları ilə görüşməsi ənənə halını alıb. 2006-cı ilin avqustunda İsrail Livanı az qala yer üzündən siləndə də baş nazir Ərdoğanın verdiyi reaksiya təxminən bugünkü kimi idi. 2004-cü ildə Ariel Şaronun “nöqtə” əməliyyatlarını soyqırım adlandırdığına görə R. T. Ərdoğanın Tel-Əviv vizası almasının nə qədər ciddi-cəhdlər bahasına mümkün olduğunu xatırlayıram. Hələ bir də Beynəlxalq Valyuta Fondundan bir neçə aydır istənilən 25 milyard dollarlıq yeni kredit və yarım trilyon dollarlıq borc buraya əlavə ediləndə Ankaranın Orta Şərqdəki son proseslərə müdaxilə gücü əməlli-başlı zəifləyir. Siyasi partiyalar, QHT-lər, dərnəklər yenə də ərəb cəmiyyətlərindən daha sərt reaksiya göstərəcək. Ancaq bu reaksiyanın İsrailə qarşı rəsmi dövlət siyasətinə çevrilməsini heç kim gözləməməlidir. Çünki hər iki ölkənin bir-birinə qarşı hərbi öhdəliklərini necə yerinə yetirdikləri məlumdur. Baş nazir Ərdoğanın 4 Orta Şərq ölkəsinə səyahətdən sonrakı açıqlamasının “dini-fəlsəfi-mənəvi” aksenti də bunu bir daha təsdiqləyir. İşin maraqlı tərəflərindən biri də elə budur – dövlətin yaxın əməkdaşlıq şəraitində olduğu bir ölkəyə qarşı aksiyaya yüz minlərlə adamın çıxması, fasiləsiz etirazlar, ərəb dünyası ilə müqayisə edilməyəcək dərəcədə Fələstinə dəstək kampaniyaları. Türkiyənin önəmini buralarda da axtarmağa dəyər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR