Kanadada yaşayan fırıldaqçı və Türkiyənin hüquq sistemi - TƏHLİL

Kanadada yaşayan fırıldaqçı və Türkiyənin hüquq sistemi - <font color=red>TƏHLİL </font>
# 19 yanvar 2009 11:02 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. “Ergenekon” əməliyyatı başlayandan bəri hüququn üstünlüyü prinsipinin tapdanmasına qarşı çıxaraq dedik ki, AKP hökuməti Türkiyənin müstəqil hüquq qurumlarını abırdan salmaq üçün əlindən gələni edir. Konstitusiya Məhkəməsi AKP-nin qapadılması məsələsini gündəmində tutanda Türkiyənin küçələri Rəcəb Tayyib Ərdoğanın bu sözləri ilə bəzənmişdi: “Qaranlıqlar üstümüzə gələndə hər dəfə Günəşin yenidən doğmasına şahid olduq”. Türkiyənin 60-cı hökumətinin başçısı “qaranlıq” deyəndə Ali Məhkəmənin baş prokurorunu, “Günəş” deyəndə isə əlbəttə ki, özünü nəzərdə tuturdu. Həmin vaxt əlahəzrət Mövlüd Çavuşoğlu Konstitusiya Məhkəməsinin qərarı ərəfəsində Avropa Şurası Parlament Assambleyasında öz ölkəsinin ən ali məhkəmə orqanını təzyiq altına almaq niyyəti daşıyan bəyanat qəbul etdirmişdi.

“Ergenekon” işinin məhkəməyə 2500 səhifəlik ittihamnamə ilə təqdim edilməsi Türkiyənin hüquq sisteminə endirilən bir zərbə idi. Ey hüquqdan anlayanlar, siz deyin, bu necə işdir?! Hakimiyyətdəki partiyanın bağlanmasını, prezident, baş nazir, keçmiş parlament sədri də daxil olmaqla, 71 siyasətçiyə yasaq istəyən baş prokurorun ittihamnaməsi cəmi 162 səhifə olur, 78 nəfəri “terror təşkilatı quraraq dövlət çevrilişinə cəhd”də suçlayan “Ergenekon” ittihamnaməsi isə 2500 səhifə! 1 iyuldan sonra tutulan ordu generalları da daxil olmaqla, xeyli adam yeni ittihamnaməni gözləyir. Onların ittihamnaməsi də bu qədər şişkin olacaqmı əcaba? 7 yanvardakı son əməliyyat dalğasında yenə iki istefada olan ordu generalı nəzarətə alınmışdı, amma sərbəst buraxıldılar. Ali Məhkəmənin fəxri baş prokuroru Sabih Kanadoğlunun kirayə qaldığı evdə günün günorta çağı axtarış aparılsa da, onu həbs etmədilər. Polis Ali Təhsil Qurumunun keçmiş sədri, qatı cümhuriyyətçi və atatürkçü professor Kamal Gürüzün başından basaraq maşına mindirəndə sosiologiya professoru olan daxili işlər naziri Bəşir Atalayın bu mənzərəni soyuqqanlılıqla TV-dən izlədiyi söylənilir. Deyirlər ki, 2000-ci ildə “dini fəaliyyətlərə göz yumduğuna görə” Kırıkkale Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırılan professor B. Atalay bunu Gürüz və prezident Sezərdən görübmüş. İndi intiqam vaxtı gəlib. Professor Yalçın Kiçiyin evində axtarış aparıldığı xəbəri gələndə məni gülmək tutmuşdu. Bu adamın gizli heç nəyi olmadığını dünya-aləm bilmir? Ağlından keçən hər şeyi o anda TV-lərdə komik aktyor ədası ilə deklamasiya edən, qəzetlərdə yazan, az qala hər ay 1000 səhifəlik kitabı çıxan yeriyən ensiklopediya Yalçın Kiçiklə hansi müstəntiq danışıb onun ifadəsini ala biləcəkdi? Allah sizi inandırsın, bu sətirləri də təbəssümlə yazdım. Dodağım bir də Tuncay Güney adlı bir “şər ensiklopediyası”nın polisə 2001-ci ildə verdiyi ifadəni TV-dən dinləyərkən qaçdı. Tuncay Güneyin fantastik roman süjetlərini də geridə qoyan ifadələri məmləkətimizin keçmiş maliyyə nazirinin 2005-ci ildə verdiyi “çevriliş xəbəri”ni xatırlatdı bir az. Bir də Türkiyənin Van şəhər Prokurorluğunun müstəntiqi Fərhad Sarıkayanın 2005-ci ildə hazırladığı ittihamnaməni. Oradakı fantaziyanın gücü Fərhad Sarıkayanın prokurorluq orqanlarından xaric edilməsinə səbəb olmuşdu. Fətullah Gülən icmasına yaxın olduğu söylənilən F. Sarıkayanın indi Avropada dolaşdığına dair xəbərlər gəlir. Tuncay Güneyin ifadəsini dinləyənlər isə dünyanın bütün kəşfiyyat bilgilərinin o vaxt 29 yaşında olan bu adamın əlində cəmləşdiyini düşünə bilər. “Ergenekon” prosesinə cəlb edilən şübhəli şəxslərin vəkilləri T. Güneyin kasetə alınan ifadələrində Fətullah Gülənlə bağlı yerlərin kəsildiyini iddia edirlər. Hazırda Kanadadakı bir sinaqoqda fəaliyyət göstərən “möcüzəvi adam” T. Güneyin sözləri 2001-ci ildə ondan bu ifadəni alan yüksək rütbəli polis məmurunu da inandırmayıb ki, prokurora yazı göndərən həmin polis məmuru bu ifadədəki iddiaların çoxunun yalan olduğunu və onların əsasında heç bir cinayət işinin başladıla bilməyəcəyini vurğulayıb. İqtidar mediasının bir neçə muşketyorundan başqa Allah-Təalanın hər ciddi qulu bu fırıldaqçının sözlərinə etibar edilməməsinin lüzumunu vurğulayır. Ancaq ictimai TV olan TRT-nin 2-ci kanalı T. Güneyi canlı yayına çıxararaq öz bitərəfliyini tamamilə itirdi. Hüquq dairələrinin və medianın böyük qisminin etimad etmədiyi T. Güneyin ifadələri “Ergenekon” adı verilən əməliyyatın 2500 səhifəlik (hələlik) ittihamnaməsinin təməlini təşkil edibsə, bu, Türkiyənin ciddiyyəti və müstəqilliyi ilə seçilən hüquq sisteminin qeyri-ciddi duruma sürükləndiyini göstərən önəmli bir nöqsandır.

Səhifələrinin çoxunu telefon danışıqları və qəzet xəbərləri bəzəyən ittihamnamə Türkiyədə insanların psixoloji vəziyyətinə önəmli dərəcədə təsir edib. Artıq bir çox insan həyat yoldaşı və ya sevgilisi ilə də telefonda sərbəst danışa bilmir. Türkiyənin hüquq orqanlarında qarşılaşılan bəzi hallar insanı mat-məəttəl qoyur. Məsələn, istefada olan general-mayor Vəli Kiçiyin polisə verdiyi ifadə daha sonra Kanadaya - Tuncay Güneyə göndərilib. “Ergenekon”la bağlı kitabın müəllifi Sayğı Öztürk yazır ki, T. Güney general V. Kiçiyin ifadələrini 3 aprel 2008-ci ildə elektron poçt vasitəsilə Kanadadan ona göndərib. Elə isə V. Kiçiyin ifadələri polisdə, prokurorda və vəkilində vardı. Vəkili isə general Kiçiyin doğma qızıdır. Prokurorluq ittihamnaməsi hazırlanmadan hər hansı şübhəli şəxsin ifadəsinin başqa ölkəyə göndərilməsinin altında yatan niyyət bir yana, bu hadisənin özü çox böyük bir hüquq skandalıdır. Bu olay “Ergenekon” prosesi ilə bağlı ictimaiyyət arasında şübhəni daha da gücləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR