Türkiyə diplomatiyası susur - TƏHLİL

Türkiyə diplomatiyası susur - <font color=red>TƏHLİL</font>
# 18 fevral 2009 15:55 (UTC +04:00)
Bakı - APA. Son günlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Ankaranın mövqeyi ölkə mediasında geniş müzakirələrə səbəb olan mövzulardan biridir. “Azadlıq” radiosunun Ermənistan xidmətinin Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağla bağlı şərtdən imtina etdiyi barədə məlumatı sözün əsl mənasında çaşqınlıq yaradıb. Türkiyə diplomatiyası isə susur. Türkiyənin Xarici İşlər Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyi heç bir halda “Türkiyə Ermənistanla danışıqlarda Dağlıq Qarabağ şərtindən imtina etdimi, etmədimi?” sualına cavab vermir.

Məsələnin mahiyyətini aydın təsəvvür etmək üçün hadisələrin və açıqlamaların xronologiyasına diqqət yetirmək vacibdir. Fevralın 12-də APA “turkgundem.net” saytına istinadən “Azadlıq” radiosunun Ermənistan xidmətinin Ermənistan-Türkiyə danışıqlarında iştirak edən şəxslərdən birinin Ankaranın İrəvanla rəsmi münasibətlər qurmaq və sərhədləri açmaq üçün əvvəl irəli sürdüyü şərtlərdən olan işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi tələbindən imtina etdiyini qeyd edib. Radionun iddiasına görə, hazırda Türkiyə hökumətinin yeganə şərti 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasıdır.

Əslində, belə informasiyaların yayılmasının müəyyən əsasları var idi. Son ayların hadisələrinə diqqət yetirsək, Cənubi Qafqazın geosiyasi arenasında Türkiyənin son dərəcə aktivləşdiyi diqqətdən yayınmamalıdır. Gürcüstan-Rusiya qarşıdurması ABŞ və Rusiyanın Cənubi Qafqazda həyata keçirdikləri siyasəti açıq şəkildə ifşa etdi. Vaşinqtonun bütün məsələlərə öz maraqları prizmasından yanaşması, Moskvanın isə buna sərt və Gürcüstana münasibətdə qeyri-adekvat güc tətbiqi ilə nəticələnən müqaviməti iki supergücə bəslənən ümidlərə şübhə yaratdı. Belə bir vəziyyətdə Türkiyənin təşəbbüsü ələ almaq və Cənubi Qafqazda nizamlayıcı rıçaqlara sahib olmaq cəhdləri başa düşülən idi. Qafqazda Sabitlik Paktı layihəsinin irəli sürülməsi, Moskva, İrəvan və Bakıya çoxsaylı səfərlər Türkiyə rəsmilərinin bu məsələdə ciddi olduğunu göstərirdi.

Lakin o da dəqiqdir ki, Ankaranın Cənubi Qafqazda təşəbbüsü ələ almaq cəhdləri Türkiyənin Avropa Birliyinə inteqrasiya siyasətindən və bu ölkənin daxilində baş verən hadisələrdən ayrılıqda götürülə bilməz. Avropa Birliyinin Türkiyə qarşısında şərtlər qoyduğu və bu şərtlərdən birinin Ermənistanla münasibətləri normallaşdırmaq olduğu açıq görünür. “Həpimiz Hrant Dinkik!”, “Ermənilərdən üzr istəyək” kampaniyalarının da bu məsələ ilə bağlılığı şübhəsizdir. Nəticə etibarilə, bu hadisələr son bir neçə ayda Türkiyənin Ermənistana münasibətində yumşalmanı izah edir. Abdulla Gülün Ermənistana, Sarkisyanın Türkiyəyə səfərləri, bundan əlavə, rəsmilər səviyyəsində çoxsaylı görüşlər ilk baxışda Türkiyənin Cənubi Qafqaz fəallığı təəssüratı bağışlasa da, çox keçmədən əsl mahiyyət üzə çıxmağa başladı.

Hələ xeyli əvvəl Türkiyənin rəsmi dairələrindən bu ölkənin mətbuatına sızdırılan məlumatlar rəsmi Ankaranın mövqeyində əsaslı dəyişikliklər baş verdiyinə şübhələr oyadırdı. Xarici işlər naziri Əli Babacanın mətbuata müsahibələri və müxtəlif açıqlamaları bu şübhələri gücləndirirdi. Təsadüfi deyil ki, Ə.Babacan əvvəlcə Almaniyada, sonra isə Azərbaycana sonuncu səfəri zamanı Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyində dəyişiklik olub-olmadığı barədə mətbuatın suallarından qaçmağa üstünlük verdi. Xarici işlər nazirinin davamlı şəkildə Türkiyənin və Azərbaycanın Ermənistanla ayrı-ayrılıqda danışıqlar apardığı barədə fikirləri Azərbaycanla Türkiyənin Ermənistan məsələsində vahid mövqeyindən geriyə çəkilmələrin olduğunu göstərirdi.

Qeyd edək ki, fevralın 12-də Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Goranboy rayonunda cəbhə xəttində olduğu zaman KİV-lərə Dağlıq Qarabağ məsələsində Ankaranın ənənəvi mövqeyini açıqlamışdı. Bundan bir saat sonra “Azadlıq” radiosunun Ermənistan xidmətinin məlum xəbəri yayıldı və media yenidən H.Kılıça müraciət edərək bu məsələni şərh etməsini istədi. Səfir həmin vaxt APA-ya bildirmişdi ki, o, Gəncədən Bakıya qayıdır və gəldikdən sonra məsələ ilə maraqlanıb mətbuata açıqlama verəcək. Bununla yanaşı, H.Kılıç bu məsələyə inanmadığını da ifadə etmişdi. Lakin nə həmin gün, nə də sonrakı bir həftə ərzində medianın çoxsaylı müraciətlərinə baxmayaraq Türkiyə səfirindən bir söz belə qoparmaq mümkün olmadı. Onun son sözü “mən küçədə danışan səfir deyiləm” kəlməsi oldu. Türkiyənin Xarici İşlər Nazirliyi də Azərbaycan mediasının üzünə qapandı və heç kəs çox qısa və konkret olan suala cavab vermədək istəmədi. Fevralın 13-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özügərgin “Anadolu” agentliyinə göndərdiyi açıqlamasında belə qeyd edib: “Hazırda Türkiyə ilə Ermənistan arasında məqsədi iki ölkə əlaqələrinin normallaşdırılması olan bir proses yaşanmaqdadır. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında da dialoq prosesi var. Hər iki proses paralel aparılır. Bir tərəfdəki müsbət inkişafın digər tərəfə də müsbət təsir edəcəyi gözlənilir. Mətbuat orqanlarında zaman-zaman çıxan və müəyyən duyumlar üzərində qurulan xəbərlər haqqında fikir bildirməyi doğru saymırıq”. Göründüyü kimi, Əli Babacanın ənənəvi ifadələrinin təkrarından və konkret mövqe bildirməməkdən o yana gedən heç nə yoxdu.

Türkiyə hökuməti isə baş nazirinin müavini Qeybulla Qeybullayev dövlət naziri Cəmil Çiçək səviyyəsində məsələnin yalan olduğunu söyləyib. Bunun yalan və təxribat olduğunu, Türkiyənin Dağlıq Qarabağ şərtindən geri çəkilmədiyini dedilər. Fevralın 17-də Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Mustafa Kabakçı APA-ya Türkiyə dövlətinin adından açıqlama verdiyini və məlumatın əsassız olduğunu bəyan etdi.

Maraqlıdır ki, Türkiyə Xarici İşlər Nazirliyi davamlı susqunluq nümayiş etdirdiyi halda, baş nazirin müavinləri açıqlamalarla çıxış etdilər.
Bu isə bir neçə ehtimala yol açır. Birinci ehtimal: Hökumətin bir qisminin bu danışıqlardan xəbəri yoxdu; ikinci ehtimal, Türkiyə hakimiyyətində bu mövqeyi bölüşməyənlər var; üçüncü ehtimal, Türkiyə-Ermənistan danışıqlarını aparmayan dövlət nazirlərinin və ya millət vəkillərinin bu mövzu ilə bağlı verdikləri açıqlama xüsusi məsuliyyət yaratmır. Onlar istədikləri vaxt aparılan ikitərəfli danışıqlarda iştirak etmədiklərini deməklə, söylədiklərinin əhəmiyyətini sıfıra endirə bilərlər. Danışıqların birbaşa iştirakçısı olan Əli Babacan isə danışmamağı tərcih edir və bunu mediaya da açıq-açığına söyləyir. Məsələn, Babacan bu ayın əvvəllərində Münhendə bir alman millət vəkilinin “Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması üçün nə etmək lazımdır” sualına cavab olaraq elə belə də demişdi: “Bizim Ermənistanla başlayan görüşlərimizin hədəfi bölgədə münasibətləri normallaşdırmaqdır. Ermənistanla Azərbaycan və Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin bütünlüklə normallaşmasına nail ola bilsək, bölgədə vəziyyət çox dəyişəcək. Bu dəyişikliyə nail olsaq, bu, bütün tərəflər üçün avantajlı olacaq. Əsas odur ki, indilik bir-birimizə söyləmək istədiklərimizi bağlı qapılar arxasında söyləyək və sadəcə, açıqlamaq istədiyimiz məsələləri açıqlayaq”

Marağa səbəb olan digər məsələ ondan ibarətdir ki, Türkiyə mətbuatı bu məlumatı susqunluqla qarşıladı. Yalnız AKP-nin siyasətini kəskin tənqid edən bir-iki qəzet mövzuya yer ayırdı.

Bu gün isə məsələyə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan münasibət bildirdi: “Qarabağ məsələsi ilə bağlı bizim mövqeyimizdə Azərbaycanın rəsmi mövqeyindən fərqli hər hansı dəyişiklik yoxdur. Biz mövqeyimizi bərabər müəyyənləşdirmişik və bu günə qədər eyni istiqamətdə davam etdirməkdəyik. Belə bir şey söhbət mövzusu deyil. Biz Azərbaycanın rəsmi mövqeyini bölüşən ölkəyik və indiyə qədər də bu mövqenin arxasında dayanmışıq. Qarabağ məsələsində Azərbaycanın haqlılığı bəllidir və bu, BMT qərarlarında da əksini tapıb”.

Amma Ərdoğan yenə çoxlu sualı cavabsız buraxdı. Türkiyə-Ermənistan münasibətlərində Dağlıq Qarabağ məsələsi nə qədər önəmlidir? Ermənistan Dağlıq Qarabağı işğaldan azad etməsə, Türkiyə bu danışıqlarını nə qədər davam etdirəcək? Dağlıq Qarabağ problemi həllini tapmadan Türkiyə Ermənistanla sərhədi aça bilərmi? Bağlı qapılar arxasındakı danışıqların Azərbaycanla bağlı hissəsi açıqlanacaqmı, yoxsa yalnız söylənmək istənilənlər söylənəcək?

Türkiyə xarici işlər nazirini və Azərbaycan böyük elçisini bu suallara diplomatik, amma diplomatik olduğu qədər də açıq cavab almaq üçün axtarırıq.

... Azərbaycan gözləyir!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR