Türkiyə-Ermənistan yaxınlaşmasının üç təməl faktoru - uğursuz xarici siyasət, ABŞ-ın “erməni soyqırımı”nı tanıması ehtimalı, bələdiyyə seçkiləri...-TƏHLİL

Türkiyə-Ermənistan yaxınlaşmasının üç təməl faktoru - uğursuz xarici siyasət, ABŞ-ın “erməni soyqırımı”nı tanıması ehtimalı, bələdiyyə seçkiləri...-<font color=red>TƏHLİL</font>
# 26 fevral 2009 11:06 (UTC +04:00)
Bakı. Vüqar Məsimoğlu-APA. Ermənistan-Türkiyə futbol maçı ilə başlayan “ermənilərlə yaxınlaşma siyasəti” artıq növbəti mərhələyə qədəm qoyub. Ankaranın İrəvanla aparılan danışıqlarda Dağlıq Qarabağ məsələsindən təməl şərt kimi imtina etməsi barədə məlumatlar Türkiyə və Azərbaycan ictimai fikrində ciddi narahatlıqla müşahidə olunur. Əslində bu məlumatın ilk olaraq erməni mənbələrindən sızması məqsədyönlü siyasətin nəticəsi idi. “Türkiyə Dağlıq Qarabağ məsələsini arxa plana keçirir” xəbəri nəticəsi regionda bir nəbz yoxlaması idi. Əslində Ankara ermənilər tərəfindən dövriyyəyə buraxılan və bomba effekti doğuran bu məlumatı dərhal təkzib etsəydi, Azərbaycanda bu qədər gərginlik yaşanmazdı. Lakin Türkiyə hökuməti hələ də Ermənistanla birbaşa siyasi, iqtisadi və diplomatik münasibətlərin qurulması üçün irəli sürdüyü üç təməl şərtdən biri olan Dağlıq Qarabağ məsələsinin siyasi müzakirələrdən çıxarılması barədə xəbəri təkzib etməyib. Əksinə, rəsmi Ankaranın reaksiyası göstərir ki, AKP iqtidarı Ermənistanla münasibətləri normallaşdırmaq üçün ciddi diplomatik addımlar atmağa hazırlaşır. Səbəb nədir?

AKP iqtidarının Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərinin kökündə bir sıra xarici və daxili faktorlar dayanır. ABŞ-da yeni administrasiyanın qondarma “erməni soyqırımı”nı tanıması ehtimalının yüksək olması, üstəgəl Türkiyə-İsrail münasibətlərində yaranmış gərginlik Ankaranı Ermənistanla bir qədər yaxınlaşmağa, məcbur edir. Uzun illər ərzində ABŞ-ın “erməni soyqırımı”nı tanımaq cəhdləri bu ölkədə böyük təsir imkanlarına malik olan yəhudi lobbisinin yardımı ilə əngəllənib. Lakin Davos sammitində baş nazir Ərdoğanla İsrail prezidenti arasında söz dueli Türkiyə-İsrail münasibətləri üzərinə ciddi kölgə salıb və bu səbəbdən yəhudi lobbisinin bu il ABŞ konqresində “erməni soyqırımı”nın tanınmasını əngəlləmək üçün Türkiyəyə yardım göstərəcəyi artıq sual altındadır.

Başqa sözlə desək, Türkiyə öz baş nazirinin Davos sammitində daxili siyasətə hesablanmış addımlarının acısını xarici siyasət kursunda çəkməkdədir. Bu səbəbdən rəsmi Ankara bölgədə ciddi strateji müttəfiqi olan İsraillə münasibətlərə kölgə salınmasının mənfi nəticələrini Ermənistanla münasibətləri normallaşdırmaq hesabına aradan qaldırmağa çalışır. Yəni Türkiyə məcburi olaraq Ermənistan və “erməni soyqırımı” məsələsində taktiki dəyişikliyə əl atıb – artıq Ankara bu iddiaların yalan olduğunu isbatlamaq yolundan imtina edib, əvəzində Ermənistanla yaxınlaşmaqda maraqlı olduğunu, “erməni soyqırımı”nın tanınmasının bu yaxınlaşmağa maneçilik törədəcəyini nümayiş etdirmək yolunu seçib.

Türkiyənin xarici siyasət kursunda sırf müdafiə xarakteri daşıyan bu dəyişiklik daimidirmi? Ankaranın bu xarici siyasət kursunun davamlı xarakter daşıyıb-daşımayacağı 24 apreldən sonra məlum olacaq. Əgər Türkiyə Birləşmiş Ştatları Ermənistanla yaxınlaşmaqda və bütün mövcud problemləri həll etməkdə gerçəkdən maraqlı olduğuna inandıra bilsə, çox güman ki, bu il də ABŞ prezidenti ənənəvi illik çıxışında 1915-ci il hadisələrini “soyqırımı” kimi dəyərləndirməyəcək. Lakin bunun üçün Türkiyə bəzi əməli addımlar atmalıdır. Əks təqdirdə Ankara “erməni soyqırımı” məsələsində gələn il daha ciddi problemlərlə üzləşə və bu məsələdə beynəlxalq aləmdəki mövqeyi getdikcə zəifləyə bilər?

Türkiyə Ermənistanla münasibətləri normallaşmaq istiqamətində hansı addımlar atmağı planlaşdırır? Proses pərdə arxasında getdiyindən konkret fikir söyləmək çətindir. Lakin mediaya sızan məlumatlar və AKP rəsmilərinin reaksiyaları bir şeyi qəti söyləməyə imkan verir – yaxınlaşma (yaxud belə bir görüntü yaratma) prosesi başlayıb! AKP-nin ölkədəki erməni icmasına xoşməramlı mesajları, Ermənistanla sərhədlərin açılacağı, sərhədyanı ticarətin genişləndiriləcəyi, Ermənistanla ticarət həyata keçirəcək iş adamlarına vergi və gömrük güzəştlərinin ediləcəyi barədə müxtəlif səviyyədə verilən açıqlamalar Türkiyənin atmaq istədiyi addımları təxmin etməyə imkan verir.

Türkiyə-Ermənistan yaxınlaşması istiqamətində addımlar həm də daxili siyasi maraqlara hesablanıb. Hakim partiyanın nüfuzunun zəifləməsi bələdiyyə seçkilərində səs itkisinə səbəb olacaq, bunu AKP təmsilçiləri də etiraf edirlər. Bu səbəbdən hər səs uğrunda ciddi mübarizə aparan AKP həm ölkədəki erməni icmasının (Türkiyədəki ermənilər adətən CHP-yə yaxın elektorat sayılır), həm də Ermənistanla həmsərhəd bölgələrdə yaşayan iş adamlarının dəstəyini qazanmağa çalışır. Təsadüfi deyil ki, bu gün AKP-nin Şərqi Anadoluda apardığı seçki təbliğatı Ermənistanla sərbəst və birbaşa ticarətə icazə veriləcəyi, bu addımın sosial durumu çox ağır olan sərhəd bölgəsi əhalinin maddi vəziyyətini yaxşılaşdıracağı kimi tezislər üzərində qurulub.

Uzun müddətdən bəri həmin bölgələrdə Ermənistanla sərhədlərin açılmasının və birbaşa ticarətə başlanmasının vacibliyi istiqamətində ən müxtəlif səviyyədə (beynəlxalq təşkilatlar, maliyyə fondları, siyasi partiyalar, bələdiyyə başqanları, qeyri-hökumət təşkilatları, media və s.) təbliğat aparılıb və nəticədə Ərdəhan, Qars, İğdır, Ağrı bölgələrində Ermənistanla münasibətlərin normallaşmasını arzulayan kiçik də olsa bir elektorat formalaşdırılıb. AKP iqtidarının Ermənistanla yaxınlaşma cəhdlərinin səbəblərindən biri sözsüz ki, bu elektoratın dəstəyini qazanmaqdır. Bir şey dəqiqdir – hökumət Ermənistanla sərhədləri açmaq üçün sərhədyanı bölgələrdə bələdiyyələri öz nəzarətinə keçirməlidir. Bu səbəbdən seçkilərdə Ermənistanla sərhədlərin açılmasının təbliğ olunması əsas strateji xətt kimi götürülüb.

Ankara-İrəvan yaxınlaşmasının təməl səbəbləri məlumdur, bu yaxınlaşma cəhdlərinin Azərbaycanda narazılıqla qarşılanması da məlumdur. Bəs bu narahatlıq nə qədər davam edəcək və Ankara bunu aradan qaldırmaq üçün hansısa addımlar atacaqmı? Hələlik türk xarici siyasətinin bu istiqamətdə nə isə bir addım atdığı gözə çarpmır. Ermənistanla danışıqlarda türk diplomatiyasının təməl prinsiplərindən biri olan – Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipindən imtina edilməsi barədə yayılan məlumatlara Ankara hələ də Azərbaycan ictimaiyyətini razı salacaq tutarlı münasibət bildirməyib.

İndiyədək bu mövzuda səsləndirilən bəyanatların təxmini açıqlaması isə belədir – Türkiyə növbəti dönəmdə Ermənistanla bağlı siyasətində üçüncü ölkələrin maraqlarını nəzərə almayacaq. Bu mesajın Azərbaycana ünvanlandığı dəqiqdir – hər halda Azərbaycan cəmiyyətindən başqa bu yaxınlaşmadan narahat olan üçüncü ölkə yoxdur. Azərbaycanın narahatçılığı təbiidir, çünki Türkiyə Ermənistanla münasibətləri məhz bizim ölkənin maraqlarını tapdamaq hesabına normallaşdırmaq istəyir.

Türkiyənin Ermənistana yönəlik xarici siyasət kursu həmişə Ankara-Bakı-İrəvan üçbucağında formalaşıb və İrəvanla münasibətlərdə üç şərt təməl prinsip olaraq götürülüb: Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından imtina etməli, 1915-ci ildə Türkiyədə ermənilərə qarşı guya soyqırımı törədilməsi iddiasından əl çəkməli, işğal altında saxladığı Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. Son 20 ildə Türkiyə xarici siyasət kursu Ermənistan münasibətlərin normallaşması üçün bu şərtlərin yerinə yetirilməsini vacib sayıb və ən çətin dövrlərdə belə bu prinsipdən imtina etməyib. Lakin indi rəsmi Ankara yuxarıda söylənən səbəblərdən bu kursunu dəyişmək məcburiyyətində qalıb və Azərbaycanın maraqlarının arxa plana keçirib. Türkiyə bu il “erməni soyqırımı”nın tanınmasını əngəlləmək üçün Dağlıq Qarabağ məsələsini müzakirələrdən çıxardı, önümüzdəki illərdə nəyi qurban verəcək? Bu gün Azərbaycan cəmiyyətində yaranmış gərginliyin kökündə duran mahiyyət budur – Azərbaycanın maraqlarının uğursuz Türkiyə xarici siyasətinə qurban verilməsi.

Ən qəribəsi budur ki, uğursuz xarici siyasətin nəticələrini Ermənistanla yaxınlaşma hesabına aradan qaldırmağa çalışan AKP iqtidarı Azərbaycan ictimaiyyətindəki narahatlığa görə medianı günahlandırır. Azərbaycanın media qurumları Türkiyə-Ermənistan yaxınlaşmasını sərt şəkildə tənqid edir, bu bir gerçəklikdir. Amma bu tənqidi yanaşmanın hədəfi Türkiyə dövləti deyil, xarici siyasətdə ard-arda səhvlər buraxan AKP iqtidarıdır. Türkiyənin Ermənistana yönəlik uğursuz xarici siyasətinin ən ağır zərbəsinin son nəticədə Azərbaycana dəyəcəyi şəksizdir. Bu zaman medianın öz missiyasını yerinə yetirməsindən təbii nə ola bilər? Ermənistanla yaxınlaşmaq cəhdləri bir təhlükə siqnalıdır, çünki Şimali Kiprə, Kərkükə sahib çıxmayan Ankaranın bu cür siyasətlə Azərbaycanın maraqlarına sonadək sahib çıxacağına inanmaq qeyri-mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR