Türk seçicisinin dəyişən şüuru: AKP hələ bir neçə il 40 faizlik elektorata iddia edə bilər - TƏHLİL

Türk seçicisinin dəyişən şüuru: AKP hələ bir neçə il 40 faizlik elektorata iddia edə bilər - <font color=red>TƏHLİL</font>
# 30 mart 2009 14:24 (UTC +04:00)
Bakı. Vüqar Məsimoğlu-APA. Türkiyədə bələdiyyə seçkilərinin nəticələri ölkədə seçici şüurunun hansı dəyişikliklərə uğradığını ortaya qoydu. Birincisi, uzun illər davam edən siyasi böhranların nəticəsi olaraq ölkədə monolit seçici kütləsi formalaşıb. Uzun illər türk seçicisinin şüurunda siyasi ideologiyanın önəmli yeri olub, insanlar vədlərə görə deyil, səs verəcəkləri insanın partiya mənsubiyyətinə, siyasi görüşünə görə seçimlərini ediblər. Lakin illər boyu davam edən partiyalararası toqquşmalar, bir-birini əvəzləyən uğursuz hökumət koalisiyaları seçici şüurunu yorub. Türk seçicisinin şüurunda siyasi böhranların, hökumət böhranlarının, iqtisadi böhranların yaratdığı bir qorxu var, bu səbəbdən seçicilər belə qorxu vəd eləməyən siyasi qüvvəyə - AKP-yə üz tuturlar. 2002-ci ildən bu yana AKP-nin bütün seçkilərdə 40 faizdən az səs toplamamasının səbəbi də budur.

AKP elektoratı məhz bu cür monolitləşmiş seçicilərdən formalaşıb. Bələdiyyə seçkilərinin nəticələri göstərir ki, Türkiyədə seçicilər siyasi, iqtisadi böhran qorxusunun yaratdığı stereotipdən azad olunmayana qədər AKP istənilən seçkidə 3-5 faiz fərqlə eyni səsi toplamağı qarantiya etmiş olacaq. Artıq AKP elektoratı ilkin dövrlərdə olduğu kimi mühafizəkar dini baxışlara malik kütlədən ibarət deyil. Bu elektorata cəmiyyətin ən müxtəlif dairələrini, zümrələrini təmsil edən müxtəlif kateqoriyalı seçicilər daxildir. Adətən Türkiyədə hökumətlər iqtisadi böhranların qurbanı olurlar, Ecevit hökumətinin məhz belə bir böhranın qurbanı olduğunu xatırlatmaq kifayətdir. Lakin bu gün Türkiyədə həmin dövrdən də ciddi bir iqtisadi böhran olsa da, bu, AKP-nin elektoral dəstəyini çox cüzi azaldıb, iqtisadi böhranın seçkilərin nəticələrin təsiri çox az olub. Səbəb eynidir – Türkiyədə seçicilər siyasi görüşlərə deyil, nisbi sabitliyə səs verməyi üstün tuturlar. AKP əslində bu seçkilərdə ciddi səs itkisinə məruz qalıb. 2007-ci illə müqayisədə qazandığı səslərin 8 faiz azalması böyük itkidir. Amma bələdiyyə seçkilərində partiyalarla yanaşı, namizədlərin şəxsiyyətinin də böyük rol oynadığını nəzərə alsaq, o zaman AKP-nin bu səs itkisinin gələcək seçkilərdə kompensasiya etmək imkanı olduğunu söyləyə bilərik.

Türkiyədə bələdiyyə seçkilərinin Azərbaycan baxımından nəticələrini necə dəyərləndirmək olar? Məlumdur ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinə, xüsusilə iki ölkənin sərhədlərinin açılması probleminə böyük önəm verir. Sözsüz ki, Ermənistanla həmsərhəd bölgələrdə seçkilərin nəticələri Türkiyənin bu dövlətlə gələcək münasibətlərində də mühüm rol oynayacaq. Bu bölgələri Azərbaycan üçün maraqlı edən daha bir səbəb bölgə əhalisinin böyük bir qisminin azərbaycanlılardan ibarət olmasıdır. Lakin istər Qarsda, istərsə də İğdırda seçkilərin nəticələri məmnun edici deyil. Xüsusilə əhalisinin 65 faizi azərbaycanlılardan ibarət olan İğdırda bələdiyyə seçkilərinin Demokratik Toplum Partiyasının namizədinin qazanması böyük uğursuzluq sayıla bilər. İğdırda 80 il ərzində bələdiyyə başqanı və millət vəkilləri azərbaycanlılar olub, soydaşlarımız ən çox MHP, DYP və ANAP-ın namizədləri olaraq seçkilərdə qalib gəliblər. Lakin 2007-ci ildə ilk dəfə olaraq İğdır Türkiyə Böyük Millət Məclisinə azərbaycanlı millət vəkili göndərə bilməyib, dünən isə tarixində ilk dəfə bu bölgənin bələdiyyəsinə qeyri-azərbaycanlı rəhbər seçilib. Naxçıvanla həmsərhəd olan İğdır Azərbaycanın maraqları baxımından çox mühüm yerdir, Ermənistan, İran və Naxçıvanla sərhəddə yerləşən İğdırda demorafiq durumun dəyişməsi gələcəkdə ölkəmizin maraqlarına son dərəcə mənfi təsir göstərə bilər.

Qarsda seçkilərin nəticələrini isə nisbətən normal dəyərləndirmək olar. Ermənistanla sərhədlərin açılmasının alovlu tərəfdarlarından olan və bu istiqamətdə ardıcıl siyasət yürüdən Naif Əlibəyoğlunun yenidən bələdiyyə başqanı seçilməməsi müsbət məqam kimi dəyərləndirilə bilər. AKP-dən olan yeni bələdiyyə başqanı sələfinin siyasətini davam etdirməsə, bu dəyişiklik Qarsda Ermənistanla sərhədlərin açılmasına marağın azalmasına təsir göstərmiş olacaq. Amma bu dəfə də əvvəllər Qarsda baş verən hadisələrin indi İğdırda davam etdirilməsi ehtimalı var və DTP-dən olan yeni bələdiyyə başqanının Ermənistanla sərhədlərin açılması məsələsinə hansı münasibət bəslədiyi maraq doğurur. /APA-Analitika/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR