Ərdoğan seçki hökumətini elan etdi – TƏHLİL

Ərdoğan seçki hökumətini elan etdi – <font color=red>TƏHLİL </font>
# 04 may 2009 14:57 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Baş nazir kreslosuna oturduğu 10 mart 2003-cü ildən bəri Rəcəb Tayyib Ərdoğanın kabinəsində ilk dəfə bu qədər əhatəli dəyişikliyə getdiyinə şahid olduq. 2005-ci ilin yayındakı dəyişiklik zamanı bir neçə nazir kreslosuna vida etmiş, nazir vəzifəsini təhvil verərək Ana Vatan Partiyasının sədri qismində müxalifətə keçən Ərkan Mumcunun bu addımı onun siyasi həyatını da bitirmişdi. Budəfəki dəyişiklikdə hökumət içindəki bəzi rotasiyalarla yanaşı, 9 yeni sima Nazirlər Kabinetinə daxil oldu. Bu, yeni hökumət olmadığı kimi, əski hökumət də deyil - bunun adını Türkiyə Cümhuriyyətinin 60.5-ci hökuməti qoya bilərik. (Məlum olduğu kimi, 2007-ci ildə ikinci dəfə parlament seçkilərində qalib gələn AKP Türkiyə Cümhuriyyətinin 60-cı hökumətini formalaşdırıb.)

Mediaya açıqlama verən R. T. Ərdoğan bu addımın qətiyyən nazirlərin uğrusuzluğu ilə bağlı olmadığını vurğulasa da, dəyişikliyi zəruri edən faktorları görməmək mümkün deyil. Bir hökumətin quruluşu və ya reviziyası vaxtı diqqətləri öz üzərində toplayan ən mühüm kreslo xarici işlər naziri kreslosudur. 1 maydakı hökumət reviziyasında da bu durum istisna ola bilməzdi. Aylardan bəri siyasət və media dairələrini məşğul edən “baş diplomatiya idarəsinin rəisi dəyişəcəkmi”, sualı uzun illərdən sonra rəsmi şəkildə qeyd edilən bayram axşamında öz cavabını tapdı. 6 ildən bəri xarici işlər nazirinin səlahiyyəti ilə çalışan baş nazirin xarici məsələlər üzrə baş müşaviri, bəzilərinin “Türkiyənin Kissinceri” adlandırdığı Əhməd Davudoğluna nazir kreslosu verildi.

Davudoğlunun nazir olmasını prezident Gül istəyib

Prezident Abdulla Gül, Əhməd Davudoğlu və iqtidaryönlü “Yeni Şafak” qəzetinin hər gün 2 risalə yazan baş yazarı Fəhmi Koru 70-ci illərdə Londonda birgə oxuyublar. Nəcməddın Ərbakanın qurduğu 54-cü hökumətin türk cümhuriyyətləri ilə münasibətlərə cavabdeh dövlət naziri və hökumət sözçüsü olan Abdulla Gülün müşavirliyini də yapan beynəlxalq münasibətlər üzrə professor Ə. Davudoğlunun ulduzu AKP-nin 2002-ci il noyabrın 3-də hakimiyyətə gəlməsindən sonra parladı. A. Gülün qısamüddətli hökumət başçılığı dövründən başlayaraq onun xarici siyasət məsələlərində əsas məsləhətçisi olan Ə. Davudoğlu, daha sonra XİN-də bu vəzifəni icra etdi. Türkiyənin qonşuları ilə “sıfır problemli xarici siyasət” tezisinin memarı olan Ə. Davudoğlu 2007-ci ilin avqustunda prezident A. Gülün Çankaya iqamətgahına çıxmasından sonra mövqeyini daha da gücləndirərək, mübaliğə olmasın, ölkənin xarici siyasətinə təkbaşına yön verməyə başladı. Müxalifətin və medianın şiddətli tənqidi Ə. Davudoğlunun kefini pozmasına yetmədi - son bir neçə ildə Türkiyənin bütün istiqamətlərdəki xarici siyasət fəlsəfələrinin altında “Strateji dərinlik” kitabının müəllifinin imzasını gördük. ABŞ-la yaxın münasibətlər quran professor Ə. Davudoğlunun Orta Şərqdəki sülh prosesinə önəmli dərəcədə təsir edə bilməsi, əlbəttə, Vaşinqtonu da razı saldı. Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının da ilhamvericilərindən olan Əhməd Davudoğlu Ermənistanla aparılan gizli diplomatik danışıqların himayədarı idi. İki ay əvvəl İstanbulda 10 əcnəbi media mənsubuna XİN icra aparatı rəhbərinin müavini ilə verdiyi brifinqdə professor Davudoğlunu nazir ədasında görmüşdüm. Onun “Əl-Cəzirə”nin Türkiyə təmsilçisi ilə çox yaxın münasibəti diqqətimdən yayınmamışdı. 2006-cı ilin yanvarında xarici işlər naziri A. Güllə İstanbulda əcnəbi mediaya brifinq verərkən baş nazir Ərdoğanın 2005-ci ilin yayında Azərbaycan Milli Məclisindəki çıxışı barədə fikrimi soruşmuş, bəndəniz də Tayyib bəyin çıxışını bəyəndiyini demişdi. Prezident Gülün professor Davudoğluya bu qədər güvənərək onun millət vəkili olmadığı halda xarici işlər naziri vəzifəsinə gətirilməsinə nail olmasına bir neçə nöqtədən baxa bilərik.

Çankayaya çıxdıqdan sonra xarici siyasət məsələlərinə ilgisini qətiyyən əskiltməyən prezident Gül diplomatiya sahəsində çox da təcrübəsi olmayan Əli Babacanın fəaliyyətindən tam şəkildə qane ola bilməzdi. Belə ki, bəzi hallarda ölkədən kənarda Türkiyənin mənafeyini müdafiə etməkdə cəsarətsiz davranan Babacan, bəzən isə Avropada ölkəsini tənqid edən bəyanatlar səsləndirirdi. (Məsələn, təxminən 1 il qabaq Avropada “ölkəmdə insanlar dini ibadətlərini axıra qədər yerinə yetirə bilmirlər”, şəklindəki açıqlaması Türkiyədə ciddi narazılıq yaratmışdı.) Türkiyənin regionda yürütdüyü yeni siyasətin memarlarından olan professor Davudoğlu praktikada da özünü bacarıqlı diplomat kimi göstərmiş və XİN üzərində güclü təsir qura bilmişdi. Yəni, Ə. Davudoğlunun əldə etdiyi təcrübə və güvənin rəsmiləşdirilməsinə ehtiyac vardı ki, Tayyib Ərdoğan 1 may qərarı ilə bunu etdi.

Professor Ə. Davudoğlu ABŞ-ın da xarici işlər naziri vəzifəsində görmək istədiyi bir şəxs idi. Çünki Vaşinqtonun İraq, İran, Orta Şərq, Qafqaz, Rusiya və AB ilə bağlı planlarında onun kimi bilgili və təcrübəli bir adama ehtiyac var.

Babacan yenidən iqtisadiyyatın başında

Prezident Gülün siyasətə gətirdiyi Əli Babacan 1 may qərarı ilə xarici işlər naziri vəzifəsindən azad edilərək baş nazirin müavini postuna gətirildi. 2002-ci ildə 34 yaşında ikən Ankara millət vəkili seçilən və baş nazir Gül tərəfindən iqtisadiyyata cavabdeh dövlət naziri təyin edilən Əli Babacan Ecevit hökumətində Kamal Dərvişin hazırladığı iqtisadi proqramı uğurla davam etdirdi. Bir müddət ABŞ-da qalan Babacan axıcı ingiliscəsi sayəsində qısa müddətdə beynəlxalq maliyyə qurumları ilə yaxın əlaqə yaradaraq Türkiyəyə sərfəli kredit axıdılmasına nail oldu. 2004-cü ildə Türkiyə iqtisadiyyatının 9,9%-lik dünya rekordu ilə böyüməsində Əli Babacanın rolu böyük idi. BVF-nin tələb etdiyi büdcə nizam-intizamını olduğu kimi həyata keçirən Ə. Babacan bu prosesi 2006-cı ilin ortalarına qədər idarə etdi. O vaxtdan sonra seçki siyasəti həyata keçirməyə başlayan AKP hökuməti bir sıra iqtisadi tarazlıqların da pozulmasına səbəb oldu. 2007-ci ilin avqustunda A. Gülün prezident seçilməsindən sonra xarici işlər naziri vəzifəsinə keçən Ə. Babacan, eyni zamanda Avropa Birliyi ilə müzakirələrdə Türkiyənin baş müzakirəçisi idi. İki önəmli vəzifəni birdən icra etdiyi üçün sərt tənqidlərə məruz qalan Ə. Babacan 3 ay əvvəl baş müzakirəçi vəzifəsini Egemen Bağışa təhvil vermişdi. Baş nazirin müavini statusu ilə iqtisadiyyatın idarəçiliyinin yenidən Əli Babacana verilməsi Türkiyənin BVF ilə apardığı danışıqların nəticələrinə önəmli dərəcədə təsir göstərəcək. Bu qərarı qəbul edən prezident və baş nazir dağınıq görüntü verən iqtisadi idarəçiliyi yenidən mərkəzləşdirmək məqsədi güdüb ki, bunun faydalı olacağını Əli Babacanın təcrübəsinə və beynəlxalq əlaqələrinə baxaraq demək mümkündür.

İqtisadiyyata cavabdeh dövlət naziri Mehmet Şimşəkin maliyyə naziri təyin edilməsi isə Türkiyənin beynəlxalq miqyasda maliyyə dəstəyi axtarışlarına çıxacağı ehtimalını gücləndirir. Burada Babacan və Şimşəkdən gözlənilən əsas şey çoxdan bəri ehtiyac olan yeni iqtisadi proqramın hazırlanıb elan edilməsidir.

Çiçəkdən Şahinə, oradan Erginə: mühafizəkarlaşan ədalət

Cəmil Çiçəkin ədliyyə nazirliyindən sonra Mehmet Əli Şahin Türkiyənin ədliyyə sistemini ən çox mübahisəli vəziyyətə gətirən nazir imici ilə vəzifəsini Sadullah Erginə təhvil verdi. “Ergenekon” adı verilən əməliyyatlardakı qanunsuzluq iddialarına M. Ə. Şahinin səlahiyyətləri daxilində müdaxilə etməməsi və hökuməti birinci dərəcədə maraqlandıran “Dəniz fənəri” prosesində son dərəcə arxayın hərəkət etməsi sərt reaksiyaları da özü ilə gətirsə də, onun vəzifəsindən getməsinə seçildiyi bölgə olan Antalyaya müxalifət partiyasından olan namizədin bələdiyyə başqanı seçilməsinin səbəb olduğu deyilir. Məhkəmə orqanları ilə M. Ə. Şahinin arasında yaşanan mübahisələr onu ictimaiyyətin gözündə tərəf tutan bir nazir vəziyyətinə gətirmişdi.

Şahinin yerinə ədliyyə naziri vəzifəsinə gətirilən Sadullah Erginin isə bir “Tayyib Ərdoğan fanatiki” olması işin başından narahatlıq üçün səbəb yaradıb. Baş nazir Ərdoğanın AKP parlament qrupu sədrinin müavini Sadullah Ergini “Ergenekon” və “Dəniz fənəri” prosesləri ilə bağlı olaraq bu vəzifəyə gətirdiyinə dair iddialar doğru çıxarsa, bu durumdan Türkiyənin hüquq sisteminin nə dərəcədə zərər görəcəyi indidən söylənilə bilər. Hələ buraya bir də yeni Konstitusiya ilə bağlı gözlənilən gəlişmələr əlavə edilərsə, mübahisələrin daha da şiddətlənəcəyini gözləmək səhv olmazdı.

Əlahəzrət Bülənt Arınç

2007-ci ildəki seçkidən sonra Böyük Millət Məclisi sədrliyinə namizəd olmayan Bülənt Arınç “Ergenekon” adı verilən prosesdə ordu generalları həbs edilərkən “Türkiyə bağırsaqlarını təmizləyir” sözləri ilə mübahisələri alovlandırmışdı. Ümumiyyətlə, sakit durmağı sevməyən və bəlkə buna görə də üzvü olduğu partiyalarda həmişə yüksək reytinqi olan Bülənt Arınçın 14 illik millət vəkilliyi dövründə ilk dəfə hökumət üzvlüyünə gətirilməsi bir neçə səbəbdən izah edilə bilər. Bunlardan birincisi 29 mart seçkisində birinci partiya olmalarına baxmayaraq, bunu məğlubiyyət kimi dəyərləndirən baş nazir Ərdoğanın artıq bütün gücünü meydana çıxarmasıdır. İkincisi, yeni Konstitusiya hazırlanması prosesində önəmli kresloda oturacaq Bülənt Arınça olan ehtiyacdır. Üçüncüsü, ümumilikdə ordu ilə pozitiv münasibətlər içində olan Tayyib bəyin ordu ilə sürəkli mübahisələr yaşayan B. Arınçı hökumət yolu ilə “nəzarət altına” almaq istəməsidir. Çünki baş nazirin müavini vəzifəsinə gətirilən Bülənt Arınç eyni zamanda Milli Təhlükəsizlik Şurasının üzvü olacaq ki, orada da hər iki aydan bir ordu generalları ilə üz-üzə oturması qaçılmaz olacaq. Baş nazir Ərdoğan Arınçın açıqlamaları ilə sərtləşən tərəfdarlarının bu yolla neytrallaşmasına da nail ola bilər. Və ən nəhayət, AKP-ni qurmaq üçün birlikdə yola çıxanların yenidən dövlətin zirvəsində bir araya gəlmələri. AKP-dən uzaqlaşaraq partiya qurmaq yolunu seçən Əbdüllətif Şənərdən başqa Gül, Ərdoğan və Arınç yenidən Türkiyə Cümhuriyyətinin ən önəmli kreslolarında otururlar.

Bu, Ərdoğanın son hökuməti ola bilərmi?

Baş nazir Ərdoğanı ən çox qorxudan sual elə budur. Yeni qanuna görə, parlament seçkisinə təxminən 2 il qalıb. AKP-nin xalq arasında azalan reytinqini xilas etmək üçün mayın 1-də bütün imkanlarını ortaya qoyan Tayyib bəyin bundan sonra əhatəli kabinə dəyişikliyinə gedəcəyini düşünmək doğru olmazdı. Mayın 1-də baş nazir Ərdoğan eyni zamanda, seçki hökumətini elan edib. Əgər AKP-nin xalqın gözündən düşməsi prosesinin qarşısı alına bilməzsə, 2011-ci ildəki seçkidə iqtidarla vidalaşmaq lazım gələcək. AKP-nin əriməsi prosesinin indiki şəkildə davam etməsini əngəlləyən ən önəmli faktor müxalifət partiyalarının bacarıqsızlığı ola bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR