Ərdoğan, yoxsa Dəmirəl? - TƏHLİL

Ərdoğan, yoxsa Dəmirəl? - <font color=red>TƏHLİL</font>
# 29 may 2009 09:31 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Türkiyədə çoxpartiyalı siyasətə keçid tarixi olan 14 may 1950-ci ildən hesablasaq, 60 ildir heç bir sol partiyanın təkbaşına iqtidara gələ bilmədiyini görərik. 60 illik demokratik həyatda sağ-mərkəzçi partiyaların dominantlığı Türkiyə siyasətinin önəmli gerçəklərindən biridir. 27 may 1960-cı il hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılaraq 17 sentyabr 1961-ci ildə asılan Adnan Menderesin 10 illik iqtidar dövrünün spesifik cəhətlərini bir kənara qoyduqda türk mərkəz sağının ən önəmli fiqurunun Süleyman Dəmirəl olduğunu söyləmək mümkündür. Siyasi həyatı boyunca 6 dəfə iqtidardan gedib 7 dəfə iqtidara gələn Süleyman bəyin Turgut Özalın ölümündən sonra - 1993-cü ilin mayında prezident kreslosuna oturması ilə siyasətin mərkəz sağ cinahı Tansu Çillər və Məsud Yılmazın 9 illik qovğasına səhnə oldu. Nəticədə 3 noyabr 2002-ci ildə keçirilən parlament seçkisində xalq sağ-mərkəzçi partiyalara ağır cəza verdi - Doğru Yol və Ana Vətən Partiyaları Millət Məclisindən kənarda qaldı. O vaxt siyasi yasaqlı olan Tayyib Ərdoğanın AKP-si sağ-mərkəzçi elektoratın səslərini önəmli dərəcədə özünə çəkdi - koalisiyalardan bezmiş və üstəlik 2001-ci ildə ağır iqtisadi böhranla üz-üzə qalmış iri və orta sərmayə təkpartiyalı hökumətin gətirəcəyi sabitlik ümidi ilə İstanbul bələdiyyəsinin 4 ay həbsdə yatmış keçmiş başkanını iqtidara daşımağı məqsədəuyğun bildi. 5 illik iqtidarı dönəmində iqtisadi sabitliyi qoruya bilən AKP hökuməti Anadoluda özünə yaxın olan sərmayəyə açıq dəstək verərək 22 iyul 2007-ci ildə keçirilən seçkidə səsini 13% artırmağa müvəffəq oldu.

AKP-nin 6,5 illik iqtidarı dövründə türk mərkəz sağının gələcək taleyi həmişə müzakirə mövzusu oldu. Atdığı bəzi addımlarla dünyəvi rejimlə ziddiyyətə düşən AKP-nin heç vaxt siyasətin mərkəzinə yerləşə bilməyəcəyi fikri toplumda getdikcə daha çox hakim olmağa başladı. AB ilə müzakirələrdə tempi zəiflədən Ərdoğan hökumətini Dəmirəlin də “AKP mərkəz sağ partiyası ola bilməz, bunlar Ərbakanın Milli Səlamət və Səadət partiyalarının davamçılarıdır”, şəklində xarakterizə etməsindən sonra mərkəz sağa hərəkət gəldi. İllərdən bəri siyasətdə Dəmirəllə yanaşı addımlayan Hüsaməddin Cindoruk Demokrat Partiyasının iki həftə əvvəl keçirilən qurultayında sədr seçildi. Prezident kreslosunu təhvil verdiyi 9 ildən bəri həmişə “mən siyasətin fövqündəyəm”, deyərək yaxasını gündəlik mübahisələrdən kənara çəkən Süleyman Dəmirəlin siyasətə bu dərəcədə açıq müdaxiləsi “türk mərkəz sağı kimin dalınca gedəcək - gündən-günə daha mühafizəkar profil nümayiş etdirən Tayyib Ərdoğanın, yoxsa mərkəz sağı yenidən bir araya toplamaq iddiasında olan 85 yaşlı Süleyman Dəmirəlin?” sualını da aktuallaşdırdı.

Demokrat Partiyasının 76 yaşlı lideri Hüsaməddin Cindoruk siyasətə qayıtmasının səbəbini Türkiyənin bölünmə təhdidi ilə üz-üzə qalması ilə izah etdi. 80-ci illərdə Dəmirəl sürgündə ikən onun “əmanətçisi” kimi Doğru Yol Partiyasını quran Cindorukun bu dəfə açıqladığı ilk hədəf də mərkəz sağın bölünərək zəif düşən iki siyasi qurumunu - Demokrat Partiyası ilə Ana Vətəni birləşdirmək oldu. Yeni Konstitusiyadan başlamış əhatəli məhkəmə islahatına, oradan da siyasi partiyalar qanununa qədər bir çox sahədə ciddi islahat proqramları olduğuna diqqəti cəlb edən Cindoruk, AKP hökumətini “dövlətin təməlini dəyişdirməyə cəhddə” günahlandıraraq “ordu bu günün şərtlərinə uyğun olaraq öz kazarmasına çəkildiyi kimi, hökumət də dövlətin təməl prinsiplərini dəyişdirmək niyyətindən vaz keçməlidir” fikrini təkrarlayır. H. Cindorukun fəallığı və medianın ona göstərdiyi diqqətə baxmayaraq, iri və orta sərmayənin hələ ki cərəyan edən proseslərlə bağlı “rəngini bəlli etməməsi” bir tərəfdən Tayyib Ərdoğanın AKP-sini mərkəz sağla bağlı layihələrdə ehtiyatlı davranmağa sövq edir, digər tərəfdən isə Süleyman Dəmirəlin kürsü və hətta meydanlardan xalqı arxasınca aparmaq üçün qətiyyətli mesajlar verməsini əngəlləyir. 2002 və 2007-ci ilin parlament seçkilərində və Abdulla Gülün prezident seçilməsi ərəfəsində də mərkəz sağ fəlsəfəsini dəstəkləyən iri və orta sərmayənin AKP-nin tərəfində olması və xanımı başı örtülü olan A. Gülün Çankayaya çıxarkən siyasi sistemin taleyi ilə bağlı heç bir tərəddüd nümayiş etdirməməsi Ərdoğan və Gül üçün önəmli faktorlar olmuşdu. 2007-ci ildəki seçkidən güclənərək çıxmasına və Gülü prezident kreslosuna oturtmasına baxmayaraq, AKP-nin iri və bəzi hallarda orta həcmli sərmayə ilə anlaşılmazlığa düşməsi bu sərmayə qruplarının mənafeyini müdafiə edən QHT-lərin sərt reaksiyasını da özü ilə gətirmişdi. Dəmirəl dəstəkli Cindorukun mərkəz sağı yenidən ayağa qaldırmaq üçün meydanları hərəkətləndirməsi böyük ölçüdə mərkəz sağı dəstəkləmiş, indi isə bu dəstəyi AKP-yə yönəldən orta və iri sərmayənin mövqeyindən asılı olacaq. Bu durumda Tayyib Ərdoğanın AKP-sinin mərkəzə yerləşmə cəhdləri nə dərəcədə səmimi olacaq və ya belə bir ciddi cəhd olacaqmı sualı da eyni dərəcədə aktuallaşacaq. Zira demokratikləşmə istiqamətindəki islahatları sürətləndirməyib, 90-cı illər çizgisinə dönməsi durumunda Tayyib Ərdoğanın və lideri olduğu partiyanın marginallaşmasının qarşısını almaq çətin olacaq. Prezident seçiləndən sonra bu taleyi Turqut Özalın Ana Vətən Partiyası yaşamışdı. Tayyib Ərdoğanın eyni aqibəti yaşamaq istəmədiyi qətidir. Ancaq bu aqibəti yaşamağın əsas şərtlərindən birinin AKP-nin mərkəzə daha səmimi şəkildə yerləşmək olduğunu da türk siyasətinin hal-hazırkı ən xarizmatik şəxsiyyəti şübhəsiz ki, bilir.

Hələlik Hüsaməddin Cindoruku meydana çıxaran Süleyman Dəmirəlin siyasi qurumlarda yenidən rəsmi şəkildə vəzifə tutması gözlənilmir. Demokrat Partiyası lideri tez-tez etiraf etdiyi kimi, yaxın gələcəkdə Ana Vətən Partiyası ilə birləşməyə nail olduqdan sonra yerini cavan siyasətçilərdən birinə verəcək. Bu, Türkiyənin Bakıdakı səfirliyinin keçmiş əməkdaşı Mehmet Əli Bayar da ola bilər. Hüsaməddin Cindoruk yaxın gələcəkdə birləşməsi planlaşdırılan mərkəz sağın iki haldan düşmüş partiyasının güclənməsi üçün demokratik seçki mühiti yaradacaqlarını da vurğulayır. Yerdə nə qalır? Söz dönüb-dolaşıb yenə də sərmayənin üstünə gəlir. Sərmayə kimin tərəfinə keçəcək? 55 yaşlı Tayyib Ərdoğanın, yoxsa 85 yaşlı Süleyman Dəmirəlin? Sərmayənin yaşa nə dərəcədə etibar edib-etmədiyini elə burda görəcəyik.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR