Türkiyə-Azərbaycan strateji müttəfiqlik müqaviləsi və Rusiya-Ermənistan hərbi sazişi: Cənubi Qafqazda “status-kvo” dəyişməz qalır - ANALİTİKA

Türkiyə-Azərbaycan strateji müttəfiqlik müqaviləsi və Rusiya-Ermənistan hərbi sazişi: Cənubi Qafqazda “status-kvo” dəyişməz qalır - <font color=red>ANALİTİKA</font>
# 20 avqust 2010 14:35 (UTC +04:00)
Bakı. Vüqar Məsimoğlu - APA. Bu gün İrəvanda imzalanan Ermənistandakı Rusiya hərbi bazasının dislokasiya müddətinin 2044-cü ilədək uzadılmasına dair saziş əslində yeni gündəm yaratmayıb. İki ölkə arasında analoji saziş hələ 1995-ci ildən mövcud idi və Rusiya SSRİ dağıldıqdan sonra Ermənistanın təhlükəsizliyinin təminatı vəzifəsini öz üzərinə götürüb. Mürəkkəbi hələ qurumamış saziş tərəflərin üzərinə əlavə öhdəlik də qoymur, Moskva həm ikitərəfli, həm də çoxtərəfli müqavilələr (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində Ermənistanın təhlükəsizliyinin qarantı olub və olmaqda davam edəcək. Hələlik regionda və dünyada bu durumu dəyişə biləcək heç bir önəmli proses baş vermir və belə bir prosesin baş vermə ehtimalı da azdır.

Bəs dəyişən nədir? İmzalanan saziş eyni zamanda Rusiyanın Cənubi Qafqaz regionunda uzunmüddətli möhkəmlənmək siyasətindən bir addım belə geri çəkilməyəcəyi barədə Qərbə mesajıdır. Obama administrasiyası öz sələfindən fərqli olaraq Rusiya ilə maraqların toqquşduğu nöqtələrdə daha ehtiyatlı siyasət yürütməyə üstünlük verir və Şərqi Avropanın ardınca Cənubi Qafqazı da Kremlə uduzmaqdadır. Moskva isə ABŞ-ın “bir anlıq” tərəddüdlərindən uğurla yararlanaraq “qaynar nöqtələrdə” mövqelərini möhkəmləndirir. Ermənistandakı hərbi iştirakını daha 35 il müddətinə rəsmiləşdirmiş olan Rusiya bununla da Qərbin siyasi dairələrində mövcud olan “Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması” ssenarilərinin utopiya olduğunu həmin dairələrə sübut etməkdədir.

Sazişin ən təhlükəli məqamlarından biri sözsüz ki, Cənubi Qafqazda hərbi balansın pozulmasına rəvac verməsidir. Bu sənəd həmçinin bölgədə sürətlə silahlanma prosesinə rəvac verə bilər. Təbii ki, bölgədə hərbi balansın təcavüzkar bir dövlətin lehinə dəyişməsi digər ölkələri narahat etməyə bilməz və istər Azərbaycan, istərsə Gürcüstan (ABŞ-ın birbaşa dəstəyi ilə) balansı bərpa etmək üçün hərbi xərcləri daha da artırmalı olacaq. Rusiya-Ermənistan sazişi həmçinin Cənubi Qafqaz regionunun hələ uzun müddət aktiv münaqişə ocağı kimi qalacağını göstərir.

İrəvanda imzalanan saziş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində durumun hələ uzun müddət dəyişməyəcəyi deməkdir. Moskva münaqişənin tərəfi, həm də təcavüzkar tərəfi olan dövlətlə müttəfiqlik münasibətlərini yeniləməklə problemin çözülməsində obyektiv mövqe tuta bilməyəcəyini bir daha rəsmiləşdirmiş olur. Bu addım həm də ATƏT-in Minsk Qrupunun obyektiv vasitəçilik imkanlarına və niyyətinə onsuz da azalmış inamı tam sıfıra endirəcək. Rusiya hər nə qədər Ermənistandakı hərbi resurslarından Azərbaycana qarşı istifadə edilməməsi barədə öhdəlik götürmüş olsa da, bu öhdəlik quru söz və bəyanatdan başqa bir şey deyil və heç bir sənədlə rəsmiləşdirilməyib. Bu baxımdan Rusiya-Ermənistan hərbi-siyasi müttəfiqliyi hələ uzun illər (ən azı 2044-cü ilədək) Azərbaycan, xüsusilə ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqları üçün təhlükə kəsb etməkdə davam edəcək.

Regionda mövcud olan və uzun illər davam edəcəyi gözlənilən bu “status-kvo”nu nə dəyişdirə bilər? Bu kontekstdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulması hipotetik müstəvidə nəzərdən keçirilə biləcək ssenarilərdən biridir. Əslində İrəvanda imzalanan saziş həm də Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəvət mesajıdır. Təbii ki, nəzəri baxımdan Azərbaycanın bu hərbi blokda təmsilçiliyi bölgədə siyasi maraqlar balansını kökündən dəyişməyə qadirdir. Rəsmi Bakının KTMT-də təmsil olunmaqdan çəkinməsinin köklü arqumentləri var – Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistanla təhlükəsizliyin birgə təminatı ssenarilərində iştirak edə bilməz. KTMT-yə qoşulma yalnız Dağlıq Qarabağ münaqişəsi həllini tapacağı, Ermənistan Azərbaycanın təhlükəsizliyi üçün təhdid kəsb etməyəcəyi təqdirdə mümkün ola bilər. Azərbaycanı KTMT sıralarında görmək istəyən Rusiya bunun müqabilində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə qarantiya verə bilərmi? Çətin ki. Rusiya üçün Azərbaycanın, Ermənistanın, yaxud Gürcüstanın maraqları deyil, öz maraqları öndə gəlir, bu baxımdan Qərbin bölgədə zəifləyən mövqeləri fonunda cəsarətli addımlar atan Rusiyanın yaxın dövrlərdə region ölkələrinə qarşı müxtəlif təzyiq kampaniyalarına başlayacağı heç kəsi təəccübləndirməməlidir.

Rusiya-Ermənistan müttəfiqliyinin Azərbaycanın maraqları üçün törətdiyi təhdidlər necə neytrallaşdırıla bilər? Eyni maraqlara sahib ölkələrlə münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırmaq, ölkənin strateji mövqeyini və enerji ehtiyatlarını təsirli siyasi resursa çevirmək kimi müxtəlif variantların nəzərdən keçirilməsi mümkündür. Ən mühüm addımlardan biri qonşu ölkələrlə, ilk növbədə isə Gürcüstan və Türkiyə ilə münasibətləri gerçək strateji müttəfiqlik həddinə (ABŞ-Böyük Britaniya, ABŞ-İsrail, Rusiya-Ermənistan və s.) çatdırmaq olardı. Bu kontekstdə Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri zamanı imzalanmış “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” mühüm əhəmiyyət kəsb edir. Strateji müttəfiqliyi rəsmiləşdirən bu tip müqavilələr iştirakçı dövlətlərin üzərinə istənilən məsələdə vahid mövqedən çıxış etməsini, bir-birinin marağına zidd siyasət yürütməməsi kimi mühüm öhdəliklər qoyur.

Azərbaycanla Türkiyənin münasibətlərində zaman-zaman problemlər yaşandığı hər kəsə məlumdur, bu problemlərin əsas qaynağı Türkiyənin Qərbin təzyiqi ilə Ermənistanla yaxınlaşma siyasəti yürütməyə məcbur edilməsidir. Ermənistanla sərhədlərin açılması artıq iki ilə yaxındır iki ölkənin gündəmini zəbt edən əsas məsələlərdən biridir. Ermənistan əslində bu məsələdə də Rusiyanın maraqlarını təmsil edir, Moskva ilə müttəfiqlik münasibətlərini bir daha ən yüksək səviyyədə rəsmiləşdirən İrəvanın növbəti mərhələdə sərhədlərin açılması məsələsində Ankaraya təzyiqləri artıracağı şəksizdir. Bu məsələdə ABŞ, Avropa və Rusiyanın təzyiqləri ilə üzləşən Ankaranın verdiyi “Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanla sərhədləri açmayacağıq” vədə rəğmən geri addım atıb-atmayacağı hələlik məlum deyil. Rəsmi səviyyədə verilən son bəyanatlar Ankaranın tərəddüd içərisində olduğunu göstərir, NATO təlimləri ilə bağlı Ermənistanla sərhədlərin müvəqqəti açıla biləcəyi barədə fikirlər əslində ictimai rəyi psixoloji baxımdan sərhədlərin açılmasına hazırlamaq məqsədi daşıyır.

Nəzəri baxımdan Türkiyə Ermənistanla sərhədləri on günlük olsa belə açmaqla həm ölkə daxilinə, həm də beynəlxalq ictimaiyyətə mesaj göndərmiş olacaq. AKP iqtidarı bununla öz elektoratının sərhədlərin açılmasına tərəfdar olan bölümünə “Gördünüz, Azərbaycanın təzyiqinə rəğmən sərhədləri aça biləcəyimi nümayiş etdirdim, seçkilərdən sonra bu məsələ gerçəkləşəcək” kimi seçki vədi vermiş olacaq. ABŞ, Avropa və Rusiyaya verilən mesaj isə mahiyyətcə dəyişmir: “Daxildən olan təzyiqlərə rəğmən sərhədləri aça biləcəyimi göstərdim, bu problemin birdəfəlik həlli üçün Ermənistana təzyiqlər etməyiniz vacibdir”.

Həm də əvvəlki dövrdən fərqli olaraq Türkiyənin əlində yeni bir arqumenti var - bu, Azərbaycanla imzalanmış strateji tərəfdaşlıq müqaviləsidir. Bu müqavilə Ermənistanla sərhədlərin açılması ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması arasında əlaqə olmaması barədə iddiaları siyasi baxımdan heçə endirmiş olur. Rəsmiləşdirilmiş strateji müttəfiqlik maraqların qarşılıqlı qorunması deməkdir və bu baxımdan Türkiyə Ermənistanla sərhədlərin açılmasının artıq rəsmi müttəfiq Azərbaycanın maraqlarına zidd olduğunu bəyan etməklə təzyiqləri nisbətən neytrallaşdırmış olacaq. Təbii ki, bunun üçün Ankara da sazişlə Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəliklərə ciddi yanaşdığını açıq mətnlə hər müstəvidə bəyan etməlidir. Dmitri Medvedyevin İrəvanda verdiyi “Ermənistan qarşısında üzərimizə götürdüyümüz öhdəliklərə son dərəcə ciddi yanaşırıq” bəyanatı kimi.

Dmitri Medvedyevin Ermənistana, Abdulla Gülün Azərbaycana rəsmi səfiri ölkələr arasında müttəfiqlik münasibətlərinin bir daha rəsmiləşdirilməsi ilə nəticələndi. Rusiya Ermənistandakı hərbi bazasının dislokasiya müddətinin artırılmasına dair sazişi yeniləməklə, Türkiyə isə Azərbaycanla strateji müttəfiqlik və qarşılıqlı yardım müqaviləsi imzalamaqla Qafqazda uğrundakı mübarizədə maraqlı olduqlarını rəsmiləşdirdilər. Artıq Cənubi Qafqazda qütbləşmə prosesi başlayıb, İrəvanda imzalanan sazişlər bu prosesi daha da sürətləndirəcəkmi? Bu sualın cavabını da tezliklə tapacağıq. /APA-Analitika/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR