Azərbaycanda parlament seçkiləri: sürpriz gözləməyə dəyməz – TƏHLİL

Azərbaycanda parlament seçkiləri: sürpriz gözləməyə dəyməz – <font color=red>TƏHLİL</font>
# 23 sentyabr 2010 10:10 (UTC +04:00)
Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərini müstəqil Azərbaycan tarixinin boykotdan uzaq olan ilk seçkiləri hesab etmək olar. İlk dəfədir ki, seçkilər ərəfəsində kəskin qütbləşmə hiss olunmur. Bu seçkilərə bütün siyasi qüvvələr eyni aktivliklə qoşulublar. Onların hər biri seçkidə yalnız bir neçə yer qazana biləcəklərinə ümid edirlər.

Parlamentdə təmsil olunmaq üçün mübarizənin hakim partiya ilə digər siyasi qüvvələrin çoxluğu arasında gedəcəyi gözlənilir. Bu mübarizədə hazırda hakimiyyətdə olan və sədri prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyasının üstünlüyü aşkar hiss olunur. Hakimiyyət partiyası bu dəfə siyahısında daha çox ziyalı və intellektual kəsimin çox olmasına diqqət ayırıb. Lakin seçkiyə qatılan digər siyasi partiya və bloklardan fərqli olaraq hakim partiyanın siyahısında aydın strategiya nəzərə çarpır: YAP seçkilərdə fərdi namizədlərin gücünə deyil, partiya olaraq öz gücünə arxalanır. Bu, həm də ötən illər ərzində formalaşan seçici şüuruna nəzərən hazırlanmış bir siyahıdır – Azərbaycan seçiciləri əksər hallarda fərdlərdən çox, onun təmsilçisi olduğu siyasi qüvvəyə səs verirlər. Bu baxımdan YAP-ın siyahısını sürpriz siyahı olaraq dəyərləndirmək olmaz.

Yeni Azərbaycan Partiyasının açıqladığı namizədlər siyahısının təhlili göstərir ki, hakim partiya bu dəfə də parlamentdə əvvəlki tərkibi qoruyub saxlamaq və qismən yeniləmək niyyətindədir. Ümumilikdə ötən seçkilərdə partiyanın namizədi kimi deputat seçilmiş şəxslərdən 18 nəfərin adı yeni siyahıya daxil edilməyib. Bunlar isə əsasən ötən dövrdəki fəaliyyətlərində “siyasi səhvlərə yol vermiş” şəxslər və yaşlı nəslin nümayəndəsi olan deputatlardır.

Seçkilərin müxalifət cəbhəsindən iştirakçısı olan AXCP və Müsavat partiyasının marafona blok şəklində qatılması barədə qərar seçkiqabağı ehtirasları bir az coşdursa da, blokun açıqladığı namizədlər siyahısı bu effekti qismən söndürdü. Buna səbəb açıqlanan siyahının bu partiyaların 2005-ci ildə ayrı-ayrılıqda irəli sürdüyü namizədlər siyahısından keyfiyyətcə aşağı olmasıdır. Ötən beş il ərzində partiyaların həm struktur, həm kadr ehtiyatı, həm də özünəinam baxımından zəifləməsi açıqlanan siyahıdan aşkar şəkildə görünür. Əgər 2000-ci il parlament seçkiləri ərəfəsində Müsavat Partiyası öz namizədlərini praymeriz ilə müəyyənləşdirmişdisə, artıq 2010-cu ildə bu partiya seçkilərə blok şəklində qatılmaq qərarına gəlib və ötən seçkilərdə gərgin partiyadaxili rəqabətdə öz partiya üzvlərinə güzəştə getmədiyi dairələri, indi asanlıqla müttəfiq partiyanın namizədlərinə güzəştə gedib.
Analoji hal digər partiyalar və seçki bloklarının siyahılarında da nəzərə çarpır. Digər bloklarda təmsil olunan partiyaların hakimiyyətə xüsusi kəskin münasibətləri də müşahidə olunmur.

Azərbaycanda parlament seçkiləri ərəfəsində müşahidə olunan siyasi mənzərə YAP istisna olunmaqla, seçkilərə qatılan digər siyasi qüvvələrin qalib gəlməyə inamının çox aşağı olmasıdır. Əksər cəmiyyətlərdə siyasi partiyalar seçki hazırlığına ən azı iki il əvvəldən start verir və öz namizədlərini və onların mübarizə aparacaqları seçki dairələrini bu müddət ərzində müəyyənləşdirirlər. Azərbaycanda parlament seçkiləri ərəfəsindəki situasiya isə bunun əksini göstərir. Məlum oldu ki, hətta seçkilərə start verilsə belə, siyasi partiyalar namizədlərini və seçki strategiyasını müəyyənləşdirə bilməyiblər. Belə vəziyyətdə cəmi 5 il əvvəlki siyasi aksiyaların müşahidə olunacağını da gözləmək doğru olmaz. Bitərəflər isə yenə də parlamentin önəmli bir hissəsinə iddia edəcək kimi görünmürlər.

Seçki Azərbaycanın siyasi xəritəsində hər hansı ciddi dəyişiklik vəd etmir. Müşahidələr və gedən proseslər seçkidən sonra yeni siyasi qüvvələrin də meydana çıxmayacağını söyləməyə əsas verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR