Suriya: ssenarinin inkişafı - TƏHLİL

Suriya: ssenarinin inkişafı - <font color=red>TƏHLİL</font>
# 08 aprel 2011 13:44 (UTC +04:00)
Hafiz Əsəd 1970-ci ilin noyabrında qansız çevriliş ilə hakimiyyəti öz əlində cəmləşdirdi və öz rəqiblərini səhnədən uzaqlaşırdı. Ölkədə BƏƏS partiyasının “dünyəvilik, sosializm, ərəb milliyətçiliyi” prinsipləri hakim idi, əslində bu prinsiplər eyni zamanda məhz ələvilərin yüksəlişini təmin etməyə yönəlmişdi. Bu gün də, ələvi olmayan birinin, hökumətdə, orduda, polis və təhlükəsizlik qüvvələrində vacib mövqe tutması mümkün deyil. Halbuki şimaldakı Latakiyyə (Laziqiyyə) bölgəsində yaşayan ələvilər, Osmanlının dağılmasından sonra çox kasıb və təsirsiz bir azlıq idi. Lakin I Dünya Müharibəsindən sonra, fransızların onlara muxtariyyət verməsi ilə, sünnilər arasındakı rəqabət və intriqalardan istifadə edən ələvilər, tədricən Dəməşqdəki vacib mövqeləri ələ keçirməyə nail olmuşdular. Ölkədə tək partiyalı sistem olub (digər 5 partiya BƏƏS-ın “peyk” partiyalarıdır), cinayət-prosessual, axtarış kimi məcburiyyət və qəti imkan tədbirləri məhkəmə təminatına sahib deyil. Qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyəti qadağan olunub, söz və media azadlığı da ümumiyyətlə mövcud deyil.

Hal-hazırda Suriyada işsizlik səviyyəsi 9 faizdir, Dünya Bankının göstəricilərinə görə adam başına düşən ümumi daxili məhsulun həcmi 2500 ABŞ dolları təşkil edir.

Ərəb dünyasında inqilablar davam edir və bu dalğa da Suriyadan yan ötməyib. Maraqlı olan, Suriyada başlamış qarşıdurmanın nə ilə nəticələnəcəyidir. Başqa sözlə desək, Bəşər Əsəd iqtidarı olduğu kimi qalacaq, islahatlar aparacaq? yoxsa ümumiyyətlə geri çəkilərək ələvi hökmranlığına son qoyacaq?

Bir ölkədə inqilabın yaxud çevrilişin uğurlu olması üçün, bunu şərtləndirən faktorlar mövcud olmalıdır. Burada hamısına toxunmayacağıq, lakin güclü ordunun olduğu rejimlərdə ordunun mövqeyi (kimin yanında yer alacağı) çox vacibdir.

Suriyada ordu və təhlükəsizlik qüvvələri, rejimin qatı tərəfdarıdır, digər tərəfdən də məzhəb fərqi nəzərə alınsa - xalqın əksərinə qarşıdır. Bəzi məqamlara toxunmaqda fayda var: Suriya sünniləri, hələ 50 il əvvəl Latakiya bölgəsində yaşayan ələviləri ümumiyyətlə həqiqi müsəlman saymadıqları və onlara əhəmiyyət vermədikləri halda, günümüzdə həmin ələvi qrupu ölkəni nəzarət altında saxlayır.

Ələvi güclərinin orduya, polisə və BƏƏS-a mübahisəsiz hakim olduğuna görə, (əsasən sünni olan) xalqına güllə atmaqdan çəkinməyən ələvi qruplaşmasına qarşı silahsız xalqın qısa müddət ərzində bir şey edə bilməyəcəyi aydın olur.

Əsəd iqtidarının 1982-ci il Hama qırğınından sonra “ixvanül-müslimin” sünni icmasını dağıtması ilə də, ölkədə ələvi hökmranlığına qarşı çıxa biləcək hər hansı effektiv bir dini icma mövcud deyildir. Diqqət olunsa, indiyə kimi müxalifət qruplaşması, ya da lideri kimi tanına biləcək hər hansı bir təşkilatın yaxud şəxsin adını eşitmək də mümkün olmur.

Fələstindən gələn və ölkədə yaşayan mühacirlər isə, habelə “HAMAS”ın Suriyadakı nümayəndələri Əsəd hökumətindən xeyli asılı vəziyyətdədir və üsyan məsələsində hər hansı həlledici rol oynaya bilməzlər.

Xalqın silahlandırılması ehtimalı da xeyli zəifdir. Bunun üçün ən azından qonşu dövlətlər buna cəhd etməlidirlər. Lakin bu ehtimal olduqca azdır.

Həlledici xarici faktor: Yuxarıda sadalanan səbəblərdən aydın olur ki, xarici qüvvənin təsiri olmasa, Suriyada Bəşər Əsəd iqtidarını dəyişmək mümkün olmayacaq. Beləliklə bu məsələdə əsas olan, Qərbin Əsəd (ələvi) hakimiyyətini dəyişməkdə nə qədər maraqlı olmasıdır. Bəs Suriyanın mövcud hakimiyyətində Qərbi narazı salan məqamlar nələrdir?

Suriya – İsrail, Suriya - İran münasibətləri: Suriya ilə İsrail demək olar ki müharibə vəziyyətindədir. Suriya Qolan yüksəkliklərindən imtina etmək niyyətində olmadığı kimi, “HAMAS” və “Hizbullah”a dəstək verir. Düzdür, Qolan təpələrinin qaytarılması qarşılığında Suriya “HAMAS” və “Hizbullah”dan dəstəyini çəkməyə, İsrail ilə sülh bağlamaya razıdır. Lakin Dekabr 2009 gizli ABŞ – Suriya danışıqlarından sonra, Bəşər Əsəd tələb etmişdir ki İsrail ilə sülh planı İran ilə münasibətlərdən ayrı qəbul edilməlidir. Başqa bir sözlə o, İrana dəstək vermək fikrindən daşınmayıb. Yanvar 2011-ci ildə, Qərbə sanki “acıq” kimi, Suriya, İran və Venesuela, İraq ərazisi üzərindən keçən bir qaz boru xəttinin inşasına dair memorandum imzalayıblar.

Ümumiyyətlə Suriya Qərb üçün “nəzarətsiz, itaətsiz” bir subyektdir. Məsələn uzun müddət terrorist təşkilat sayılan PKK və Abdullah Öcalanı öz torpaqlarında gizlətmiş, və ancaq Türkiyənin 1998-ci ildəki hədəsindən sonra Öcalan Suriyadan çıxarılmışdır.

Enerji resursları: Suriya kəşf olunmuş əhəmiyyət daşıyan miqdarda təbii sərvətlərə sahib deyildir. Məsələn İranla (140 mlrd. barel xam neft) müqayisədə Suriyanın neft ehtiyatları ancaq 2.5 mlrd. xam neft təşkil edir. Başqa bir sözlə Suriya cəlbedici enerji yataqlarına sahib deyildir.

Lakin ehtimal vermək mümkündür ki, Suriyada daha kəşf olunmamış xeyli neft-qaz yatağı var. Belə ki, Hafiz Əsəd iqtidarı xarici şirkətləri neft axtarışlarına çox da yaxın buraxmırdı. Düzdür, 1980-ci illərin əvvəllərində BP, Mobil və Exxon orda neft axtarıblar, amma daha sonra bu fəaliyyətlər xeyli azalıb.

Avtoritarlıq: Suriya 1970-ci ildən başlayaraq, Hafiz Əsədin, 2000-ci ildən bu yana da oğlu Bəşər Əsədin hakimiyyəti altındadır. Əslində Hafiz Əsəd hakimiyyəti digər oğlu Basil Əsədə verəcəkdi, o hərbçi və qərarlı idi, lakin 1994-cü ildə təsadüfən avtomobil qəzasında həlak olduğu üçün, hakimiyyət Avropada tibb təhsili alan Bəşərə verildi. Qərb təhsilini almış Bəşər Əsədin reformist olacağı gözlənirdi, buna dair vədləri də vardı, lakin onun bu reformları həyata keçirə bilməməsi ordudakı ələvi qruplaşmasının ölkədə nə qədər vacib yer tutduğunu göstərir. Ələvi inanışının ərəb dünyasında qeyri-populyar olması qarşısında, hakim (ələvi) qruplaşma “ərəb milliyyətçiliyi” ideologiyasına əl atmış, ərəblərin birliyinə, yəhudilər ilə düşmanlığa çağırmışdır. Ərəb dövlətlərində ən despotik rejim məhz Suriyadadır. Demokratik rejimlərlə razılaşmaq, onları yönləndirmək daim daha yüngüldür. Bu səbəblə Qərb, demokratik rejimləri daha çox “sevir”.

Habelə iri istehsalat və sənaye sahələri də Suriyada dövlət mülkiyyətindədir. Rejimin liberallaşması bunların özəlləşdirilməsinə gətirib çıxara bilər. Bunlar da Əsəd rejiminin dəyişməsi üçün Qərb üçün digər maraq faktorlarıdır.

Lakin bu gün şahid olduğumuz, Yaxın Şərqin yeni nüfuz dairələrinə bölgüsü prosesində, Suriyanın bu prosesdən kənarda nəzərdə tutulduğunu da gözləmək sadəlövhlük olardı. Bəs Əsəd rejimi dəyişdirilmək istənirsə, xarici qüvvələrin hansı yolla müdaxiləsi mümkün ola bilər?

Əsəd rejimi hal hazırda Qərb ilə danışıqlar aparmaqla, öz rejiminin davamlılığını təmin etmək istəyəcək. Lakin bu metod işə yaramayacaq. BƏƏS partiyasının əsası olan ərəb milliyyətçiliyi ideologiyası, orduya və polisə hakimdir. Bu ideologiya da həm populyar deyil, həm də Qərbin bəzi mövqelərinə xeyli ziddir.

Digər tərəfdən, Bəşər Əsəd ölkədəki digər ünsürlərə razılığa gəlməyə çalışacaq. Xristianlar, başda ermənilər, ki bunların sayı müxtəlif mənbələrə görə 80.000 ilə 130.000 arasındadır, Əsəd iqtidarına bir təhlükə törətmədikləri kimi, bir dəstək də olmayacaqlar. Əsəd Kürd qrupları ilə razılıq əldə etməyə çalışacaq və formal olaraq bu razılığı alacaq, lakin Kürd qrupları verdikləri dəstək sözlərindən ilk fürsətdə dönəcəklər. Suriya kürdləri sünni olmaları ilə bərabər, dini yox etnik birliyə üstünlük verirlər; belə olduqları halda hər hansı mədəni muxtariyyətə sahib deyillər. Əsəd iqtidarı onların öz dillərində oxuma və KİV-lərə sahib olma hüququnu tanımır və buna dair heç bir vəd verməyəcək.

Hər kəsi həyəcanlandıran bir digər sual bundan ibarətdir ki, Ələvi - BƏƏS ideologiyası əvəzinə, Suriya radikal sünni islam qruplaşmaların kontroluna keçməz mi? Xalqın çoxluğunu (74%) təşkil edən sünnilərin, radikal dini icmaları qalmadığı üçün, bu ehtimal zəif görünür. Qeyd etdiyimiz kimi, 1982-ci il Hama qırğınında “Müsəlman qardaşlara” aid 25 minə yaxın tərəfdarlar fiziki olaraq məhv edildikdən sonra, ciddi bir müsəlman icması hələ ki formalaşmayıb. Xarici (qərb) yardımın köməyi ilə hökumət qura biləcək hər hansı sünni qrup, islam radikalizminə əl atması çətin bir ehtimaldır.

Belə olan halda, xarici qüvvələrin ölkəyə müdaxilə etmələri üçün ən yaxşı zəmin, BMT Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsində olduğu kimi, “humanitar müdaxilə” üçün şəraitin yaradılmasıdır.

Suriya əhalisi həqiqətən də çox kasıb və narazı yaşayır. Müvafiq şəraitin formalaşması halında, onlar əlbəttə ki ələvi azlığın (15 milyon sünniyə qarşı idarə edən 1.3 milyonluq ələvi – şiə azlığı) devrilməsinə dəstək verəcəklər. Lakin Suriya ordusu, orta zabit heyətindən tutmuş generallara qədər əsasən ələvilərdən ibarət olduğuna görə, kütləvi ayaqlanma olsa belə onların xalqa qarşı silah tətbiq etmə ehtimalı xeyli yüksəkdir. Xarici “barmağın” təsirini istisna etməmək şərti ilə, Suriyada iğtişaşlar zamanı mülki əhali arasında ölənlərin sayının artma ehtimalı xeyli yüksək ola bilər. Suriyada bu cür bir qarşıdurma, xeyli qanın tökülməsinə səbəb olacaqdır. Çünki basqı rejiminə qarşı olan xalq nifrəti, habelə məzhəb düşmənçiliyi formasını alaraq daha da kəskinləşəcəkdir. Bu da qarşılıqlı zorakılığı artıracaq.

BƏƏS rejimi xalqa qarşı amansız olacaqdır. Nəticədə humanitar müdaxilə üçün əsas yaranacaqdır. Düzdür, hal hazırda Bəşər Əsəd dünya ictimaiyyətinə xəbər yollayır ki, insanları “tanınmayan silahlı qrup” qətlə yetirib, bununla əslində mülki ölümlərə görə öz üzərindən məsuliyyəti atmaq istəyir. Əslində, ölənlərin sayının artmasında xarici qüvvənin ola biləcəyi ehtimalını istisna etmək də düzgün olmazdı. Xüsusilə Fransa və İngiltərənin xüsusi xidmət orqanları, belə əməliyyatlarda xeyli ixtisaslaşmışdır. Bununla belə, prosesin belə inkişafı bir neçə ay tələb edəcəkdir.

Lakin müdaxilə üçün BMT TŞ Qətnaməsi tələb olunduğu üçün, Çin və Rusiyanın vetosu baryeri aşılmalıdır. SSRİ uzun illər Suriyanı dəstəkləmişdir, onun xeyli kadrını yetişdirmişdir. Çin bu məsələdə daha tez razılığa gələcək, Rusiyanın etirazı isə Suriyadakı mülki şəxslər arasında kütləvi ölümlərlə aşılacaq. Rusiya öz nüfuzunu itirməmək məqsədi ilə yenə bitərəf qalıb, sonradan Qərbi tənqid edəcəkdir. Bunun qarşılığında Rusiya, Qərbin Mərkəzi Asiya dövlətlərindəki proseslərə müdaxilə olunmayacağına dair vəd alacaqdır. Beləliklə, BMT Təhlükəsiz Şurası yeni qətnamə qəbul edəcək.

Qətnamənin icrasında Fransa, ABŞ və İngiltərə aktiv rol alacaqlar. Ərəb dövlətləri buna iştirak etməyəcəkdir.

Dr. Fərhad Mehdiyev,
Ph.D Ceyhun Mahmudov
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR