Cəmil bəy - TƏHLİL

Cəmil bəy - <font color=red>TƏHLİL</font>
# 05 iyul 2011 10:12 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. 12 sentyabr 1980-ci il dövlət çevrilişindən sonra keçirilən ilk parlament seçkisində (6 noyabr 1983) Turgut Özalın Ana Vətən Partiyası (ANAP) təkbaşına iqtidara gəldi. “Təkbaşına iqtidar demək” seçkidən birinci çıxanın həm Məclis başqanı seçimində, həm də yeni hökumətin qurulmasında güclü mövqedə olması deməkdir. ANAP-ın 8 il davam edən iqtidarı dönəmində Məclis başqanlarını seçmək üçün digər müxalifət partiyalarının dəstəyinə ehtiyacı qalmamış, Nəcməttin Karaduman, Yıldırım Akbulut və Kaya Ərdəm ANAP millət vəkillərinin dəstəyi ilə spiker kreslosuna oturmuşdular.

20 oktyabr 1991-də keçirilən seçkidə Süleyman Dəmirəlin Doğru Yol Partiyasının qalib gəlməsindən sonra Türkiyədə yenidən koalisiya dönəmi başladı. Məclis sədri seçilən Hüsaməttin Cindoruk koalisiyanın o biri ortağı olan Sosial-Demokrat Xalqçı Partiyasının (SHP) dəstəyinə ehtiyac hiss etmişdi. 20 ildən bəri Türk siyasətini yaxından izləyən müşahidəçi kimi Hüsaməttin Cindorukun 1991-95-ci illər arasındakı Məclis başqanlığı fəaliyyətini ondan üzü bəri gələnlərin hamısından üstün tuturam. İxtisasca hüquqşünas olan Cindoruk dövlət idarəçiliyindəki qüvvələr balansında həmişə Məclisin etibarını güclü tutmağa çalışdı, 1982-ci il Konstitusiyası üzərindəki ilk “demokratik əməliyyatlar” onun dövründə başladı və önəmli dəyişikliklər edildi, millət vəkillərinin toxunulmazlıqlarının qaldırılması üçün prokurorluqlardan gələn tələbləri əksər hallarda rədd etdi və s.

1995-in payızında DYP-CHP koalisiyasının pozulmasından sonra Tansu Çillər azlıq hökuməti qurmağa cəhd etdi: hökumət Məclisdən etimad ala bilməyincə, erkən seçki qərarı qəbul edildi. Hüsaməttin Cindorukun istefa verməsi ilə Məclis başqanlığına İsmət Sezgin seçildi. Sezgin 2 ay 1 günlük başqanlığı ilə TBMM-nin vəzifədə ən az qalan spikeri kimi tarixə düşdü.
İxtisasca həkim olan Ana Vətən Partiyasının Kütahya millət vəkili Mustafa Kalemli 1996-nın əvvəlində Məclisə sədr seçilənə qədər önəmli siyasi karyer qazanmış, Özalın iki hökumətində səhiyyə və daxili işlər naziri vəzifələrini tutmuşdu. Onun dönəmində ciddi siyasi islahatlara imza atıla bilmədiyi kimi, Kalemli “Məclisə alınan bahalı kreslolara görə” başqanlıqdan istefa vermək məcburiyyətində qaldı. 1998-99-un siyasi burulğanlarında Məclisin 5-ci partiyası olan CHP-nin Gaziantep millət vəkili Hikmət Çətin bir neçə ay başqanlıq kreslosuna otura bildi.
TBMM tarixində ikinci dəfə başqan vəzifəsinə seçilə bilən yeganə adam isə Ana Vətən Partiyasının Ankara millət vəkili, keçmiş baş nazir Yıldırım Akbulut oldu. 1999-cu ilin aprelində keçirilən seçkidə Məclisin 4-cü partiyası olan ANAP-ın Ankara millət vəkili kimi başqan seçilməsi - haqqında ən çox lətifə düzülüb-qoşulan Yıldırım Akbulutun hamı ilə dialoq yarada bilən bir siyasətçi olaraq qalmağa davam etdiyini göstərirdi. AKP-nin təkbaşına iqtidarına gedən dönəmdən təxminən 1 il qabaq MHP də mətləbinə çatdı və spikerlik kreslosu uğrunda 2001-in oktyabrında keçirilən seçkidə koalisiya partiyalarının da dəstəyi ilə Konya millət vəkili Ömər İzgini spiker kreslosuna oturda bildi.

AKP-nin tək başına iqtidarı dönəmində Məclis sədrləri

3 noyabr 2002-də keçirilən seçkidə AKP təkbaşına iqtidara gələn kimi Vəcdi Gönül də Məclis sədrliyinə namizəd olmaq istədi. Bülent Arınçın buna cavabı ənənəvi tərzdə idi: “O zaman ləzzətli bir yarış olacaq”. Kreslo bölüşümü o qədər sürətlə gedirdi ki, “ona kreslo çatmayacağını görən” Vəcdi bəy (özünün sözüdür) mili müdafiə naziri kreslosunu “özününkü” elan etdi (8.5 ildir, o kreslodan heç qalxmadı). Məclis başqanlığı dönəmində Bülənt Arınç ilk insidenti prezident Sezerlə yaşadı: 23 aprel milli müstəqillik və uşaq bayramı ziyafətinə prezident Sezer Məclis sədri Arınçın başı örtülü xanımını dəvət etməyincə Bülənt bəyin reaksiyası çox sərt oldu: “Bunun adı şeyini şey etdiyimin şeyidir”. ABŞ qoşunlarının İraqa Türkiyə üzərindən göndərilməsinə icazə vermək üçün 1 mart 2003-cü ildə Məclisdə keçirilən səsvermədə qərar layihəsinin qəbul edilməməsi uğrunda Bülənt Arınç çox çalışdı - səsvermədə istəyinə nail oldu. O vaxt hələ baş nazir kreslosunda oturmayan AKP sədri Ərdoğanın xahişinə baxmayaraq, qərar layihəsini yenidən səsverməyə qoymadı. Arınçın spikerlik dönəminin ən yadda qalan sözü onun dilindən tez-tez eşitdiyimiz “Məclisin etibarı” (önəmli qeyd: Bülənt bəy “c” hərfini elə tələffüz edir ki, insanın qulağına “Məylis” kimi gəlir) ifadəsi oldu. Siyasətdə mübahisə və müzakirə doğuran bir çox açıqlamalarına baxmayaraq, Arınç TBMM-nin etibarını yüksəldən bir spiker kimi tarixə keçdi.

22 iyul 2007-də keçirilən seçkidə AKP-nin öz iqtidarını güclü şəkildə davam etdirməsi nəzər-diqqətləri Abdullah Gülün prezidentliyə namizədliyi üzərində cəmləşdirərkən AKP-yə mərkəz sağdan gələn (bir vaxtlar Süleyman Dəmirəlin ən yaxınındakı siyasətçilərdən biri) Köksal Toptan Məclis başqanlığına namizədliyi verdi. Ana müxalifət partiyası CHP-nin də dəstəyini alan Toptan Məclis tarixində rekord səslə başqan seçildi. Başqanlığı dönəmində Köksal Toptan “hökumətin təsir dairəsindən çıxa bilmədiyinə” görə tənqidlərə hədəf oldu. 1 may 2009-cu ildə hökumətin tərkibində əsaslı dəyişikliklər edən Tayyip Ərdoğan Mehmet Ali Şahini ədliyyə naziri vəzifəsindən kənarlaşdırarkən siyasəti yaxından izləyənlər “cümə axşamının gəlişini çərşənbədən” sezmiş və yanılmamışdılar: avqustda Məclis başqanlığı üçün keçirilən seçkidə Şahin sədr seçildi. Mehmet Ali Şahinin dönəmi Türkiyənin 60 illik çoxpartiyalı həyatında dövləti meydana gətirən qüvvələr balansının hökumətin xeyrinə dəyişdiyi dövr kimi yadda qalacaq. Bu iddia sərt görünə bilər: ancaq indiyə qədər heç vaxt Məclisdə çıxış edən bir baş nazirin (Rəcəb Tayyip Ərdoğanın) yerdən replika atan müxalifət millət vəkillərini nəzərdə tutaraq spikerə (Mehmet Ali Şahinə) dönüb, “Bunları siz susduracaqsınız, yoxsa mən susdurum?” dediyini nə oxudum, nə də gördüm...

Və Cəmil Çiçək: Türkiyənin ciddi hüquq və siyasət böhranı yaşadığı bir vaxtda Dəniz Baykal və Köksal Toptandan sonra Məclisin ən təcrübəli millət vəkili olan Cəmil Çiçək sadəcə AKP-nin dəstəyi ilə spiker seçildi. O, ana müxalifətdəki CHP-nin də dəstəyini alaraq başqan seçilməyə təşəbbüs göstərdi, ancaq Kamal Kılıçdaroğlu onun seçilməsinə pozitiv yanaşsa da, indiyə qədər and içməmiş CHP millət vəkillərinin Cəmil Çiçəyə dəstək verməsindən söhbət belə getmədi. 2002-ci ildən bəri Tayyip Ərdoğanla eyni sırada siyasətə davam etsə də, Cəmil Çiçək siyasi mənşəyi etibarı ilə “milli mücadiləçilər” qrupuna aiddir. İxtisasca hüquqşünas olan Çiçək Ana Vətən Partiyasının qurucularından olsa da, 1983-cü ildə keçirilən seçki ərəfəsində hərbçilərin vetosuna məruz qalmış və ilk dəfə 1987-də parlamentə girə bilmişdi. O vaxtdan bəri sadəcə 1991-95-ci illər arasında Məclisdən kənarda qalan Çiçək, 1995 və 1999-dakı seçkilərdə Ərbakanın Refah və Fəzilət Partiyalarından millət vəkili seçilmişdi. 2002-dəki seçkidən sonra əvvəlcə Abdullah Gülün qısa müddətli hökumətində, sonra isə 1-ci Ərdoğan hökumətində ədliyyə naziri vəzifəsini tutan Cəmil Çiçək, Türkiyənin Avropa Birliyinə tam hüquqlu üzvlük müzakirələrində ölkənin ədliyyə sisteminin Kopenhagen siyasi kriteriyalarına uyğun vəziyyətə gətirilməsi üçün ən çox islahat aparan hökumət üzvü kimi tanınsa da, liberallar tərəfindən heç də təqdir edilmədi. Liberalların onu sevməməsinin əsas səbəblərindən biri də jurnalist Hrant Dinkin öldürülməsinə “laqeyd yanaşması” və “Türklər bir milyon erməni, 30 min kürd öldürdü” - deyən Orhan Pamuka qarşı sərt reaksiyaları idi (“Pamukun bu ölkəyə bunları yapmağa haqqı yoxdur” - sözlərinin manşetlərə çıxdığını xatırlayıram. 2009-cu ildə İğdır bələdiyyə başqanlığına seçkidən sonra “Terror təşkilatı Ermənistan sərhədinə qədər endi” - sözləri Cənubi-Şərq mənşəli millət vəkillərini qıcıqlandırmışdı). 2007-ci ildəki seçkidən sonra baş nazirin müavini vəzifəsinə gətirilən Cəmil Çiçək “dövlətçi və milliyyətçi” açıqlamalarından heç vaxt vaz keçmədi. 8.5 ildən bəri Gül və Ərdoğan hökumətlərinin mətbuat sözçülüyünü də yapan Çiçək, konsensus yaratmağa yatqın olan şəxsiyyəti və media ilə isti münasibətləri ilə yadda qaldı.

Türkiyə Cəmil Çiçək kimi təcrübəli bir siyasətçinin Məclis başqanı seçilməsini müsbət qarşıladı. Ölkənin ciddi hüquq böhranı yaşadığı bir vaxtda onun bu vəzifəyə seçilməsinin sıxıntıların aşılmasında önəmli rol oynacağına inananlar az deyil. Mən də inanıram.

Ədliyyə naziri olduğu vaxtdan tanıdığım Cəmil bəyi Türkiyə Böyük Millət Məclisinin başqanı seçilməsi münasibəti ilə təbrik edir, ölkənin sıxıntılı dönəmində zəngin təcrübəsini bir an əvvəl tədavülə daxil etməsini diləyirəm.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR