WikiLeaks-ın Ermənistanla bağlı açıqladığı yeni sənəd ABŞ-ın nüfuzuna böyük zərbədir – TƏHLİL

WikiLeaks-ın Ermənistanla bağlı açıqladığı yeni sənəd ABŞ-ın nüfuzuna böyük zərbədir – <font color=red>TƏHLİL</font>
# 30 sentyabr 2011 17:09 (UTC +04:00)
Bir neçə gün öncə ölkə mətbuatında geniş müzakirə olunan sənədlərdə ABŞ-ın Ermənistanda keçirilən seçkilərin total saxtalaşdırılmasına göz yumması, bu ölkənin mafioz, cinayətkar klanlar tərəfindən idarə olunması, Amerikanın Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində həyata keçirdiyi siyasət və digər maraq kəsb edən məsələlərə dair çoxsaylı faktlar ortaya çıxdı. Ehtimal etmək olardı ki, 2008-ci ildə Ermənistanda baş vermiş hadisələrlə bağlı ABŞ diplomatlarının göndərdiyi sənədlərin heç də hamısı açıqlanmayıb.

WikiLeaks-in yaydığı növbəti sənəd - ABŞ-ın Ermənistandakı səfirinin siyasi məsələlər üzrə müavini Jozef Penninqtonun 2008-ci il martın 10-da Vaşinqtona göndərdiyi teleqram sözün əsl mənasında şok effekti yaradır. Təsdiq olunur ki, ABŞ səfirliyi nəinki Ermənistanda baş verən bütün hadisələr (total seçki saxtakarlığı, müxtəlif klanlar arasında qarşıdurma, ölkədə çirkin siyasi mübarizə metodlarından istifadə edilməsi, mafioz idarəetmə, cinayətlərin sistemli xarakter alması) barədə məlumatlıdır, həmçinin onları dərindən analiz edir, müxtəlif ssenarilər və proqnozlar irəli sürür, ABŞ-ın Ermənistana dair siyasəti ilə bağlı təkliflər verir. Sənəddən görünür ki, ABŞ Ermənistan reallıqları barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasını istəmir, hakimiyyətə namizədləri araşdırır və özü üçün ən optimal variantı müəyyənləşdirməyə çalışır. Hətta saxta seçkilər, insanların qətli, sarsıdıcı cinayətlər, mafioz reputasiya ABŞ-ı S.Sarkisyanın xeyrinə seçim etməkdən çəkindirmir. İstənilən halda, bu sənəd ABŞ-ın riyakarlığını, heç də ədalət tərəfdarı olmadığını, bəyan etdiyi yüksək idealların isə təcavüzkar siyasət həyata keçirmək üçün şirma xarakteri daşıdığını açıq göstərər.

APA xüsusi qeydlərlə sənədi oxucuların diqqətinə təqdim edir.

10.03.2008
Jozef Penninqton
ABŞ-ın Ermənistandakı səfirinin
siyasi məsələlər üzrə müavini


Ermənistanın siyasi gələcəyi - biz hara gedirik?

Baş nazir Sarkisyanın fevralın 19-da seçkilərin 1-ci turunda səs çoxluğu qazandığına dair hökumətin iddiası ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun son aralıq hesabatı da daxil olmaqla digər sənədlərlə də şübhə altına alınır. Bundan başqa, Baş nazirin geniş miqyaslı güc tətbiq etməsi və fövqəladə hal elan etməsi onun legitimliyinin böhranına işarədir.

Qeyd: Bundan əvvəl yayılmış sənədlərdə ATƏT DTHB-nin rəyinin dəyişdirilməsi ilə bağlı bu quruma ABŞ tərəfindən təzyiq göstərildiyi bildirilmişdi. Səfirlik etiraf edir ki, saxta seçkilərə etiraz edən dinc mitinqçilərin gülləbaran edilməsi S.Sarkisyanın legitimliyini böyük şübhə altına alıb.

Rəsmi nəticələri təsdiqləyən Konstitusiya Məhkəməsinin martın 8-də verdiyi qərardan sonra hökumətin geri çəkilməsi və 2-ci tura getməsi mümkünsüz oldu, halbuki əksər ermənilər bu addımı ədalətli hal kimi qəbul edərdilər. Bu halda hadisələrin inkişafının bir neçə ssenarisini, o cümlədən, yeni prezidentin ciddi demokratik dəyişikliklər vasitəsilə siyasi böhranı yüngülləşdirmək və ictimaiyyətin rəğbətini qazanmaq variantını proqnozlaşdırmaq olar. Bizim ehtimal etdiyimiz digər variant isə Sarkisyanın polis və təhlükəsizlik qüvvələrinə arxalanaraq, əks mövqeli qüvvələrə təzyiq etməklə, ictimai narazılığın daha da artmasına və nəticədə siyasi böhranın dərinləşərək Sarkisyanın təhlükəsizlik orqanlarından asılılığına səbəb ola bilməsidir. Biz islahatlara sadiq olduğu təqdirdə Sarkisyanı dəstəkləməli və mükafatlandırmalıyıq. Bizim siyasi kursumuz Sarkisyanın müsbət istiqamətdə nümayiş etdirəcəyi liderlikdən asılı olacaq”.

Qeyd: Baş vermiş cinayətlərin miqyasına baxmayaraq müəyyən şərtlər altında Sarkisyanın dəstəkləməsinin mümkünlüyü barədə qeydlər ABŞ-ın nə dərəcədə “ədalətli” və “qanun tərəfdarı” olduğunu göstərir.

Sənədin “Tutarlı həqiqətlər” hissəsində səfirlik seçkilərin nəticələrinin böyük şübhə doğurduğunu bildirir. Bununla yanaşı, müxtəlif mülahizələrlə pərdələsə də, Koçaryan və Ter-Petrosyandan daha zəif və idarəolunan Sarkisyanın ABŞ üçün məqbul variant olduğu qənaətinə gəlir. Bunun üçün hətta seçki saxtakarlığı, qətllər törətmiş, qara ləkə içində olan bir şəxsə bəraət qazandırmağa cəhd göstərir. Həmçinin Ter-Petrosyan korrupsioner, saxtakar olduğu və hakimiyyəti devirmək üçün fürsət axtardığı qeyd edilir. Bununla yanaşı, etiraf olunur ki, əgər seçkilərin 2-ci turu keçirilsəydi, Ter-Petrosyan qələbə qazanardı.

Bizim siyasi analizlərimizi ağır reallıqlara əsaslanan bir neçə seçim variantı ortaya qoyur: Əksər müşahidəçilər Baş nazir Sarkisyanın seçkilərin birinci turunda legitim formada qalib gəldiyinə inanmır. Bu barədə mübahisə etmək bizim üçün çox çətindir

Qeyd: Bundan əvvəl yayılmış sənədlərdə bildirilir ki, Sarkisyan bəyan olunduğu kimi 52 faiz deyil, bundan 8-14 faiz az səs toplayıb. Ter-Petrosyan isə 21.5 faiz yox, 30-35 faiz arası səs yığıb.
Bu, onun özünün işi olmaya bilər. Prezident Köçəryan və digər nüfuzlu anti-demokratik qüvvələrin belə bir nəticənin əldə olunmasında öz maraqları ola bilər.

Sarkisyan müdafiə naziri vəzifəsində Ermənistanın Avro-Atlantik əməkdaşlığını gücləndirərək əla və qərbyönlü tərəfdaş kimi özünü göstərmişdir.

Qeyd: Rusiyanın nəzarətində olan bir ölkədə qərbmeylli və ən əsası, hərbi sahədə Qərblə əməkdaşlığa hazır olan siyasətçinin hakimiyyətin yüksək eşalonlarına yüksəlməsinə yalnız sadəlövhlər inana bilər. Belə bir şəxsin prezident olmasına icazə verilməsi isə mümkünsüzdür.

Sarkisyanın əsas rəqibi Levon Ter-Petrosyan (LTP) da heç də mələk deyil. Onun prezidentliyi dövründə hakimiyyət avtoritar və korrupsioner xarakter almışdır, 1998-ci ilin seçkiləri isə saxtalaşdırılmışdır. Levon Ter-Petrosyan və onun məsləhətçiləri özəl olaraq bildirirdilər ki, hazırkı hakimiyyət seçkiləri saxtalaşdıracaq və bu səbəbdən Levon Ter-Petrosyanın strategiyası seçkilərdə tam iştiraka deyil, post-seçkilər dövründə ictimai narazılığı səfərbər etməklə hakimiyyəti devirməyə yönəlməlidir.

Hadisələrin sonrakı gedişatı Levon Ter-Petrosyanın proqnozlarının doğru olduğunu göstərdi. Hakimiyyət bir çox meydanları bağladı, və müxalifətin beləliklə seçkidə qalib gəlmək imkanlarını heçə endirdi.
Post-seçkilər dövründəki hadisələr Levon Ter-Petrosyanı legitim müxalifət qüvvəsinə çevirdi.

Rejimin mitinqçilərə qarşı zor tətbiq etməsi, KİV-lərin məhdudlaşdırılması və digər təzyiq tədbirləri ictimai narazılıqları daha da gücləndirərək Levon Ter-Petrosyanı sevməyənləri də onu dəstəkləyənlərə çevirdi. Əgər seçkilərin 2-ci turu olsaydı, Levon Ter-Petrosyan Sarkisyana qalib gələrdi. Hazırda Ermənistan əhalisi Levon Ter-Petrosyanı güclənməkdə olan və bütün siyasi və iqtisadi hakimiyyəti monopoliyasına almağa çalışan Qarabağ klanını dağıdacaq yeganə qüvvə kimi görür.

Qeyd: Səfirlik etiraf edir ki, mövcud rejimin anti-demokratik və qəddar addımları Ter-Petrosyanın reputasiyasının güclənməsinə xidmət edir. Erməni xalqı artıq mafioz Qarabağ klanının hakimiyyətindən bezib. Seçkilərin 2-ci turu barədə proqnozlar isə əyani şəkildə göstərir ki, Sarkisyan repressiv metodlarla hakimiyyətə yiyələnmiş qeyri-legitim prezidentdir.

Levon Ter-Petrosyanın motiv və metodlarını nə qədər şübhə altına alsaq da, hazırkı seçkilərdə o və onun tərəfdarları zərərçəkən, Sarkisyan tərəfdarları isə qanun-pozanlar olaraq qalır.

Artıq Sarkisyanın legitimliyi çox zəifləmişdir. Vəziyyətdən çıxış yolu kimi icitmaiyyət qarşısında onun Köçəryandan aralanması, keçmiş səhvlərin etiraf edilməsi, və islahatlara başlayacağını elan etməsi ola bilər. Lakin Sarkisyan islahatlara hazır olduğunu hələ sübut etməyib.

Bu məsələdə neytral mövqe tutmaq qeyri-mümkündür. Bu istiqamətdə hər hansı addımımız rejimə və ya Levon Ter-Petrosyana dəstək kimi qiymətləndirilə bilər, bu da ki, hər iki tərəfdən öz maraqları naminə istifadə ediləcək.

Qeyd: Sənədin “Ehtimal ssenarilər” bölməsi səfirliyin hadisələrin gedişi ilə bağlı proqnozlarını əks etdirir. Penninqton 4 mümkün ssenari irəli sürür və təklif edir ki, yalnız demokratiya yoluna sadiq olduğu təqdirdə Sarkisyan dəstəklənə bilər. Lakin hadisələrin sonrakı gedişatı 3-cü ssenariyə uyğun olaraq Koçaryanın proqnozlarının doğru olduğunu təsdiq edir. Etirazçı kütlə repressiya və təzyiqlərlə susdurulur, cəmiyyət əvvəlki durğunluq şəraitinə qaytarılır, demokratik təsisatlar, o cümlədən media sərt nəzarətə götürülür, narazı qüvvələr tam neytrallaşdırılır, qərbləşmə və demokratikləşmə pərdəsi altında siyasi və iqtisadi korrupsiya çiçəklənir və 1-ci ssenarinin nəticəsinə uyğun olaraq Ermənistan özünün post-sovet tarixində ən avtoritar rejiminə malik olur. Bütün bunlar Ermənistanda qəddarlıq və total saxtakarlığa göz yuman ABŞ və tərəfdarlarının seçimi nəticəsində baş verir.

Ssenari 1 – Uzanan durğunluq, qeyri-stabil vəziyyət, repressiyalar. Biz qorxuruq ki, orta və uzun müddətli gələcəkdə Sarkisyan ağır təzyiqlərə əl atacaq, Levon Ter-Petrosyanın artan rəğbətinə rəğmən güc strukturlarından istifadə edərək onları neytrallaşdıracaq. Nəticədə isə Ermənistan özünün post-sovet tarixində ən avtoritar rejimə malik olacaq.

Ssenari 2 – Köçəryanın dediyi doğru olur, narazılıq səngiyir, passivlik hökm sürür. Köçəryan Brayza ilə görüşdə bildirmişdi ki, geniş xalq narazılığı tezliklə səngiyəcək. Etiraz aksiyalarının təşkilatçılarını həbsdə saxlamaqla narazıları sakitləşdirmək və tədricən əvvəlki durğunluğa gətirmək mümkün olacaq. Nəticədə isə hər şey əvvəlki kimi normallaşacaq, yayım mediası sərt nəzarət altında qalacaq və bir sıra qüvvələr hədləri tanıyacaq. Növbəti canlanma şəraiti yaranmayana qədər belə bir staqnasiya, siyasi və iqtisadi korrupsiya Qərbləşmə və demokratikləşmə pərdəsi altında davam edəcək.

Sseanri 3 – Sarkisyan liderə çevrilir. Sarkisyanın ata biləcəyi ən konstruktiv addım milli barışığa və hökumətdəki korrupsioner elementlərin təmizlənməsi üçün ciddi işlərə başlaması ola bilər. Bunun üçün fövqəladə halın götürülməsi, KİV-də məhdudiyyətin azaldılması və dövlət kanallarında siyasi təbliğatın dayandırılmasından başlamaq gərəkdir. Milli teleradio yayım komissiyasında və İctimai TV-də obyektiv və balanslı verilişlərin başlaması mühüm addım olardı. İstər hökumətyönlü, istərsə də müxalifət arasında seçkilər zamanı cinayətə yol vermiş şəxslərin mühakimə edilməsi və müxalifətyönlü şəxslərin qanunsuz həbsdən azad edilməsi ona inamı xeyli artırmış olar. Öz komandasında da ciddi yeniliklər etməsi, yeni kabinetin formalaşması, korrupsionerlərin təmizlənməsi ictimaiyyət tərəfindən dəstəyə səbəb olar.

Ssenari 4 – Sarkisyan devrilir. Bir sıra qeyri-müxalif siyasi analitiklərin Sarkisyanın hakimiyyətdə çox qala bilməyəcəyini, 1-2 ildən artıq hakimiyyəti saxlaya bilməyəcəyini bizə şəxsi görüşlərdə bildirməsi bizi xeyli təəcübləndirdi. Ermənilər 1 Mart hadisələrindən çox sarsıldılar. Bu günədək heç bir Ermənistan hökuməti tələfata yol verəcək qədər zordan istifadə etməmişdir. Belə olan halda ictimaiyyət tərəfindən daha sərt reaksiya ola bilər və ya rejimə qarşı gücdən daha çox istifadəni tələb edə bilər. Erməni polisinin vətəndaşa atəş açması Rubikon çayını keçmək kimi qiymətləndirilir.

Qeyd: Sənədin “Biz nə edə bilərik?” adlanan hissəsi ədalətsizliyin bariz nümunəsidir. Bir tərəfdən Sarkisyanın yalnız demokratik dəyərlərə doğru seçim edəcəyi təqdirdə dəstəklənməsi şərt kimi ortaya qoyulur, digər tərəfdən isə onun tez bir zamanda təbrik edilməsi müzakirəyə çıxarılır. Beləliklə, ABŞ bəyan etdiyi prinsiplərin əleyhinə olaraq fevralda saxta seçkilərlə hakimiyyəti ələ almış, martda isə onlarla dinc etirazçını qətlə yetirmiş mafioz Sarkisyanı aprelin 9-da təbrik etməyə qərar verir.

Müsbət əməlləri mükafatlandırmaq. Sarkisyan 3-cü ssenarini seçərsə, biz mümkün qədər onu dəstəkləməliyik. Bu istiqamətdə, həmçinin Levon Ter-Petrosyan ilə hökumət arasında barışığa nail olmaq üçün mühüm mesajlarımızı verməliyik.

Öz prinsiplərimizi güzəştə getməyərək, biz həm Baş nazirə, onun komandasına və müxalifətə də bu böhranda onların hamısının məsuliyyətini açıq bildirməli, və sonda onların cavabdeh olmalarını vurğulamalıyıq. Səhv hərəkətləri ABŞ-ın müvafiq reaksiyasına səbəb olacaq. Biz demokratiyaya olan sadiqliyimizi ictimaiyyət qarşısında itirməməliyik.

Sarkisyanı nə zaman təbrik etməli? Brayzanın ötən həftə səfəri müddətində Qərb diplomatik missiyaları ilə görüşdə Sarkisyanın seçkilərdə qalib gəlməsinin nə zaman təbrik edilməli olduğu müzakirə edilmişdir. Tövsiyə olundu ki, onun prezident seçilməsi a) fövqəladə hal vəziyyəti qaldırıldıqdan və ya b) 9 Aprel inauqurasiya mərasimi öncəsi təbrik edilsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR