Bir tarix daha köçdü... - ANIM

Bir tarix daha köçdü... - <font color=red>ANIM </font>
# 16 yanvar 2012 15:30 (UTC +04:00)
Təkcə Ankaranınmı? Bəs Nikosiyanın rum tərəfinin, bəs yunanların, bəs ingilislərin, bəs amerikanların, bəs avropalıların, bəs BMT baş katiblərinin, bəs prezidentliyinin son illərində Kofi Annanın Kipr üzrə xüsusi təmsilçisi Alvaro Desotonun? Anası ölmüş Desoto Parisdə bir jurnalistə deyibmiş ki, dünyada Denktaş kimi zəkalı və məntiqli siyasətçi görmədim....

Cengiz Çandar yazmışdı ki, 1989-un dekabrında Avropadan qayıdıb adaya onu görməyə getmişdim. (Bir vaxtlar Denktaşın müşaviri olmuş Cengiz Çandar daha sonra mövqeyini 180 dərəcə dəyişərək onu sərt tənqid edirdi). “Girnədə evdən çıxıb Nikosiyaya gedirdi. Mənə dedi ki, Nelson Ledski ilə narah edəcəyik, sən də gəl, ancaq qətiyyən özünü ona tanıtma. Mən deyəcəm ki, əmim oğludur. Qışın bu vaxtında, həm də əvvəlcədən xəbər vermədən adaya getməyim onda şübhə oyandırmışdı, ancaq səbəbini dəqiqləşdirə bilmədiyinə görə yolda soruşdu: mənə bax, qışın bu vaxtında buralarda xeyr ola? Dedim ki, Avropadakı diktatura rejimlərinin necə dağıldığını gözlərimlə gördüm, sizə məlumat vermək üçün gəldim, ancaq bu səpkili cavablarla onun şübhəsini aradan qaldırmağın mümkün olmadığını da yaxşı bilirdi. Ledski ilə naharın axırına qədər ağzımı da açmadım. Masanın arxasından durmağa yaxın Ledski mənimlə maraqlanmaq istəyirdi ki, Denktaş bir anda ayağa qalxıb “nahar bitmişdir” dedi və qonaqları yola saldı...”

Önümdə Şimali Kiprin varlığı uğrunda mübarizənin 10 ilini (1964-74) günbəgün, saatbasaat əks etdirən xatirələri. Bu dəqiqlikdə ikinci bir dövlət adamını da mən görmədim. Onun mübarizəsi sayəsində Kipr adasındakı türklər yox olmaqdan qurtulub müstəqil dövlət qura bildilər. Nəinki Ankaranın, dünyanın başına “noxta salma” qabiliyyəti olmasaydı, qurduğu dövlətin yaşamasına qətiyyən imkan verməzdilər. Ərdoğan hökuməti özünü Avropa Birliyinin rüzgarına verib adada federativ dövlət qurulması üçün 2004-ün aprelində referendum keçirilməsinə nail olmuş, türk tərəfi Annan planını qəbul etmiş, rum tərəfi isə rədd etmişdi. Ankaradakı hökumət bu nəticəni prezident Denktaşın məğlubiyyəti, özünün qələbəsi kimi dəyərləndirirdi, ancaq mikrofonların qarşısına keçən Denktaş “Rum tərəfinin Annan planını rədd etməsindən sonra dövlətimiz müstəqilliyini qorumuşdur” - sözləriylə lazımi ünvanlara gərəkli cavabını göndərmişdi.

O, qurduğu dövləti yaşatmaq “xəstəsiydi”. Apreldə Annan planının Kiprin rum icması tərəfindən rədd edilməsindən sonra onu çox məmnun edən başqa bir hadisə 28 iyunda yaşanmışdı: Bakıdan Nikosiyaya birbaşa uçan ilk təyyarəni aeroportda özü qarşılayaraq qonaqları bağrına basmışdı. 2005-in aprelində prezidentliyə bir daha namizəd olmamış və sonralar sıravi vətəndaş kimi getdiyi Bakıda hərarətli qarşılanması onu yenə və yenidən çox sevindirmişdi. Rəsmi vəzifəsindən ayrılar-ayrılmaz Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti bayraqlarını alıb Lozannaya getmiş, orada 23 iyulda keçirilən yürüşdə hamıdan qabaqda yürümüşdü. Lozannadakı o tarixi yürüşdə Türkiyəni gözləyən təhlükələrə qarşı mübarizə aparmaq üçün yeni bir qurumun ideya təməli atılmışdı: “Erməni soyqırımı” böhtanlarına qarşı Tələt Paşa Komitəsi qurulacaqdı. Beynəlxalq siyasəti səthi şəkildə izləyənlərə Rauf Denktaşın “erməni soyqırımı” böhtanlarına qarşı mübarizə aparması qeyri-adi görünə bilərdi, ancaq Rauf bəyin o addımı nə qədər vaxtında atdığı çox keçmədən məlum olacaqdı. Avropa Birliyinin Türkiyəyə qarşı planlarından xəbərdar olan Rauf Denktaş “erməni soyqırımı” böhtanlarıyla Qərbin Türkiyəni başqa bir cəbhədən təzyiq altına alacağını və başgicəlləndirici təzyiqlər vasitəsilə Kiprdə güzəştə məcbur edə biləcəyini öncədən görmüş, Tələt Paşa Komitəsinin fəxri sədri olmağı qəbul etmişdi. O, siyasətdə öncədən sezmənin ən böyük ustalarından biri olduğuna görə Kofi Annan da, Alvaro Desoto da ən önəmli planları kimi gördükləri “Kipr sülh planı”nı həyata keçirə bilmədən vəzifələrindən ayrıldılar. Komitənin 22 yanvar 2006-cı ildə İstanbulda keçirilən təsis iclasının fasiləsində icazəsini alaraq mikrofonu ona uzatmışdım:

- Hörmətli prezident, il yarım əvvəl Bakıdan Nikosiyaya birbaşa ilk təyyarə uçdu. Daha sonra siz Bakıya getdiniz. Sizcə, proseslər hansı istiqamətdə irəliləyir?

- Onun arxası gəlmədi. Çünki Avropa Birliyi Azərbaycanı fəna sıxışdırdı, ona görə davam edə bilmədi. Biz bu sıxışdırmalara baxmayaraq, davam etməsini istəyirik, gözləyirik. Ancaq sizin çətinliklərinizi də anlayırıq.

- Azərbaycan prezidenti dedi ki, biz ilk addımı atdıq, bundan sonra digər türk cümhuriyyətləri bu addımları davam etdirsinlər.

- Doğrudur, doğrudur. Bu, birlikdə yürüdülməsi lazım olan bir işdir. Çox doğru söyləmişdir. Bizim hökumətimiz də digər hökumətlərlə əlaqələri gücləndirməkdədir. İnşallah, başarılı olacaqlar. Gözəl Azərbaycana salamlarımızı, sevgilərimizi çatdırın...

...Düz 3 il əvvəl Tələt Paşa Komitəsinin Taksimdəki “Marmara” otelinin 15-ci mərtəbəsində keçirilən qapalı iclası ərəfəsində soruşmuşdum:

- Siz uzun mübarizədən sonra müstəqil dövlət qurub yaşadan lidersiniz. Azərbaycan torpaqlarının erməni işğalı altında olduğundan xəbərdarsınız. Torpaqlarımızı işğaldan xilas edib ərazi bütövlüyümüzü bərpa etmək üçün nə tövsiyə edərdiniz – ermənilərlə sülh müzakirələrinə davam etməyi, yoxsa işğala son qoymaq üçün mümkün olan bütün variantları həyata keçirməyi?

- Hər şeydən əvvəl gəncliyə Qarabağ məsələsi və əziz vətən torpaqlarının işğal altında olması bir an olsun unutdurulmamalıdır. Əziz vətən torpaqlarının işğal altında qalması qəbul edilə bilməz. O torpaqları gənclərimiz xilas edəcəkdir, ona görə də gəncliyimizi tamamilə Qarabağın azad edilməsi ruhunda tərbiyə etməliyik. İndi Şimali Kiprdə də gəncləri aldadırlar ki, müstəqil dövlətinizdən vaz keçib haqlarınızı rumlara verərək AB-yə girsəniz, göydən dollarlar yağacaq və sizin gələcəyiniz təminat altına alınacaq. Bu, tamamilə yalandır...

...Həyatının son saatlarında qızına dediyi sözlər də əziz vətən torpaqlarının onun üçün nə qədər qiymətli olduğunu bir daha göstərdi. Şimali Kipr Türk Cümhuriyyətinin gələcək nəsillər tərəfindən əbədi yaşadılması üçün həyatının son dönəmlərində fikir və düşüncələrini “Yeni çağ” qəzetindəki köşəsindən oxucularla bölüşürdü. Məntiqli müqavimət onun siyasi və diplomatik fəaliyyətinin əsas prinsipi idi və o prinsip 40 il boyunca çoxlarını diz üstə gətirməyin başlıca vasitəsi olmuşdu. Kitabları və “Yeni çağ”dakı yazıları türk tarixinin bundan sonrakı nəsilləri üçün həmişə ən dəyərli mənbələr olacaq....

...Tələt Paşa Komitəsinin iclaslarına imkanları əl verdikcə gəlirdi. Bu, ona kin-küdurət bəsləyənlər üçün əlavə bir şantaj vasitəsinə çevrilmişdi. Belə ki, Avropa Birliyinin Türkiyədəki keçmiş təmsilçisi Karen Foq Türkiyə mətbuatında Rauf Denktaşın əleyhinə kampaniyalar aparmaq üçün maddi vəsait ayırdıqlarını və bəzi yazarları (məsələn, “Zaman” qəzetindən Şahin Alpay) bu işə cəlb etdiklərini hələ 2000-ci illərin əvvəllərində elektron poçt məktublarında açıq şəkildə yazmış və Foqqun məktubları bir jurnalda çap edilmişdi. Ərdoğan hökumətinin “qazan-qazan” formuluyla dəstək verdiyi Annan planının rumlar tərəfindən rədd edilməsinə və 1 ildən sonra rəsmi vəzifəsindən ayrılmasına baxmayaraq, Rauf Denktaş həm AB-nin, həm Türkiyədə AB-dən maddi yardım alan dairələrin hədəfində qalmağa davam edirdi. Ona qarşı təbliğatların bir ucunu “Ergenekon” deyilən prosesə bağlamaq cəhdləri çərçivəsində “Reuters” agentliyində “Ergenekon Kiprə sıçradı, Rauf Denktaş həbs edilə bilər” şəklində saxta xəbər yazıldığına özüm şahid olmuşdum. Türkiyədə iqtidara yaxın olan və AB-nin maddi dəstəyindən faydalanan yazar və jurnalistlər Rauf Denktaşı “Kipr probleminin həllinin önündəki ən böyük əngəl” kimi təqdim edir və onun hakimiyyətdən uzaqlaşmasıyla Şimali Kipr türklərinin AB-yə daxil olaraq cənnətin açarını əldə edəcəklərini yazırdılar.

Beş-altı ay əvvəl Savaş Süzal “Yeni çağ”a Vaşinqtondan yazmışdı: oradakı növbəti toplantıların birində otelin barında Mehmet Əli Birandı görən Rauf Denktaş ona “Nə xəbər, Karen Foqqun uşağı?”- deyib. Birand “Niyə elə dediniz?” - soruşanda Denktaş cavab verib ki, fahişə uşağı demədim, ona görə o cür dedim. Avropa Birliyi Denktaşı hakimiyyətdən uzaqlaşdırmaq üçün həm onun əleyhinə təbliğata 200 milyon dollar ayırmış, həm də onun yerinə gətirməyi planlaşdırdığı Mehmet Əli Tələtə AB ilə ticarət üçün 159 milyon avro pul verməyi vəd etmişdi. Sonralar Mehmet Əli Tələtdən də bir neçə dəfə müsahibə almış, AB-nin öz öhdəliklərini yerinə yetirməməsinə görə yaşadığı sıxıntıları görmüşdüm.

Mehmet Əli Tələt prezident kreslosuna oturandan sonra Rauf Denktaşın ilk açıqlamalarından biri “indi prezident kimi rumları daha yaxşı tanıyacaq” olmuşdu. 5 il iqtidarda qalan Mehmet Əli Tələtin bütün cəhdlərinə baxmayaraq, nə rumlarla ortaq məxrəcə gəlmək mümkün oldu, nə də Avropa Birliyi maddi dəstək və embarqoların yüngülləşdirilməsi üçün verdiyi sözləri yerinə yetirdi. İqtidarının sonuna yaxın Tələtin də “Adada 2 müstəqil dövlət” prinsipinə yaxınlaşdığı görünməkdə idi. Və 12 iyun 2011-də Türkiyədə keçirilən seçkidən sonra Şimali Kipr Türk Cümhuriyyətinə gedən baş nazir Tayyib Ərdoğanın çıxışını dinləyənlər türk hökumət başçısının da Rauf Denktaşın illərdən bəri müdafiə etdiyi xəttə gəldiyini görəndə təəccüblərini gizlədə bilməmişdilər.

Əslində Avropa Birliyi birinci AKP hökumətinin xarici işlər naziri Abdullah Gülün çoxsaylı xəbərdarlığına qulaq asmayaraq, Cənubi Kipri 2004-cü ildə adanın yeganə təmsilçisi kimi birliyin tam üzvlüyünə qəbul edəndə məsələni hamının nöqteyi-nəzərindən daha da mürəkkəbləşdirmişdi. 20 iyul 1974-də Kipr adasına təşkil edilən “Sülh hərəkatı” vaxtı Ecevitin başçılığındakı koalisiya hökumətinin ortağı olan Nəcməddin Ərbakan AB-nin təlqinlərini dinləyərək adadakı “çözüm”dən danışan Ərdoğanı “Aman ya rəbbim, bu nə ağıl, bu nə məntiqdir? Çözülmüş bir məsələni yenidən gündəmə gətirib “çözmək” nə deməkdir?” - sözləriylə sərt şəkildə tənqid edirdi...

Prezidentlikdən ayrılandan sonra R. Denktaş Türkiyədəki şizofren intel-dantel liberalların qəzetlərdəki köşələrindən vicdanın, insafın qəbul etməyəcəyi hücumlarına məruz qalsa da, ŞKTC-nin müstəqil dövlət kimi varlığını qoruması üçün daha çox çalışırdı. Türk ordusunun adanın şimal qismindən çıxması üçün AB-nin prezident Mehmet Əli Tələtə və Ərdoğan hökumətinə təzyiqləri artanda Türkiyəni qarış-qarış gəzərək xalqa cərəyan edən proseslər barədə ətraflı məlumat vermiş və türk ordusunun adanın şimalından çəkilməsinin Kipr türkləri üçün yeni bir faciə olacağını vurğulamışdı. Heç unutmuram, Bursadakı bir konfransda çıxış edərkən ağlamış və bu, baş nazir Ərdoğanın xoşuna gəlməmişdi. Tayyib bəyin o vaxt göstərdiyi reaksiyanı Rauf Denktaşa yapılmış ən böyük haqsızlıqlardan biri kimi heç vaxt unutmayacağam...

...İstanbula gəlişimizdən bir qədər sonra mərhum Aydın Bolakın konsulluq açmaq üçün verdiyi binada səliqə-sahman işləri apararkən Şimali Kipr Türk Cümhuriyyətinin baş konsulu Münir Muhtaroğlu demək olar ki, hər gün bizə baş çəkir və hər gəlişində mütləq prezident Denktaşın fəaliyyəti barədə söhbətimiz olurdu. O vaxta qədər gözümüzdə onsuz da əfsanəyə dönmüşdü. Türkiyə Böyük Millət Məclisi o vaxta qədər 2 dövlətin başçısına öz kürsüsünü açaraq Rauf Denktaş və Əbülfəz Elçibəyə millət vəkillərinin qarşısında çıxış etmək fürsəti vermişdi. Hər ikisinin çıxışı türk dünyası arasındakı birlik və əməkdaşlığın qurulması barədə olmuşdu. Azərbaycanın müstəqilliyinin güclənməsinə ilk gündən böyük önəm verdiyinə görə Şimali Kipr Türk Cümhuriyyətinin diplomatlarının azərbaycanlılarla yaxın əlaqə yaratması üçün birbaşa özü təlimat veribmiş. Sonralar Zəki Qazioğlu ilə qurduğumuz yaxın münasibət də ŞKTC-nin bizə, bizim “yavru vatan”a verdiyimiz qardaş dəyərinin ifadəsi idi....

...1997-nin aprelində İstanbulda keçirilən növbəti türk qurultayı ərəfəsində Alparslan Türkeşin vəfatı hamını dərindən sarsıtmışdı. Başbuğu layiq olduğu şəkildə əbədi istirahətgahına yola salandan sonra İstanbuldakı qurultayda kürsüyə çıxan Rauf Denktaş “Bu qurultaya içimiz qan ağlayaraq gəldik, çünki türklük mübarizəsinin mənşəcə kiprli olan əfsanəvi lideri Alparslan Türkeşi itirdik” - sözləriylə başlayan çıxışı ilə hamının qəlbini bir daha titrətmişdi...

Müdhiş müzakirəçilik qabiliyyəti olmasına baxmayaraq, həmişə özü kimi məntiqli, dərin bilikli və ŞKTC-nin müstəqilliyindən heç bir halda vaz keçməyəcək diplomatlar və elm adamlarından ibarət müşavir heyəti ilə işləyirdi: hansı müzakirəyə getsə, Türkiyənin keçmiş xarici işlər naziri Mümtaz Soysal yanında olurdu, Onur Öymən 70-ci illərdə ŞKTC-də işlədiyi dönəmlərdən ömrünün axırına qədər fikir paylaşdığı dəyərli bir diplomat idi...

Türkiyə 20 iyul 1974-dəki Kipr “Sülh hərəkatı”nın infrastrukturunu ta 1958-dən hazırlamağa başlamışdı. İşin təməli Rauf Denktaşın mübariz şəxsiyyətinə güvənilərək atılmış, “polkovniklər xuntası”nın Yunanıstanda dövlət çevrilişi etməsindən sonra Bülənt Ecevitin baş nazir, Nəcməddin Ərbakanın baş nazirin müavini olduğu koalisiya hökuməti Kipr adasına ordu göndərməyi qərarlaşdırmışdı. Hərəkat başlamazdan əvvəl 1 günlüyə Londona gedib-qayıdan 49 yaşlı Bülənt Ecevit kameraların qarşısına keçərək, “Türkiyənin 1960-cı il London və Sürix sazişlərindən irəli gələn təminatçılıq hüququndan istifadə edərək, təkcə adadakı türklərə yox, həm rumlara sülh apardıqlarını” açıqlamışdı. Üç günlük hərbi əməliyyat nəticəsində rumların adanın şimal qismində yapdığı qətliamlara son qoyulmuşdu. Nəcməddtin Ərbakan “sülh əməliyyatı”nı dayandırmaq üçün BMT-nin Türkiyəyə ultimatum verməsinə qədər adanın bu başından girib o başından çıxmaqda və “rumları dənizə tökməkdə” təkid etsə də, türk ordusu adanın təxminən yarısına qədər gedib əməliyyatı dayandırmışdı. Atəşkəs elan ediləndən sonra Cenevrədə müzakirələr başlamışdı. Bülənt Ecevit sonralar etiraf edirdi ki, ingilislər baş nazirin icra aparatının telefonlarını dinlədiyinə görə, kabinet üzvləri ilə əksər söhbətlərimizi kənarda üzbəüz edirdik. Cenevrədə Türkiyə adından danışıqları xarici işlər naziri Turan Günəş aparırdı. Bülənt Ecevitlə Turan Günəş öz aralarında anlaşıblar ki, əgər adada Türkiyənin ikinci dəfə hücuma keçməsinə ehtiyac olsa, onda Turan Günəş “Ayşe tətilə çıxır” - parolunu söyləyəcək (Ayşə nazir Turan Günəşin qızıdır, indi professordur). Bu paroldan istifadə edilsə də, Türkiyənin ikinci “sülh əməliyyatı”na başlamasının qabağı BMT tərəfindən alınmışdı. “Ayşənin tətilə çıxa bilməməsinə” rəğmən, Türkiyənin təminatçılıq hüquqları çərçivəsində türk ordusu adadakı sülhü qorumaq üçün orada qalmışdı.

“Sülh əməliyyatı”na görə Türkiyə Qərbin uzun müddət davam edən iqtisadi-hərbi embarqosyla üz-üzə qalmışdı. Bülənt Ecevit 2001-ci ildə yaşanmış ağır iqtisadi böhranın səbəbini izah edərkən “Qərbin 1974-cü il “Sülh hərəkatı”na görə ondan intiqam aldığını” acı şəkildə etiraf edəcəkdi. Adanın türk icmasının lideri olan Rauf Denktaş isə 15 noyabr 1983-də Şimali Kipr Türk Cümhuriyyətini elan edərək türklüyün tarixində yeni bir qürura imza atmış, Qərbin bütün təzyiq, təhdid, şantajlarına boyun əymədən köksünü öz övladı kimi böyütdüyü dövlətə sipər etmişdi.

Vatanın bağrına düşman dayamış hançerini
Bulunur kurtaracak bahtı kara maderini...


Mustafa Kamal Atatürkdən sonra bu misraları ən çox haqq edən lider Rauf Denktaşdır . Türk milləti Kipr adasından silinmək üzrə ikən meydana girib həm xalqını xilas edən, həm öz əliylə yaratdığı dövləti ona miras qoyaraq gedən bir Rauf Denktaş keçdi bu dünyadan...

Əbədi istirahətə çıxdı...

Nur içində yat, böyük mücahid, böyük lider, böyük dövlət adamı...

Böyük Türk....

Tanrı Türkü qorusun....
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR