Türkiyə müharibənin astanasındadırmı? - TƏHLİL

Türkiyə müharibənin astanasındadırmı? - <font color=red>TƏHLİL</font>
# 04 oktyabr 2012 10:47 (UTC +04:00)
Xarici işlər naziri Əhməd Davudoğlu bir tərəfdən Suriya müxalifətini vahid təşkilatda birləşdirməyə çalışarkən, digər tərəfdən okeanın o tərəfindəki həmkarını cərəyan edən proseslərlə bağlı anbaan bilgiləndirirdi. Dövlət katibinin 2 ay əvvəlki səfəri zamanı İstanbulda keçirdikləri müştərək mətbuat konfransında Hillari Klinton və Əhməd Davudoğlu bir tərəfdən Suriyadan gələn qaçqınların Türkiyənin cənub bölgəsindəki (xüsusilə Hataydakı) düşərgələrinin getdikcə artan ehtiyaclarının təmin edilməsi üçün dünyadan təcili 300 milyon dollar yardım istəməklə qalmayıb, sərhədin o tərəfində yaradılacaq tampon bölgə də daxil olmaqla, bütün effektiv variantları müzakirə etdiklərini və konkret addımlar dönəminin yaxınlaşdığını vurğulamşdılar.

Ə. Davudoğlunun 1 ay əvvəl BMT Təhlükəsizlik Şurasındakı çıxışı soyuq qarşılandı, Rusiya və Çin hörmətli nazirin sözlərini heç ciddiyə almadığı kimi, Türkiyə mediasının bir qismi nazirin istefasını yenidən gündəmə gətirdi. 2 ay əvvəl Hataydakı qaçqınların düşərgəsinə CHP millət vəkillərinin girməsinə icazə verilməməsi təkcə o düşərgəni yox, orada və ya Türkiyənin başqa bölgələrində barınan “Əl-Qaidə” terrorçularının Suriyadakı savaşda iştirak etmələrini, indi Suriyaya qarşı savaşan o terrorçuların daha sonra Türkiyənin başına bəla olacağının da yüksək səslə tələffüz edilməsinə səbəb oldu. Hataydakı düşərgədə məskunlaşmış “Azad Suriya Ordusu”nun təxminən 2 həftə əvvəl oranı tərk edib sərhədin o tərəfinə keçməsi Türkiyə ilə Suriyanın bu qədər sürətlə müharibənin astanasına gələcəyi barədə təxmin yürütmə imkanı vermirdi, baş nazir Ərdoğanın Suriya məsələsi ilə bağlı sentyabr ayını ondan əvvəlki dönəmdəki ənənəsinə uyğun olmayaraq susqun keçirməsi (susqunluğa iqtidar partiyasının 30 sentyabrda keçirilmiş qurultayında Bəşər Əsəd barədə ənənəvi epitetlərin bir daha tədavülə girməsi və Əsədin “gediciliyinin” bir daha vurğulanmasıyla son verildi) “hökumət Suriya məsələsində əyləcə basdı” - şəklindəki şərhlərin meydana çıxmasına səbəb olub bu düşüncəni gücləndirdiyi bir vaxtda, xarici işlər naziri Davudoğlunun keçən həftə BBC-yə “Əsədin getməsi üçün savaş riskini də gözə almağa hazırıq” – şəklində açıqlama yapması ehtirasların yatışmadığından xəbər verirdi.

Keçən həftənin əvvəlindən etibarən axşamları fərqli TV kanallarında keçirən baş nazir Ərdoğan 30 sentyabrdakı qurultayda çox önəmli mesajlar verəcəyini bildirirdi ki, bu mesaj əslində AKP-nin qurultayı hələ başlamadan salondakı qonaqların profilindən bəlli olmuşdu: Orta Şərq-Şimali Afrika çızgisində “əzələ nümayiş etdirən” Ankara, Mursidən Bərzaniyə və Məşələ qədər bölgənin hal-hazırkı ən önəmli aktyorlarını Ankaraya toplayaraq (hətta Məsut Bərzanini “Türkiyə səninlə qürur duyur” sözləriylə alqışlatdıraraq) Əsəd rejimiylə rəhmsiz hesablaşmasının bəlkə də son “siyasi məşqini” orada etmişdi.

Geridə qoyduğumuz yay Türkiyə ilə Suriya arasındakı münasibətlərin gərginləşməsinə (bəlkə gərginləşdirilməsinə) səbəbi hələ də məlum olmayan və xüsusilə ərəb mediasının zaman-zaman ortaya atdığı iddialarla beyinləri qarışdıran “aksiyalar” temp tutdu; 23 iyunda Aralıq dənizinin Suriya açıqlarında türk qırıcı təyyarəsinin kim tərəfindən vurulduğu hələ də sirr olaraq qalır. 18 iyulda baş nazir Ərdoğan Moskvada ikən Bəşər Əsədin sarayında intihar bombaçısı Suriya müdafiə nazirini və bir neçə yüksək vəzifəli məmuru qətlə yetirdi. Baş nazir Ərdoğan yaxın vaxtlarda Şamdakı Əməvi məscidində qələbə namazı qılacaqlarını iddia edərkən Suriya xarici işlər naziri Türkiyənin “öz torpaqlarında düşərgə qurub müxalifləri silahlandırmasının beynəlxalq savaş suçu” olduğunu xatırlatdı. Ən son isə Suriyadan atılan top mərmisinin Şanlıurfanın Akçakale qəsəbəsində 1 qadın, 4 uşağın ölümünə səbəb olmasına Türkiyənin Suriya ordusunun kazarmalarını bombalayaraq çox sayda əsgəri öldürməklə cavab verməsi 30 sentyabrdakı siyasi “əzələ nümayşi”nin artıq geridə qaldığını göstərməkdədir.

Yaranmış vəziyyət ABŞ dövlət katibinin 2 ay əvvəlki səfəri zamanı dediyi “uçuşa yasaq bölgələr də daxil olmaqla bütün variantları nəzərdən keçiririk” - sözlərindən daha da irəliyə gedildiyini göstərir. Akçakeleye düşmüş bombaya görə Suriyanın rəsmən üzr istəyib istintaq başladıldığını ən yüksək səviyyədən bəyan etməsi artıq heç bir dəyər ərz etmir. Yaydan bəri təmkinini qoruyan Moskvanın Ankaraya xəbərdarlıqlarının dozasının sərtləşməsi, Malatyaya NATO radarları qurulundan bəri öfkəsini gizlətməyən İranın “Türkiyə Suriya məsələsindən uzaq dursun” səpkili onsuz da sərt dozajlı açıqlamalarının səngiməməsi “Ankaranı Şamın üzərinə yürümə” düşüncəsindən vaz keçirməyə kifayət etmədiyini görürük. Ərdoğan hökuməti 2 il əvvəl İraqın şımalında məskunlaşmış terror təşkilatına qarşı əməliyyat keçirmək üçün Məclisdən səlahiyyət alıb, indi səlahiyyətin sərhədləri genişləndirilərək Suriyada da hərbi əməliyyatların keçirilməsi üçün Məclisin qapısı bir daha çalınır. TBMM-nin hal-hazırkı arifmetikasında hökumətin oradan Suriyaya qarşı hərbi əməliyyatlar üçün səlahiyyət alması çətin görünmür.

“Sərhədin o tərəfində hərbi əməliyyatlar aparmaq üçün” Məclisdən tələb edilən budəfəki səlahiyyətin sərhədlərinin genişlənməsinə o səlahiyyətə sadəcə hər hansı bir maddə əlavə edilməsi kimi baxmamaq lazımdır; zira 1995-dən bəri “sərhədin o tərəfində hərbi əməliyyatlar aparmaq üçün” hökumətlərə Məclis tərəfindən verilən səlahiyyətin hədəfi bəlli idi - türk ordusu terror təşkilatının yaz və yay aylarında fəallaşmasının qarşısını almaq üçün hər il martın əvvəlindən başlayaraq bölgədə təxminən 10 gün davam edən əməliyyatlar keçirərkən nə Bağdadın, nə də Şimali İraq üsuli-idarəsinin reaksiyası ilə qarşılaşırdı. İraqın işğalından sonra isə Türkiyənin o bölgədə əməliyyat aparması xeyli çətinləşdi və bu gün artıq orada hər hansı əməliyyat aparılmasından da söhbət getmir. “Sərhədin o tərəfində hərbi əməliyyatlar aparılması” üçün hökumətin Məclisdən istədiyi səlahiyyətə Suriyanın əlavə edilməsi isə savaş elanına hazırlıqdır.

Türkiyə bu savaşa girəcəkmi? Girərsə, nə üçün girəcək? Əsədi devirib Suriyaya demokratiya gətirmək üçünmü?

Deyəsən, bu işlər artıq hamı üçün ironik bir təbəssüm vəsiləsinə döndü...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR