Türk millətçiliyinin durumuna qurultayın içindən baxış - TƏHLİL

Türk millətçiliyinin durumuna qurultayın içindən baxış - <font color=red>TƏHLİL</font>
# 06 noyabr 2012 11:20 (UTC +04:00)
Qurultaya doğru gedən yolda prosesləri müşahidə etmək, professor Enis Öksüzün MHP-yə lider olmaq üçün yapdığı çalışmaları yaxından izləmək imkanım olmuşdu. İddialara görə, Dövlət Bahçeli Enis bəyə gizli xəbər göndərərək “Sizin lehinizə namizədlikdən çəkilə bilərəm”, - demişdi. (Bunun doğru olmadığı qurultayda anlaşılacaqdı). Toğrul Türkeş o vaxtlar arxasında ən az 50 gənc bozqurdla dolaşan Azmi Karamahmutoğlunun liderliyindəki Ülkü Ocaqlarının dəstəyini aldığına görə özündən çox əmin görünürdü, atasının vəfatından sonra MHP-nin liderlik kreslosunda oturmaq növbəsinin ona gəldiyini və qurultay nümayəndələrinin bunu anlayaraq onu sədr seçməkdən başqa bir alternativi ağıllarının ucuna belə gətirməyəcəklərinə inanırdı. Digər tərəfdə isə atasının ikinci xanımı Seval Türkeş vardı - MHP əmanətinin bundan sonrakı sahibinin məhz özü olması Seval xanımın ən böyük idealı və inamı idi, ancaq bu ideyasını həyata keçirə bilməyəcəyini anlayınca Toğrul bəyə yox, Ramiz Onquna dəstək verməyi məqsədəuyğun saymışdı.

6 iyul 1997-ci ildə keçirilən qurultayda sədr kreslosu uğrunda yarış təbliğat çalışmalarını səssiz-sədasız yürüdən Dövlət Bahçeli ilə Toğrul Türkeş arasında yaşandı. Gecə yarısı Bahçelinin sədrliyinin elanından sonra salondakı stol-stulların havadakı uçuşu və Ülkü Ocaqlarının başçısı Azmi Karamahmutoğlunun MHP-nin yeni liderinin legitimliyini qəbul etməyərək “fərdi olaraq aksiyama başlayıram” - sözləriylə qurultay salonunu “işğal altına alması” bu gün də hafizəmdəki təzəliyini qoruyur.

Dövlət Bahçeli MHP-nin yeni lideri idi, ancaq Toğrul Türkeş uzun müddət Dövlət bəyin liderliyini tanımadı, Ülkü Ocaqlarında yaşanan və uzun müddət davam edə biləcək xaos təhlükəsinin qarşısını isə təşkilata yeni başqan seçilən Atilla Kaya ala bildi. Bahçelinin Kaya ilə ahəngdar çalışması nəticəsində ülküçü hərəkat Alparslan Türkeşin vəfatından sonrakı dönəmdə ən böyük başarısını əldə edərək 18 aprel 1999-cu ildə keçirilən parlament seçkisindən ikinci çıxdı və Bülənt Ecevitin qurduğu 57-ci koalisiya hökumətinin ortağı oldu. Hökumət MHP-nin dəstəyi ilə qurulduğu kimi, 2002-nin yayında Dövlət Bahçelinin baş nazir Ecevitlə məsləhətləşmədən elan etdiyi seçki qərarından sonra yıxıldı və 3 noyabr 2002-də keçirilən növbəti seçkidə MHP 7,5% səs alaraq 10%-lik ölkə bariyerinin altında qaldı.

Türk siyasi tarixi növbəti ziqzaqlarından birini yaşamış, 3,5 il qabaq 22% səs alan Ecevitin DSP-si indi 1%, 3,5 il əvvəl 18% səs alan Bahçelinin MHP-si isə 7,5% səs toplamışdı. 1997-2002-ci illər arasında Bahçelinin liderliyindəki MHP-yə qarşı sərt müxalifət yapan Toğrul Türkeş isə 3 noyabr 2002-dəki seçkidə Tansu Çillərin Doğru Yol Partiyasından millət vəkilliyinə namizəd oldu, DYP 10%-lik baryeri yarım bal ilə keçə bilməyincə Çillər siyasətdən uzaqlaşdı, T. Türkeş yenidən Dövlət Bahçeli ilə mübarizə arenasına döndü. Sahibi olduğu “Yeni Harman” jurnalında və digər media qurumlarında işi “Bahçeli atamın məzarına sahib çıxa bilmir”, - nöqtəsinə qədər aparan T. Türkeşin MHP-yə qayıdışı 22 iyul 2007-ci ildəki seçki ərəfəsində oldu; dönməmək mümkün deyildi, ictimai rəy sorğuları MHP-ni 10%-lik baryerin üstündə göstərirdi, T. Türkeşin Ankaradan seçilməsinə isə Dövlət Bahçelinin özü təminat vermişdi, adı namizədlər siyahısının birinci sırasında idi. Bahçeli ilə ulduzları barışan T. Türkeş 2009-cu ildə MHP qurultayında sədrin müavini oldu, 12 iyun 2011-ci ildə keçirilən parlament seçkisində Ankaradan bir daha seçilməyi təminat altına aldı. (Alparslan Türkeşin Seval xanımdan olan oğlu Ahmet Kutalmış isə AKP-dən İstanbul millət vəkili seçildi).

1997-2007 arasındakı 10 illik ağır düşmənçilik (“müxalifət” deyə bilmədim) dönəmi yerini Bahçeli ilə sıx əməkdaşlığa buraxmışdı. 4 noyabrdakı növbəti qurultay isə bu əməkdaşlığın zirvə nöqtəsi idi: Koray Aydının 4 ay əvvəldən başlatdığı namizədlik çalışmalarına Bahçeli 4 noyabrda Toğrul Türkeşi MHP qurultayının rəyasət heyətinə sədr seçdirərək əks-həmləylə cavab verdi. Görünür, nümayəndələrin səsvermədə nümayiş etdirəcəkləri mövqeyə tam əmin olmadıqlarına görə həm Toğrul Türkeş, həm də Dövlət Bahçeli əvvəlcədən planlaşdırdıqları ssenariyə uyğun olaraq qurultayın ilk anlarından etibarən nümayəndələrin duyğularına xitab etməyi məqsədəuyğun saydılar və nə az, nə çox - düz 10 il Bahçeliyə qarşı tənqiddə rəhmsizliyin hər növünü nümayiş etdirən T. Türkeş qurultayın rəyasət heyətinin sədri kreslosundan salona müraciət edərkən səsi kövrəlsə də səs tonunu aşağı salmayaraq hayqırdığı “MHP atamın partiyasıdır”, - sözləriylə nümayəndələrin duyğularının sarı siminə toxuna bildi. Daha sonra eyni yolu Dövlət Bahçeli izlədi: hər həftənin ikinci günü MHP-nin Məclis qrupunda kürsüyə qoyulmuş mətni oxumasına alışdığımız MHP lideri ilk dəfə “prompter” üsulu ilə çıxışı tərcih edərək şüşədə əks olunan mətni monoton şəkildə oxumamaq üçün başını ara-sıra sağa-sola çevirdi. Çıxışının təxminən 30 dəqiqəsini Türk-İslam coğrafiyasının türk milliyyətçiliyi uğrunda mübarizəyə həsr etmiş şəxsiyyətlərini xatırlamağa həsr edərək onların ruhunu şad edən Bahçeli, o böyük coğrafiyanın şəhər və mahallarının adlarını tək-tək sadalayaraq türk dünyasının ruhunun bütünlüklə salonda olduğunu vurğuladı, türklük mücadiləsinin öndərlərindən Əlibəy Hüseynzadənin adını çəkərkən də, “Bir kərə yüksələn bayraq bir daha enməz”- şüarının müəllifi Məhəmməd Əmin Rəsulzadəni xatırlayanda da gözlərimin dolduğunu etiraf etməliyəm.

Ərdəblin, Təbrizin, Urmiyənin, Zəncanın da ruhən salonda olduğunu iddia etdiyi nöqtələrdə isə Bahçelinin səmimiyyətinə inana bilmədim, buna səbəb partiyanın dəvəti ilə qurultaya gələn GAMOH lideri Mahmudəli Çöhrəqaninin 1 gün əvvəl Ankara aeroportundan geri qaytarılması idi. GAMOH liderinin Türkiyəyə səfər etməklə bağlı probleminin olduğunu Dövlət Bahçeli və MHP idarəçiləri şübhəsiz ki, bilməmiş deyildilər, elə isə Ankarada aeroporta enmiş bir qonağın ölkəyə girə bilməsi üçün MHP idarəçiləri niyə cəhd göstərməmişdilər? Qurultayda təbriki oxunan Çöhrəqaninin “ölkəmdən deportasiya edildim” - sözləriylə Bahçelinin “Ərdəbil, Zəncan, Təbriz, Urmiyə burdadır” – iddiası arasındakı ziddiyyəti qurultay nümayəndələri nə dərəcədə hiss etdi, bunu bilmirəm, ancaq mənə görə, bu, MHP üçün ciddi bir tutarsızlıq örnəyi idi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR