Ordunun təminatı ilə bağlı suallar hardan qaynaqlanır? - ŞƏRH

Ordunun təminatı ilə bağlı suallar hardan qaynaqlanır? - ŞƏRH
# 21 dekabr 2020 15:34 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun təminatında problemlər olması barədə videoların, rəylərin sayı bir xeyli artıb.

Bu şikayətləri araşdırarkən daha çox infrastrukturun yoxluğundan yarandıqları aydın olur. Əlbəttə, bəzi məqamlarda səlahiyyətli şəxslərin məsuliyyətsiz davranışını da istisna eləmək olmaz. Amma əksər problemlər şəraitsizlik, təminatın vaxtında çatdırılmaması ilə bağlıdır ki, bunun da kökündə bölgədə infrastrukturun məhv edilməsi dayanır.

Məsələ bundadır ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər 30 il müddətində bütün infrastrukturu, kommunal təsərrüfatı məhv ediblər. Bəzən kilometrlərlə yol gedərkən, bir salamat qalmış tikiliyə, bir normal daldalanacağa belə rast gəlinmir. Təbii su mənbələri, bulaqlar belə baxımsızlıqdan, ətrafda aparılan ekoloji terrordan məhv olub, quruyub.

Üstəlik, düşmən əksər yaşayış məntəqələrini, yolları minalayıb. Bu gün nəinki bölgədə sürətlə infrastruktur yaratmaq, hətta sərbəst və operativ hərəkət etmək imkanları məhz mina təhlükəsi baxımından mümkünsüzdür.

Belə şəraitdə, əlbəttə, əsgər üçün təminatın çatdırılmasında da, şəraitin yaradılmasında da problemlər yaşanır.

Təkcə əsgərlər deyil, bölgədə fəaliyyət göstərən polislər, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə, xilasetmə xidmətinin əməkdaşları, digər kommunal və yol infrastrukturunu quran dövlət qurumlarının əməkdaşları da eyni çətinliklə üzləşirlər, ağır şəraitdə fəaliyyət göstərirlər.

APA Group”un əməkdaşları bu günlərdə işğaldan azad olunmuş Cəbrayıl rayonunda səfərdə olanda bildirdilər ki, Cəbrayıl şəhərinin mərkəzində cəmi bir istifadəyə yararlı bina var. Hazırda həmin binada Cəbrayıl rayon polis idarəsi yerləşir. İcra hakimiyyəti də, digər dövlət orqanları da bu binadan istifadə edirlər.

Qış aylarında bölgənin relyefi və iqlimi ərazidə işləməyi, hərəkət etməyi xüsusilə çətinləşdirir. Yollar qarla örtülür, buzlaşır və nəqliyyatın hərəkəti faktiki mümkünsüz olur. Belə olanda isə ərzağın, geyimin və digər zəruri vasitələrin vaxtında çatdırılmasında problem yarana bilir.

Nəzərə almaq lazımdı ki, hazırda müharibə reallığı ilə bölgədə daha çox hərbçi və əsgər var. Onlar bir qismi könüllülərdir.

Məlumata görə, tezliklə könüllülərin evlərinə qayıtması təmin olunacaq. Müxtəlif qoşun növlərindəki könüllülər növbə ilə evə yola salınacaqlar. Bu isə onu deməyə əsas verir ki, onların indi olduqları mövqelər müvəqqəti xarakter daşıyır. Müvəqqəti mövqelərdə qurulan infrastruktur isə cəmi bir neçə gündən sonra istifadəsiz qalacaq.

Sözsüz ki, nizami ordunun daimi yerləşəcəyi mövqelərdə yüksək səviyyəli infrastruktur qurulmalı, təminat olmalıdır. Bunu həyata keçirərkən hərbi qurumların səlahiyyətli şəxsləri heç bir səhlənkarlığa yol verməməlidirlər. Sadəcə, vaxt məsələsini hər kəs nəzərə almaq məcburiyyətindədir…

Biz torpaqlarımızı işğaldan azad etdik və dünya tarixindəki ən böyük barbarlıqlardan biri ilə üzləşdik. Bizim məcburi olaraq qurulu qoyub tərk etdiyimiz yurd yerlərimiz viran qalıb. Erməni vandallığı təkcə insanlarımıza qarşı yönəlməyib. Bizim evimizdən, yolumuzdan, ağacımızdan, torpağımızdan da qisas alıblar.

İndi biz qayıtmışıq. Biz yenidən o yerləri quracağıq. Biz "cənnət Qarabağ" ifadəsini bir də dillərə dastan edəcəyik.

Ordumuzla, əsgərimizlə, polisimizlə, hər bir əməkçimiz, hər bir sakinimizlə yenidən quracağıq dağılmış yurd yerlərini. Sadəcə bir az vaxt, bir az səbr...

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR