Türk Şurasının sammitindən çıxan nəticələr: Dünyaya verilən mesajlar - TƏHLİL

Türk Şurasının sammitindən çıxan nəticələr: Dünyaya verilən mesajlar - TƏHLİL
# 01 aprel 2021 12:39 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) martın 31-də videokonfrans vasitəsilə təşkil olunmuş qeyri-rəsmi Zirvə Görüşü siyasi və tarixi baxımından çox mühüm əhəmiyyətə malikdir. Görüşdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə yanaşı, Türk Şurasının Baş katibi B.Amreyev, Türkiyə Prezidenti R.T.Ərdoğan, Türk Şurasının fəxri sədri N.Nazarbayev, Özbəkistan Prezidenti Ş.Mirziyoyev, Qırğızıstan Prezidenti S. Japarov, Türkmənistan Prezidenti Q.Berdiməhəmmədov, Macarıstanın Baş naziri V. Orban iştirak edərək çıxışlar ediblər.

Görüş iştirakçıları öz çıxışlarında qələbə münasibətilə Azərbaycan xalqını və prezidentini təbrik edərək yaranmış yeni geosiyasi konfiqurasiya haqqında fikirlərini qeyd etdilər.

Liderlərin çıxışında diqqət çəkən məqam onların hamısının Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin əhəmiyyətini vurğulaması, Qələbə münasibətilə təbriklərini çatdırmaları idi. Türkiyə Prezidenti Ərdoğanın çıxışında Ramazan bayramından sonra Prezident İlham Əliyevlə birgə Şuşaya səfər etmək arzusunu ifadə etməsi isə bütün dünyaya verilən mesaj kimi qiymətləndirilməlidir: Şuşa türk torpağıdır və bu torpağın əsl sahibləri qayıdıb.

Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) yeri və rolu

Prezident İlham Əliyev toplantıda çıxışında bir sıra vacib məqamlara toxundu. Burada xüsusilə vurğulamaq lazımdır ki, TDƏŞ və ümumiyyətlə türkdilli dövlətlər arasında inteqrasiya proseslərini sürətlənməsində Prezident İlham Əliyevin müstəsna rolu var. Azərbaycan lideri hakimiyyətə gələndən bu günə qədər bu dövlətlər arasında birliyin güclənməsinə töhfələr verib.

Təbii ki, Azərbaycan diplomatiyasının qarşısına qoyduğu çoxşaxəli hədəflər sırasında bu platformada da daim torpaqlarımızın işğalı və gələcək perspektivlər əsas müzakirə mövzularından biri olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bütün tədbirlərdə olduğu kimi, bu dəfə də çıxışının əsas hissəsini məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 44 günlük müharibədə qələbə qazanmağımıza və regionda açılan yeni perspektivlərə həsr etdi.

Prezident çıxışını əsasən Qarabağ mövzusuna həsr etdi

Prezident çıxışında bildirdi ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan bu müddət ərzində ölkəmizin ərazi bütövlüyünü pozaraq 1 milyondan çox azərbaycanlını öz doğma torpaqlarından qovmuş, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmışdır.

Dövlət başçısı çıxışı zamanı münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbul edildiyini, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edərək, təəssüflə vurğulamışdır ki, bütün bunlar fonunda Ermənistan işğalçı siyasətini davam etdirməkdə idi.

Minsk qrupunun yararsızlığı

Prezident İlham Əliyev münaqişənin nizamlanmasında məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq problemin sülh yolu ilə həll edilməməsində həm də bu dövlətlərin roluna eyham vurdu: “Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfıra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Əfsuslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır”.

Heç şübhəsiz ki, Prezident haqlıdır. Dünyaya meydan oxuyan və ağalıq edən BMT Təhlükəsizlik Şurasının 5 dövlətinin vaxtilə özlərini qəbul etdikləri qətnamələrin 30 il ərzində Ermənistan tərəfindən sülh yolu ilə icra edilməməsi, Minsk qrupunun 3 dövlətinin münaqişənin həllinə yönəlik addımlarının yetərli olmaması müharibənin başlamasını labüd edən, İrəvanı şirnikləşdirən, aqressivləşdirən əsas amillərdən biri idi.

Məhz Minsk qrupunun fəaliyyətsizliyi, yarasızlığı nəticəsində Ermənistan faktiki olaraq imitasiya xarakterli danışıqlardan son 2 ildə çəkildi və bir qarış da torpağın Azərbaycana qaytarmayacağını bəyan etdi. Bununla bağlı dövlət başçısı vurğuladı ki, “Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi”.

Ermənistan rəhbərliyinin ifşası

Prezident İlham Əliyev çıxışı zamanı Ermənistan rəhbərlərini ifşa edərək onları beynəlxalq təşkilatların münaqişə ilə bağlı qətnamələrini yerinə yetirməməkdə və təxribatlar törətməkdə günahlandırdı. Dövlət başçısı qeyd etdi ki, “Ermənistan rəhbərliyi məsələni həll etmiş hesab edirdi və torpaqları geri qaytarmaq istəmirdi. Ondan başqa, Ermənistanın keçmiş müdafiə naziri, hansı ki, hərbi məğlubiyyətdən sonra vəzifədən azad edildi, Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Amerikada olarkən erməni diaspor təşkilatları ilə görüş əsnasında bəyan etmişdi ki, Ermənistan yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşır”.

Prezident İlham Əliyevin buna oxşar çıxışlarının beynəlxalq aləmdə Ermənistan üçün hansı pis nəticələr yaratdığının şahidi olmuşduq. Ermənistan rəhbərlərinin 30 il ərzində apardıqları siyasət Azərbaycanın müharibə ilə torpaqları azad etmək haqqını daha da gücləndirirdi. Çünki Ermənistan rəhbərliyi BMT qətnamələrini saymayaraq, ərazi bütövlüyü məsələsini heçə sayaraq “bir qarış torpaq belə Azərbaycana qaytarmayacayıq”, “Azərbaycanla yeni müharibədə yeni ərazilər alacayıq” kimi bəyanatlarla çıxış edirdisə, bunun əvəzi olmalı idi.

Məsələ burasındadır ki, bu günə qədər Ermənistanı müdafiə edən qüvvələr - İrəvanın bir qarış torpağı Azərbaycana qaytarmayacağı bəyanatları fonunda çıxılmaz vəziyyətdə qalmışdı. Onlar çox yaxşı başa düşürdülər ki, özlərinin də təklif etdikləri mərhələli plana əsasən ilkin mərhələdə Azərbaycana heç olmasa ətraf rayonların bir neçəsi qaytarılmalı idi. Bununla bağlı həmsədr dövlətlərdən birinin vaxtilə Serj Sarkisyan qarşısında şərti də olmuşdu. Təbii ki, Ermənistanın meydanda özünü kor öküz kimi aparması, İrəvanın münaqişə ətrafında yaranmış siyasi və hüquqi vəziyyəti adekvat qiymətləndirməməsi onun məğlubiyyətini qaçılmaz edirdi…

Bütün bunların fonunda son 2 ildə Ermənistanın Şuşa təxribatları, Şuşada separatçıların andiçmə mərasiminin keçirilməsi, Nikol Paşinyanın yallı getməsi, qondarma rejimin “parlamentinin” bu şəhərə köçürülməsi planı, hətta ətraf rayonların qaytarılmayacağı, əksinə yeni ərazilərin işğal ediləcəyi kimi davranışların nəticəsi müharibə olmalı idi.

Bu məsələyə toxunan Prezident İlham Əliyev Ermənistanın bilərəkdən vəziyyəti müharibəyə gətirdiyini qeyd edir: Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik və onları geri oturtduq. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Bir neçə gün davam edən hərbi toqquşma dayandı. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi. Halbuki istəsəydik rahatlıqla Ermənistan ərazisinə daxil ola bilərdik. Ondan bir ay keçəndən sonra – avqust ayında yeni bir təxribat törədildi və Azərbaycana diversiya qrupu göndərildi. Diversiya qrupunun rəhbəri saxlanıldı və ifadə verdi ki, o, terror aktları keçirmək üçün Azərbaycana göndərilmişdir və bu, növbəti təxribat idi. Nəhayət sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalmışdır və bunun nəticəsində bir neçə hərbçi və bir neçə mülki şəxs həlak olmuşdur. Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı” .

Artıq Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur

Prezident 44 günlük müharibənin Ermənistanın kapitulyasiyası ilə nəticələndiyini, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə Üçtərəfli Bəyanatın imzalandığına diqqət çəkərək qeyd etdi ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi həllini tapıb və Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur.

Qələbədə Türkiyənin rolu

Müharibə və müharibənin yekunları məsələsinə toxunan Prezident İlham Əliyev çox vacib həqiqəti qeyd etdi. Dövlət başçısı dedi: Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu”.

Qeyd edək ki, bu illər ərzində Ermənistanın Azərbaycana qarşı özünə arxayın, aqressiv siyasətinin ən əsas səbəblərindən birinin də İrəvanın üçüncü dövlətlərə və qüvvələrə olan arxayınlığı ilə bağlıdır. İrəvanda düşünürdülər ki, sülh danışıqlarının nəticəsizliyi fonunda belə, Azərbaycan müharibəyə başlaya bilməz, çünki Minsk qrupu müharibə versiyasını qəbul etmir, əgər hərbi əməliyyatlar başlayarsa belə, onlar öz hərbi – siyasi partnyorundan lazımi dəstəyi alacaqlar. Lakin Azərbaycan rəhbərliyinin bu illər ərzində Rusiya başda olmaqla BMT TŞ üzv dövlətlərlə apardığı praqmatik siyasət, müharibə ərəfəsində və vaxtında Türkiyənin qəti mövqeyi üçüncü qüvvələrin ötən ilin payızında başlayan hərbi əməliyyatlara müdaxiləsinə imkan vermədi. Türkiyə rəhbərlərinin bir neçə dəfə hərbi əməliyyatlara heç kimin müdaxilə etməməsi ilə bağlı xəbərdarlığı bəzi qonşu dövlətləri açıq – aşkar müharibəyə daxil olmaqdan çəkindirdi. Dövlət başçısı Türkiyə faktoru ilə bağlı aşağıdakıları qeyd edir: “Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır”.

Ermənistanın türk abidələrini məhv etməsinə diqqət çəkilməsi

Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətlərinin diqqətinə ermənilərin işğal vaxtı Azərbaycan torpaqlarında türk-müsəlman abidələrini dağıtmaqlarına, minalanmış ərazilər məsələlərinə diqqəti çəkib. Prezident qeyd edib ki, “Ermənilər bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar”.

Təbii ki, münaqişə və onun nəticəsində müharibədə baş verənlərlə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq indi informasiya müharibəsində əsas hədəflərdəndir. Nəzərə almaq lazımdır kı, dünyada müxtəlif xalqlar və dövlətlər arasında mütəmadi olaraq müharibələr baş versə də, müasir müharibələr çox nadir hallarda barbarlıq və vəhşilik səhnələri ilə yadda qalır. Təəssüflər olsun ki, elementar müharibə qanunlarına riayət edə bilməyən, dinc əhaliyə, hətta ölülərə belə amansız münasibət bəsləyən Ermənistan bu müharibədə və 30 il ərzindəki atəşkəs dövründə də bir daha vəhşi barbar olduğunu sübuta yetirdi. Bu gün Füzulidə və Ağdamda bir dənə salamat tikilinin olmaması, oraların həmin ərazilərin “Qafqazın Xirosiması” adlandırılması da bunun bir sübutudur.

Zəngəzur dəhlizinin Türk dünyası üçün əhəmiyyəti

Prezident İlham Əliyev çıxışının sonunda bölgədə yaranmış yeni vəziyyəti qeyd edərək yaxın perspektivdə nəqliyyat-kommunikasiya layihələrinin şahidi olmaq imkanlarından bəhs etdi. Türkdilli dövlətlər üçün vacib məqam olan tarixi türk torpağı olan Zəngəzur vasitəsilə Avropa və Mərkəzi Asiyanın birləşməsi hazırda Avrasiyada yaranmış yeni geoiqtisadi proseslər fonunda görüş iştirakçıları üçün xüsusi maraq kəsb etdi. Bütün bunlara toxunan dövlət başçısı qeyd edib ki, Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq”.

Prezidentin “Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi” cümləsi olduqca vacib və strateji hədəfləri möhkəmləndirən məqamlardandır. Bununla da, dövlət başçısı türk dövlətlərinin liderlərinin diqqətinə bir daha çatdırdı ki, vaxtilə bu torpaqlarda Ermənistan dövlətini quranların əsas məqsədlərindən biri də məhz türk dünyasını parçalamaq, türk dünyası arasında əlaqələrə xələl gətirmək idi. Eyni zamanda, bu cümlə o deməkdir ki, bu gün Ermənistandakı revanşist qüvvələr Hadrutu, Şuşanı geri alacaqlarını bildirərkən, “Böyük Ermənistan” xəritəsi ilə illüziyalar qurarkən, bilsinlər ki, bir daha oradan Azərbaycan ərazisinə bir güllə atılsa, 44 günlük müharibənin aqibəti ilə üzləşməli olacaqlar.

Görüşün yekunu

Görüşdə türk dövlətlərinin liderləri çıxışlar edərək qarşıdakı hədəfləri bəyan etmələri diqqət çəkir. Eyni zamanda iclas zamanı Zirvə Görüşünün yekun bəyannaməsi qəbul edildi. Üzv dövlətlər Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini təqdir edib və Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlayıblar. Onlar, eyni zamanda, münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə edib, Ermənistan və Azərbaycan arasında münasibətlərin bir-birlərinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyiblər.

Dövlət başçıları Türk dünyasının ədəbiyyatı, incəsənəti, elmi və mədəniyyətinin inkişafına böyük töhfə vermiş məşhur şairlər, filosoflar və dövlət xadimlərinin yubiley ildönümlərinin üzv dövlətlərin müvafiq qurumları və Türk Əməkdaşlıq Təşkilatları ilə birlikdə keçirilməsi ilə bağlı tapşırıq veriblər. Bu baxımdan, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin bütün Türk dünyası tərəfindən qeyd olunması xüsusi əhəmiyyətli hadisə olacaq.

Görüşün nəticələrindən bu qənaət hasil olur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşü türkdilli ölkələrin daha da yaxınlaşması, təşkilatın daha da güclənməsi baxımından mühüm tarixi əhəmiyyətə malikdir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR