ABŞ-ın yeni “demokratiya işartıları” konsepsiyasını Ruben Vardanyanın dostu icra edir

ABŞ-ın yeni “demokratiya işartıları” konsepsiyasını Ruben Vardanyanın dostu icra edir
# 01 aprel 2023 10:59 (UTC +04:00)

20 il əvvəl “rəngli inqilablar” nəzəriyyəsi tətbiq edilirdi, nəticə olaraq Saakaşvili həbsxanaya düşdü, Gürcüstanda Rusiya oliqarxı qalib gəldi, Ukrayna Rusiyanın hücumuna məruz qaldı və ölkə darmadağın edilir. Qırğızıstan bu yaxınlarda hakimiyyət dəyişiklikləri, mütəmadi çevrilişlər seriyasına son qoya bilib və MDB-nin ən kasıb ölkələrindən birinə çevrilib. İndi “demokratiya işartıları” konsepsiyası tətbiq edilir, bu dəfə MDB-dən Ermənistan və Moldova eksperiment məkanıdır. Yeni konsepsiyanın əsas icraçısı isə erməni əsilli rusiyalı cinayətkar oliqarx Vardanyanın dostu, Samanta Pauerdir...

BBC Rusiya xidməti üç il əvvəl “Ərəb baharı” adlandırılan Orta Şərq və Şimali Afrika regionu ölkələrini əhatə edən hökumət əleyhinə etirazlar, üsyanlar və silahlı qarşıdurmaların on illiyində çox ibrətamiz sərlöhvə ilə analitik məqalə dərc etmişdi. «Yaşamaq pisləşdi, amma demokratiya lazımdır. 10 ildən sonra "Ərəb baharı"” başlıqlı məqalədə on il əvvəl Yaxın Şərqdə baş verənlər ümumiləşdirilmiş şəkildə təhlil edilmişdi. Məqalədə 2020-ci ildə Ərəb Siyasət Araşdırma Mərkəzinin apardığı Orta Şərq tarixində ən böyük araşdırmanın nəticələrinə istinad edilmişdi. Eyni zamanda Sudan, Tunis, Əlcəzair, İraq, Misir, Liviya, Suriya və Yəməni əhatə edən ingilis Guardian qəzeti və YouGov Sosioloji Mərkəzinin apardığı araşdırmanın nəticələrindən istifadə olunmuşdu. Rəyi soruşulanların 91% bildirib ki, onların ölkələrində yüksək korrupsiya var. "Ərəb baharı"nın az və ya çox dərəcədə təsir etdiyi səkkiz ölkənin (Sudan, Tunis, Əlcəzair, İraq, Misir, Liviya, Suriya və Yəmən) yarısında silahlı münaqişələr davam edir, iqtisadiyyat isə dağıdılıb. Əsasən bu ölkələrin hamısında əksəriyyət övladları üçün daha yaxşı bir gələcəyə ümid etmir, Suriya və Yəməndə pessimistlər optimistlərdən təxminən on qat çoxdur.

Hazırda bütün dünyada “Ərəb baharı”nı xatırlanması yalnız bahar fəslinin gəlişi ilə əlaqədar deyil. “Ərəb baharı”nın “bəhrələri”nin analizi ABŞ-da prezident Bayden administrasiyasının iki il əvvəl yenidən qlobal miqyasda demokratiyanın dəstəklənməsi strategiyasını elan etməsi və Vaşinqtonun təşəbbüsü və təşkilatçılığı ilə 29-30 martda keçirilən ikinci “Demokratiya sammiti”dir. “Demokratiya sammitləri”nin əsas şüarını üç il əvvəl BBC Rusiya xidmətinin yuxarıda qeyd edilən məqaləsinin başlığını seçmək olar: «Yaşamaq pisləşdi, amma demokratiya lazımdır”. Əslində bu demokratiyanın dirçəldilməsi siyasətinin əsas ideoloji tezisi kimi də irəli sürülə bilər “ac qalsanız, vətəndaş müharibəsi olsa da mütləq demokratiya lazımdır”.

Çürük ideologiya öz yerində, demokratiya uğrunda yeni səlib yürüşünə rəhbərlik edənlərin kimliyi, nə dərəcədə ədalət prinsiplərinə, beynəlxalq hüququn aliliyi prinsipinə sadiq qalmaları, yəni siyasi, ictimai performansları da indidən ən azı demokratiyanın dəstəklənəcəyi ölkələr üçün həyacan siqnalı olmalıdır. Bütün dünyada demokratiyanın yeni bayraqdarlarının əsas ideoloqlarından biri isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauerdir. Samanta Pauer ermənilərin “qondarma soyqırımı günü”nü özünün doğum günü elan edib və “Cəhənnəmdən problemlər: Amerika genosidlər əsrində” kitabında uydurma erməni genosidini müasir dövrdə aktuallaşdırıb, onun tanınmasının ideoloji, hüquqi əsaslarını irəli sürüb. Qondarma “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınmasının əsas təşəbbüskarlarından biri də məhz Samanta Pauerdir. Ermənilər də borclu qalmayıblar və 2018-ci ildə onu Ruben Vardanyanın təsis etdiyi bir fondun «Avrora” mükafatına layiq görüblər. Samanta xanım Yerevana səfərində görün nə deyib: “Ruben Vardanyan Yaxın Şərqdəki sülhdən məsul olsaydı, müharibələr olmazdı”. Samanta Pauer ABŞ-ın BMT-dəki nümayəndəsi işləyib, Obama adminstrasiyasında xarici siyasət məsələləri üzrə məsul şəxs olub və Vardanyanın Suriyada müharibəni başlayan ölkələrdən olan, Bəşər Əsədi qoruyan Rusiyanın siyasi rəhbərliyinin, xüsusi xidmət orqanlarının yetirməsi olduğunu bilməyə bilməzdi. Ola bilsin ki, Vardanyan Samanta xanıma münasibətdə çox səxavətli olub və keçmiş ABŞ səfiri, hazırkı USAİD rəhbəri ağlın yox, bank hesabındakı məbləğin səsinə qulaq asıb. Bu onun şəxsi işidir və öz seçimidir, lakin problem bundadır ki, Samanta xanım ABŞ adından bütün dünyada demokratiyanı yaymaq üçün mübarizə aparır və çalışır. Bu zaman haqlı bir sual çıxır, “Demokratiyanı yaymaq işində Samanta Pauer kimin səsinə qulaq verir, yaxud onun başını çəkdiyi demokratiya xüsusi təyinatlılarının əsl məqsədi doğrudanmı demos kratosdur, yəni xalqın hakimiyyətidir...?

USAİD rəhbəri olmaq geniş imkanlar verir və hazırda Samanta xanım bu imkanlardan “demokratiya işartıları”ndan biri kimi qələmə verilən Ermənistanın dəstəklənməsi üçün maksimum istifadə edir. Ötən il keçirilən birinci “Demokratiya sammiti” zamanı bəyan edildi ki, demokratiyanın dəstəklənməsi səylərinin bir hissəsi olaraq USAID-in himayəsi altında, əsas vəzifəsi demokratik islahatlara sadiq hökumətlərin səylərini dəstəkləmək, səhiyyə, enerji və biznesə kömək etmək olan "Demokratiya Tərəfdaşlığı" qurulacaqdır. Agentliyin "İnsanlar tərəfindən idarə olunan" adlı başqa bir proqramı, qadınların və gənc liderlərin rəhbərlik etdiyi və müsbət dəyişikliyə təkan verməyi hədəfləyən kütləvi hərəkatları dəstəkləyəcək. Rəsmi şəkildə açıqlanmasa da əminliklə qeyd etmək olar ki, ötən il demokratiyanın dəstəklənməsi adı ilə ayrılmış 421 milyon dollardan çox vəsaitin əhəmiyyətli hissəsi Ermənistan və onun baş naziri Nikol Paşinyanın sərəncamına verilib. 2003-cü ildə Gürcüstanda əsas sponsor Soros Fondu idisə, indi Ermənistanın əsas himayəçisi Samanta Pauerdir.

Barak Obama onu "beynəlxalq siyasətdəki ən böyük zəkalarımızdan biri" adlandırmışdı və "o, dünya birliyinin böhranları həll etmək və insan ləyaqətini qorumaq üçün mənəvi məsuliyyət və dərin marağının olduğunu göstərdi" – demişdi. Obama tərzində böyük və pafoslu sözlərdi, lakin Samanta Pauer bir dəfə də olsun təəsübünü çəkdiyi Ermənistan və ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və bu işğal nəticəsində 1 milyona yaxın azərbaycanlılının qaçqın və məcburi köçkünə çevrildiyini dilə gətirməyib. “Demokratiya sammiti”ndəki dünənki çıxışında o, qeyd edib ki, USAİD demokratiyanı dəstəkləmək üçün əsas vəzifələrdən biri kimi ədalət mühakiməsinin dəstəklənməsini görür. Lakin Samanta xanımın özünün ədalət hissinin nə dərəcədə inkişaf etdiyini onun Azərbaycana münasibəti ilə dəyərləndirmək olar. Azərbaycan ekofəallarının Laçın-Xankəndi yolunda keçirdiyi aksiyanı artıq USAİD rəhbəri kimi qınaması və dolayısı ilə köhnə dostu Vardanyana qahmar çıxması ədalətli və demokratiya mübarizinin “yüksək mənəvi məsuliyyətindən” xəbər verir. Obama ilə bir məsələdə razılaşmaq olar. Ermənilərin haqsız, uydurma, cəfəng ideyalarını dəstəkləmək və bunu demokratiyanın inkişafı ilə əlaqələndirmək və ABŞ hökumətinin vəsaitlərini köhnə dostlarına vermək doğurdan böyük zəka tələb edir.

Yenə “Ərəb baharı”nı xatırlayaq və “Demokratiya sammitləri” üçün təklif etdiyimiz şüarı yada salaq: “Ac qal, öl, lakin demokratiya quracaqsan”. Lakin bu məsələdə də dostlar, yadlar var, ABŞ yalnız diktator hesab etdiyi şəxsləri əclaf dostlara, düşmənlərə bölmür, demokratiya qurmaq istədikləri ölkələri də dostlara, yadlara bölür. Dostlara demokratiyanın uzun, əzablı yollarında bir qarın tox irəliləmək imkanları yaradılır. Onları daha çox əzizləyirlər və əsas da pul verirlər. İndi Samanta Pauer sayəsində Ermənistan doğma, demokratiyaya can atan ölkədir və bir qarın tox olmalıdır. Məhz buna görə, demokratiyanın dəstəkləməsinin yeni konsepsiyalarına görə Ermənistan “ümid verən demokratiya işartısı” kimi təsnif edilir. Paşinyanın söz azadlığını məhdudlaşdırması, məhkəmə hakimiyyətini faktiki özünə tabe etməsi, iqtisadiyyatı öz ətrafının nəzarətinə verməsi demokratiyanın gücləndirilməsi yolunda zəruri qurbanlar kimi dəyərləndirilir. Ermənistanın Rusiyanın nəzarətində olan Avrasiya İqtisadi Birliyinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması, ruslara silah verməsi müvəqqəti çətinliklər kimi qiymətləndirilir. Ermənistanın baş naziri isə Pauerin təqdimatında yeni demokratiya kumiridir, 2003-cü ildə Saakaşvili, Yuşşenko və o zamankı Qırğızıstan liderləri kimi... O zaman “rəngli inqilablar” nəzəriyyəsi tətbiq edilirdi, nəticə olaraq Saakaşvili həbsxanaya düşdü, Gürcüstanda Rusiya oliqarxı qalib gəldi, Ukrayna Rusiyanın hücumuna məruz qaldı və ölkə darmadağın edilir. Qırğızıstan bu yaxınlarda hakimiyyət dəyişiklikləri, mütəmadi çevrilişlər seriyasına son qoya bilib və MDB-nin ən kasıb dövlətlərindən birinə çevrilib. İndi “demokratiya işartıları” konsepsiyası tətbiq edilir, bu dəfə MDB-dən Ermənistan və Moldova eksperiment məkanıdır. Yeni konsepsiyanın əsas icraçısı isə erməni əsilli rusiyalı cinayətkar oliqarx Vardanyanın dostudur...

Allah dünyamızı qorusun!

“Veritas” Siyasi Analiz və Tədqiqatlar Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR