ABŞ-Türkiyə münasibətləri: Buzlar əriyir? - TƏHLİL

ABŞ-Türkiyə münasibətləri: Buzlar əriyir? - TƏHLİL
  • Clock-gray 17:42
  • calendar-gray 23 Sentyabr 2019

ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan senator Lindsi Qrahamla mediaya qapalı görüş keçirib. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da iştirak etdiyi görüşdən sonra L. Qraham jurnalistlərə "Türkiyənin Suriyanın birliyi üçün İŞİD-a qarşı mübarizəsini dəstəkləyirik. Ən önəmlisi isə Türkiyə İdlibdə yaşayan 4 milyon insanın qətlinin qarşısını alır. Türkiyə ilə daha dərin strateji əlaqələrin qurulacağına ümidliyəm. Ankaranın F-35 proqramına qayıtması və bəlkə azad ticarət müqaviləsi bağlanması çox əhəmiyyətlidir. Türkiyə təkcə Suriya üçün yox, bütün bölgə üçün mühüm müttəfiqdir” açıqlamasını verib.

“Daily Sabah” qəzetinin məlumatına görə, Ərdoğan isə səfər öncəsi bəyan edib ki, ABŞ-dan “Patriot” qurğularının alınması məsələsi hələ gündəmdədir.

Türkiyə prezidenti amerikalı həmkarı Donald Trampla telefon əlaqəsi yaradıb. Prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. İki dövlət başçısı Suriyanın İdlib bölgəsində mülki şəxslərin təhlükəsizliyinin qorunması məsələsində razılığa gəliblər. Onlar, həmçinin, növbəti humanitar böhranın yaşanmaması üçün əməkdaşlığı davam etdirməyə qərar veriblər.

Belə görünür ki, iki ölkə münasibətlərində bəzi korrektələr edir, habelə Ankara “Patriot” qurğularının alınması ilə bağlı məsələyə yenidən qayıdır. Vurğulayaq ki, Türkiyənin Rusiyadan aldığı S-400 sistemləri ilə bağlı proses artıq həll edilib. Rusiya artıq bu sistemi Türkiyəyə satıb. Lakin bu, heç də o anlama gəlmir ki, Ankara “Patriot” sistemini ala bilməz. Belə ki, S-400 və “Patriot” sistemləri bir-birindən kəskin fəqrlənir. Məsələn, Türkiyə S-400 sistemlərini öz müdafiəsi üçün inteqrasiya etdirə bilər. Lakin “Patriot” NATO üzvü olan dövlət tərəfindən istehsal edildiyi üçün Türkiyə onu alarsa, bu zaman silah NATO müdafiə sistemlərinə inteqrasiya ediləcək. Müqayisə etdikdə Rusiyadan alınan S-400 “Patriot”la müqayisədə daha ucuzdur. Digər tərəfdən, Türkiyənin “Patriot” sistemlərinə çox ehtiyacı var. S-400-dən Türkiyənin yalnız özü, Ankara “Patriot” sistemlərinə sahib olduğu zaman isə bundan bütün NATO ölkələri faydalana biləcək. Digər tərəfdən, “Patriot” tam gücü ilə işləyə biləcək. S-400 isə heç bir halda tam nəticə verə bilməz.

Xatırladaq ki, Türkiyə “Patriot” silahını almaq üçün niyyətini illər öncə açıqlamışdı. ABŞ-ın bu silah sistemlərini Türkiyəyə satmağa icazə verməməsi isə ciddi problemlərə səbəb oldu. Türkiyə bu sistemləri almaq istəyir. Çünki “Patriot” sistemlərindən maksimum faydalana biləcəyini düşünür. Qonşularla ciddi problemləri olan Türkiyənin hava müdafiə sistemlərində müəyyən çatışmazlıqlar mövcuddur. Uzun illər Türkiyə hava müdafiəsini hava qüvvələri vasitəsilə həyata keçirib. Hazırda Türkiyə hava-raket müdafiəsi sistemlərinə ehtiyac duyur. Elə bu səbəbdən də “Patriot”ların satışına icazə verilmədiyi anlaşılan kimi S-400 almaq qərarını verdi. Ankaranın addımı Birləşmiş Ştatları narazı salsa da, bunun məsuliyyətini yalnız Türkiyənin üzərinə qoymaq mümkün olmadı.

Artıq Birləşmiş Ştatlar yanlışlığa yol verdiyini anlayır. Ümumiyyətlə, ABŞ-ın Türkiyəyə  qarşı yeritdiyi siyasətin yanlış olduğunu dərk edənlərin sayı Vaşinqtonda da artır.

NATO-nun bölgədə ən güclü üzvlərindən olan Türkiyə ilə qarşı-qarşıya gəlmək ABŞ-ın maraqlarına cavab vermir. Elə Ankara özü də anlayır ki, Vaşinqtonla “soyuq savaş” yolverilməzdir. Lakin Ankara güclü olmadan danışıqlar masasında oturmağın imkansızlığını da dərk edir. Onu da unutmaq olmaz ki, Türkiyənin “Zeytun Budağı”  əməliyyatına başlayarkən ardıcıl planları var idi. İlk növbədə, Afrin terrorçulardan  təmizlənməli idi, çünki Türkiyəyə qarşı əsas təxribatlar bu bölgədən edilirdi. Ankaranın planının ikinci hissəsində isə Mənbiçə doğru irəliləmək nəzərdə tutulmuşdu. Daha sonra ardıcıl olaraq Rakkaya və terroristlərin əsas məskunlaşdığı ərazi olan Fəratın Şərqinə hücum planlaşdırılmışdı. Lakin bir anda planda dəyişiklik edildi. Belə ki, Türkiyə tərəfi Afrindən sonra İdlibə irəliləyəcəyini bəyan etdi. Bu isə Ankara və Vaşinqton münasibətlərinə xələl gətirməyə bilməzdi. Türkiyə İŞİD-lə mübarizə aparan zaman da ABŞ Ankaraya qarşı çıxırdı, lakin Ərdoğan qətiyyət nümayiş etdirərək, geri addım atmadı. Bununla da münasibətlər daha da pisləşdi. Reallıq ondan ibarətdir ki, ABŞ və Türkiyə qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Bu baxımdan, hər iki ölkə gərginliyin aradan qalxmasını istəyir. Onu da unutmaq olmaz ki, bu prosesin bir neçə vacib şərti var. Məsələn, Türkiyənin Avrasiya iqtisadi məkanına yaxınlaşma meylləri nəzərə çarpır. Bu da  ABŞ-ı ehtiyatlı davranmağa sövq edir. İkincisi, hazırkı vəziyyətdə Türkiyənin Qərbdən asılılığı var. Bu baxımdan, Ankaranın anti-Qərb addımlarını manevr siyasəti  adlandırmaq olar. Türkiyə öz mövqeyini möhkəmləndirməyə çalışır. Məsələ ondadır ki, ABŞ-da yeni Administrasiya işə başlayandan sonra Türkiyənin nüfuzuna zərbə dəyib. ABŞ-ın sabiq prezidenti Corc Buşun hakimiyyəti dönəmində Vaşinqton Türkiyəyə daha böyük önəm verirdi. Bu baxımdan, Ankara özünə qarşı münasibətin yenidən yaxşılaşmasını, Buş zamanına qayıtmasını arzulayır. Onu da nəzərə almaq lazımdır ki,  Türkiyənin Qərbdən tam təcrid olunmaq fikri yoxdur. Ankara iqtisadi baxımdan da Qərbə daha çox bağlıdır. Odur ki, anti-Qərb addımları atmaqla Ankara bölgənin əsas oyunçusu kimi fərqli münasibətə layiq görülməyə çalışır və bu istiqamətdə Ərdoğan-Tramp danışıqları sıradan hadisə deyil. Onu da vurğulayaq ki, Türkiyə son illər ərzində bölgədə mühüm oyunçuya çevrilib. Ankara Qərbə belə bir mesaj verir ki, Rusiyanın enerji təzyiqinə qarşı alternativ də var. Bu alternativ türkdilli dövlətlərin təbii ehtiyatlarıdır. Türk dövlətləri olan Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın neft və qaz ehtiyatları Türkiyə ərazisi ilə Qərbə ötürülə bilər. Qərb üçün Rusiyadan da, İrandan da yan keçən, Avropanı Yaponiya və Çinlə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu önəm kəsb edir. Qərbə anladılır ki, İranla nəticəsi bəri başdan bəlli olmayan müharibəyə başlamaqdansa, regionu qeyri-sabitliyə aparmadan alternativ variantlar üzərində düşünmək lazımdır. Türkiyə Birləşmiş Ştatlar üçün əvəzolunmaz müttəfiqdir. Belə ki, ABŞ-ın bölgədə ən əsas müttəfiqi olan İsrail artıq Vaşinqton üçün əhəmiyyətini itirməyə başlayıb. Hər tərəfdən “düşmən ərəblər”lə əhatə olunmuş İsrailə Vaşinqton bugünkü geosiyasi oyunlarında aparıcı rol ayırmır. Baş rollarda çıxış etməyə adət etmiş İsrail isə "kütləvi səhnələrdə" oynamağa heç də həvəsli deyil. Kiçik ərazisi olan İsrail yenə də böyük rollar arzusundadır. Bu baxımdan, Türkiyə haqlı olaraq əsas oyunçu statusuna iddia edir. Göründüyü kimi, Yaxın Şərqdə aparıcı oyunçuya çevrilməkdə olan Türkiyə ilə əməkdaşlıqda Vaşinqton özü də maraqlıdır. Bölgədə böyük oyunlar gedir. ABŞ və Türkiyənin birlikdə qurduğu siyasət İsraili Çinlə əməkdaşlığa vadar edir. İsrail-Çin əməkdaşlığı isə ABŞ və Türkiyənin oynadığı rolu kiçiltməyə yönələn geosiyasi strategiyadan ibarətdir. Bir sıra Qərb ölkələri “müstəqil Kürdüstan dövləti”ni yaratmaqla Türkiyənin dünyada artan rolunu zəiflətməyə cəhd göstərir. Məhz bu səbəbdən Ankara Suriyada problemi həll etmək istəyir və bu məsələdə Birləşmiş Ştatların yardımına ümid edir. İki ölkə arasında gərginliyə baxmayaraq, Türkiyə və ABŞ əməkdaşlığı strateji tərəfdaşlığa hesablanıb. Ərdoğanın ABŞ təmasları münasibətlərin isinəcəyinə inamı artırır. Lakin səfərin və aparılacaq danışıqların iki ölkə arasında soyuqluğun aradan qalxacağına nə dərəcədə təsir göstərəcəyini zaman göstərəcək.

APA Analytics

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date