Avropa İttifaqı da Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu qəbul edir - TƏHLİL

Avropa İttifaqı da Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu qəbul edir - TƏHLİL
# 13 iyul 2021 13:39 (UTC +04:00)

44 günlük müharibənin başa çatmasından sonra rəsmi Bakı Qarabağ münaqişəsinin həll olunduğunu bəyan edərək, dünya ictimaiyyətinin diqqətini postmünaqişə dövründəki yeni proseslərə yönəltməyə başladı.

Hərbi əməliyyatların dövlətimizin qələbəsi ilə başa çatmasından keçən bir neçə ay ərzində bölgədə yaranmış yeni vəziyyətin demək olar ki, bütün beynəlxalq dairələr tərəfindən qəbul edildiyinin şahidi oluruq.

Azərbaycanın dövlət başçısının dəfələrlə qeyd etdiyi “Qarabağ münaqişəsi artıq həll olunub, tarixdə qalıb” bəyanatı artıq bir çox dairələr tərəfindən qəbul olunmaqdadır. Bu, beynəlxalq aktorlardan biri də Avropa İttifaqıdır. Avropa İttifaqı tərəfindən son zamanlar verilən açıqlamalar da onu göstərir ki, Avropa ittifaqı Qarabağ məsələsində Ermənistanın və bəzi digər ölkələrin və qüvvələrin xoşuna gəlməyən həqiqətləri dilə gətirməkdədir.

Bu reallıq isə Avropa İttifaqının nümayəndələrinin regiona səfərləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutan görüşlərdən sonra baş verir. İyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev çıxışında Avropa İttifaqının regionla bağlı yeni baxış bucağının formalaşması üçün vacib fikirlər səsləndirdi. Dövlət başçısı Ermənistanla hazırkı vəziyyətə toxunaraq qeyd etdi ki, “Hazırda biz münaqişədən sonrakı inkişaf vəziyyətindəyik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bununla bağlı danışıqlar aparası heç nə yoxdur”.

Təsadüfi deyil ki, Prezidentin bu çıxışından sonra avropalı nümayəndələr Bakıdan sonra digər region dövlətlərinə səfərləri zamanı “Qarabağ problemi”, “danışıqlar” kimi ifadələrdən istifadə etməyərək erməni və ermənipərəst qrupları pərişan etdilər.

İyulun 8-də isə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekunları ilə bağlı fikirlərini bölüşdü. Avropa Komissiyasının rəsmi saytında yerləşdirilən bu fikirlərdə komissar səfərinin Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinə yeni təkan verdiyini qeyd edib. Xüsusilə Qarabağ mövzusunda geniş fikir mübadiləsi aparıldığını deyən Oliver Varhelyi Avropa İttifaqı olaraq müharibənin nəticələrini aradan qaldırmaq və bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin post-konflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirə aparıldığını bildirib.

Oliver Varhelyinin rəsmi Bakının müharibədən sonra bəyan etdiyi tezisləri dilə gətirməsi, sözsüz ki, daha bir beynəlxalq platformada ölkəmizin məqsədinə çatdığının göstərəcisidir. Çünki Aİ nümayəndəsi Birliyin bölgə ilə bağlı gələcək məqsədləri haqqında danışarkən məhz “müharibənin nəticələrini aradan qaldırmaq”, “uzunmüddətli sülh naminə birgə çalışmaq” və “Qarabağ münaqişəsinin post-konflikt dövrü” kimi ifadələr işlədir. Bu ifadə və yanaşmalardan aydın olur kı, Avropa İttifaqı da Azərbaycan kimi, hazırda Qarabağ münaqişəsinin post-münaqişə mərhələsində olduğunu və qarşıdakı məqsədlər sırasında məhz bölgədə quruculuq, təmir-tikinti işlərinin aparılması, demarkasiya-delimitasiya, Zəngəzur dəhlizinin açılması, yeni münasibətlərin qurulması və sülh müqaviləsinin bağlanmasını hədəf kimi görür. Məhz Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin bu fikirləri səsləndirməsi Birliyin Qarabağ münaqişəsinin artıq həll olunduğunu qəbul etdiyini təsdiqləyir.

Təbii ki, Avropa İttifaqının bu fikirləri səsləndirməsi erməni tərəfi və erməni məsələsi adı altında bölgədəki siyasi proseslərə müdaxilə etməyi düşünən bəzi dövlətlər üçün xoşagəlməzdir. Çünki ən vacib aktorlarından sayılan Avropa İttifaqının Cənubi Qafqazda müharibədən sonra yaranmış siyasi mənzərə ilə bağlı baxış bucağı ümumilikdə Azərbaycan və Ermənistan arasında gələcək proseslərə təsir edəcək haldır. Təsadüfi deyil ki, Avropanın bəzi ölkələrinin erməni lobbisinə çalışan parlamentariləri post-müharibə dövründə dəfələrlə milli qanunverici orqanlarda anti-Azərbaycan bəyanatlarına nail olmaq, sonra isə, məsələni Aİ miqyasında qaldırmaq iddiasında idilər.

Lakin göründüyü kimi, regionumuzdakı proseslərin nizamlanmasına qarşı çıxan və təxribatlar hazırlayan qüvvələrin fəaliyyəti iflasa uğrayır və Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallığı qəbul edərək, artıq Qarabağ məsələsinin keçmişdə qaldığını, bölgədə yeni proseslərə dəstək verməyə hazır olduğunu bəyan edir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR