Avropadan Çinə qədər Türk Birliyi - TƏHLİL

Avropadan Çinə qədər Türk Birliyi - TƏHLİL
# 03 noyabr 2022 17:40 (UTC +04:00)

Təxminən 150 milyon nəfərin yaşadığı coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı (TDT) müasir dünyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilib. Xüsusilə də son dövrlərin qlobal geosiyasi və iqtisadi trendləri türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsini və inkişafını zəruri edir. Bu baxımdan ötən il İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü müstəsna tarixi əhəmiyyətə malikdir. Zirvə toplantısında qurumun adının dəyişdirilərək təşkilata çevrilməsini Türk Dövlətləri Təşkilatının təsis edilməsi istiqamətində növbəti vacib addım kimi də qiymətləndirmək olar. Çünki, bu Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sadəcə ad dəyişməsi deyil, həm də inkişaf vektorunun dəyişməsidir: “Ona görə ki təşkilatın üzvləri olan bütün ölkələrdə birliyi möhkəmləndirməyin zəruri olmasını başa düşürlər”.

Həmin tarixi hadisədən artıq 1 il keçir. Ötən dövr ərzində təşkilat daha da inkişaf edib, türkdilli dövlətlər arasında əlaqələr möhkəmləndirilib və birliyin formalaşdırılması istiqamətində inamlı addımlar atılıb.

Hazırda dünyanın aparıcı beynəlxalq təşkilatlarının müxtəlif ölkələrin maraqlarının toqquşması nəticəsində öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi sirr deyil. Bu baxımdan ortaq tarixi, mədəniyyəti, ənənələri paylaşan və təbii müttəfiqlər olan ölkələrin formalaşdırdığı TDT-nin unikal üstünlükləri var. Belə ki, üzv ölkələrin yuxarıda sadalanan ortaq cəhətləri təşkilat daxilində həmrəyliyin güclənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı inam və dəstəyə, geniş əməkdaşlığa şərait yaradır.

TDT-nin üzv ölkələr üçün əhəmiyyəti artıq praktiki şəkildə də özünü büruzə verir. Üzv ölkələr qoşulduqları digər beynəlxalq platformalardakı fəaliyyətləri zamanı təşkilata üzvlüyün doğurduğu öhdəliklərə zidd davranmamağa çalışırlar.

TDT-nin artan qlobal çəkisi indi bütün dünyanın diqqət mərkəzindədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Praqada Fransa Prezidenti Emmanuel Makronu həyat yoldaşı ilə birlikdə təşkilata dəvət etməsini TDT-nin ölkələrin ortaq qərar almasında müstəsna rol oynayan çoxtərəfli platformalardan olmasının mesajı kimi də qiymətləndirmək olar.

Türk Dövlətləri Təşkilatının hərbi-siyasi cəhətdən daha da qüdrətlənən üzv ölkələri dünyada sülh və əmin-amanlığı, sabitliyi, təhlükəsizliyi, iqtisadi inkişafın təmin edilməsini dəstəklədiklərini həm təşkilat çərçivəsində, həm də müxtəlif beynəlxalq təşkilatlarda dəfələrlə səsləndiriblər.

NATO-nun ən qüdrətli ölkələrindən olan Türkiyə yurdda və dünyada sülhdən yana olduğunu, hər nə qədər sui-istifadə edilsə də, qonşularla mehriban münasibətlərin tərəfdarı olduğunu hər fürsətdə bəyan edir.

Azərbaycan isə 44 günlük Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoyaraq, BMT qətnamələrini təkbaşına tətbiq edərək Qafqazda sülh və əməkdaşlıq üçün unikal imkan yaratmağı bacarıb.

Türk Dövlətləri Təşkilatı üçüncü tərəflərə qarşı formalaşdırılmış bir alyans deyil, müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edən qlobal əhəmiyyətli bir platformadır.

Qeyd etmək yerinə düşər ki, Qarabağın azad edilməsi Zəngəzur dəhlizi kimi bir layihənin reallaşdırılmasını da mümkün edərək Türk dünyasının pozulmuş coğrafi bağlantısının bərpa edilməsi üçün tarixi imkan yaradıb. Bu baxımdan Qarabağın azad edilməsi sadəcə Azərbaycan üçün deyil bütün türk dünyası və türk dövlətlərinin birliyi üçün dönüş nöqtəsi sayılacaq bir hadisədir. Təsadüfi deyil ki, müharibədən 1 il sonra, İstanbulda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev Qarabağın azad edilməsi işində göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeninə layiq görülüb.

Zəngəzurda həyata keçiriləcək nəqliyyat və kommunikasiya layihələri ilə türk coğrafiyası yenidən birləşəcək.

Ölkələr arasında əvvəldən mövcud olan həmrəylik və əməkdaşlıq səbəbi ilə Türk Dövlətləri Təşkilatına üzvlük olduqca cəlbedicidir. Vll Zirvə görüşündə Özbəkistanın təşkilata üzv olması, VIII sammitdə isə Türkmənistanın müşahidəçi qismində təşkilatda təmsilçiliyini rəsmiləşdirməsi qurumun coğrafiyasının genişlənməsi və daha da güclənməsi istiqamətində mühüm addımlar idi. Azərbaycan təşkilata sədrliyi dövründə türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi istiqamətində üzərinə düşən bütün vəzifələri yerinə yetirməkdən çəkinməyib.

Prezident İlham Əliyevin təşkilatın baş katibi Bağdam Amreyevi qəbul edərkən söylədiyi fikirlər rəsmi Bakının gələcəkdə də TDT-nin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini göstərir:

“Öz tərəfimdən demək istəyirəm ki, Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək. Bu, əcdadlarımızın böyük irsidir. Təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk dünyası fraqmentləşdirilib və hələ indi də bizim diqqətimizi və sıx birgə siyasətimizi tələb edən məsələlər mövcuddur. Lakin Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində artıq birləşiblər”.

VIII Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi ilə onun statusu daha da yüksəldi. Hazırda türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdəki əlaqələr yüksələn xətlə inkişaf edir. Ölkələr arasındakı ticarət dövriyyəsinin həcminin 20 milyard dolları ötdüyü bildirilir. TDT-nin və üzv ölkələrin daha da gücləndirilməsi məqsədilə qarşıdan gələn dövrlərdə bir sıra istiqamətlərə diqqət yetirilməsi vacibdir.

Prezident İlham Əliyev təşkilatın Baş katibi Bağdad Amreyevi qəbul edərkən qarşıdan gələn dövrdə təşkilatın qarşısında duran vəzifələr barədə danışarkən iki istiqaməti xüsusi qeyd etmişdi:

1. Təhlükəsizlik məsələləri. Hazırda dünyada mövcud vəziyyət və təhlükəsizlik məsələlərinin həllinin əhəmiyyəti.

2. Türk dövlətlərinin xarici ölkələrdə yaşayan soydaşlarının hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin edilməsi, onların milli identikliyinin qorunub saxlanması işində qarşıda duran vəzifələr.

Təhlükəsizlik məsələləri ilə bağlı sıx dialoqun aparılması, xarici işlər, təhlükəsizlik orqanlarının rəhbərlərinin iştirakı ilə görüşlər, toplantılar yuxarıda qeyd edilən istiqamətlərdə nailiyyət əldə edilməsi üçün olduqca məqsədəuyğundur.

Azərbaycan hökumətinin xarici siyasətdə əsas fəaliyyət istiqamətlərindən birini soydaşlarımızın hüquq və təhlükəsizliyinin qorunması təşkil edib. Regionda yaranmış mürəkkəb vəziyyəti nəzərə alaraq növbəti sammitdə həmin istiqamətdə müzakirələrin aparılması da olduqca zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR