Azərbaycan gəncliyi: Vətən müharibəsinin qəhrəmanı - TƏHLİL

Azərbaycan gəncliyi: Vətən müharibəsinin qəhrəmanı - TƏHLİL
# 02 fevral 2022 10:34 (UTC +04:00)

Hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə təsis olunub.

Hər bir dövlət üçün ən vacib demoqrafik qrup qismində bəlkə də birinci növbədə gənclər təşkil edir. Çünki gənclik əhalinin ən fəal qruplarından biri olmaqla yanaşı, həm də hərbi - iqtisadi cəhətdən dövlət üçün strateji əhəmiyyət kəsb edir. Hər bir xalqın və dövlətin gələcəyi gənc nəsildən asılıdır. Odur ki, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.

Hazırda bütün dünya gəncliyi yeni çağırışlarla qarşı-qarşıyadır. Qloballaşan, elektronlaşan dünyada milli dəyərlərin əriməsi, cəmiyyətin ənənəvi normalarından gənc nəsillərin tədricən uzaqlaşması tendensiyası dərinləşməkdədir. Ona görə də artıq bir çox dövlət öz gənclər siyasətinə yenidən əl gəzdirməyə başlayıb. Qloballaşan dünya Qərbdən yayılmaqda olan yeni həyat normaları ilə üz-üzə qalıb. Avropa və okeanın o tayında ailə institutlarının dağılması, eynicinslilərin nikahına ayrı-ayrı ölkələrdə icazə verilməsi bütövlükdə cəmiyyətlərin sosial strukturlarının çat verməsinə gətirib çıxarıb. Eyni zamanda doğum sayının azalması da hazırda Qərb ölkələri qarşısında ən aktual problemlərdən biri kimi dayanır. Bəzi hesablamalara görə, 2050-ci ildə Qərb ölkələrinin əhalisi dünya əhalisinin yalnız 10 faizini təşkil edəcək. Bu zaman yaşı 60-dan çox olanlar ümumi sayın 1/3-i qədər olacaq.

MDB məkanında isə müasir gənclik qlobal çağırışlardan əlavə, həm də geosiyasi çağırışlarla üz-üzədir. Təsadüfi deyil ki, bəzi dövlətlər müstəqillik qazandıqları 30 il ərzində ölkə daxilində düzgün ideoloji-fəlsəfi baxış bucağı formalaşdırmadığına görə əraziləri daxilində milli-ideoloji böhranlarla üzləşdi. Nəticədə, həmin hakimiyyətlərin buraxdığı boşluqlar ölkə daxilində vətəndaşlar arasında xarici geosiyasi istiqamətlər, Qərb-Şərq vektorları, ölkənin gələcəyinin siyasi-mədəni modelləri mövzularında ciddi ziddiyyətlərə gətirib çıxartdı. Nəticə isə hər kəsə məlumdur.

Yuxarıda sadalanan mənfi tendensiyalar fonunda Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Əlbəttə ki, Azərbaycan gəncliyinin bu gün cəmiyyətin digər sosial və demoqrafik qrupları ilə eyni dəyərləri bölüşməsi, gənclərin özlərinin daxilindəki həmahənglik, onların dövlətçi və vətənpərvər olmaları dövlətin cəmiyyətdə yuxarıdan aşağı formalaşdırdığı siyasətin nəticəsi idi. 30 il ərzində Azərbaycanda daxili və xarici çağırışlarla bağlı vahid baxış bucağının formalaşması, müstəqil dövlətimizdə vahid ideoloji-siyasi xəttin varlığı vacib amillər sırasına daxildir.

Mənəvi-əxlaqi dəyərlərə, milli ideologiyaya önəmin verilməsi hər bir sivilizasiya üçün mühüm amillərdən biridir. Təsadüfi deyil ki, dünyanın məşhur alimlərindən sayılan Arnold Toynbi cəmiyyətdə əsas dəyərin kapital olduğu sivilizasiyaların gələcəkyinin böhrana qərq olacağı anonsunu verərək, dünya geosiyasi səhnəsinə nəhəng Asiya sivilizasiyalarının çıxacağını məqalələrində qeyd edirdi. Əhalisinin əhəmiyyətli hissəsini gənclər təşkil etdiyi, güclü insan və zəngin təbii ehtiyatlara malik, ənənəviliyi və müasirliyi birləşdirən Azərbaycan gəncliyi sözsüz ki, Toynbinin qeyd etdiyi həmin parlaq gənclər kateqoriyasına aiddir.

Azərbaycanda gənclər ölkə əhalisinin 23,6 faizini təşkil edir. Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” qanununa görə, Azərbaycanda 14-29 yaşlarında şəxslər gənc hesab edilir.

Ölkəmizdə gənclərə daim xüsusi diqqət olub. Daxili siyasətdə gənclərə xüsusi önəm verən və gələcək onilliklər üçün Azərbaycan gəncliyi formalaşdırmağı qarşısına məqsəd qoyan Ulu Öndər Heydər Əliyev bu məqsədlə 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin əsasını qoyub. Daha sonra yeni nəslin ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider tərəfindən 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi.

Gənclərlə bağlı digər mühüm addım 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” qanundur. 2005, 2011 və 2017-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları, 2015-ci ildə isə “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilib.

Azərbaycan Prezidenti tərəfindən gənclərin ölkə xaricində təhsili daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edirdi. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" 5000 gəncin dünyanın aparıcı ali məktəblərində təhsil alaraq vətənə yüksək ixtisaslı kadrlar kimi qayıtmalarına və aparıcı işlərdə dövlətin gələcəyi üçün inamla çalışmaları ilə nəticələndi.

Eyni zamanda Prezidentin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunu yaratması gənclər təşkilatları və gənc ictimai fəalların həyatında dönüş nöqtəsi kimi xarakterizə olunmalıdır.

Prezident İlham Əliyevin 26 yanvar 2015 tarixində "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncamı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi güdürdü. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edildi. Yeni Dövlət Proqramının qəbul edilməsi cənab Prezidentin gənclərə yönəlik dövlət siyasətində davamlılığın, sistemli və kompleks yanaşmasının növbəti təzahürü idi . Proqramda gənclərin fərdi inkişafı, məşğulluğu, sağlamlığı, intellektual, yaradıcı inkişafı və ümumiyyətlə, vətəndaş kimi lazımlılığı və fəallığına stimullar yaradılırdı.

Ölkədə gənclər siyasətinin səmərəliliyi, gənclərin düzgün istiqamətdə yetişməsi, onların məşğulluğu, təhsili, sağlamlığı daima Prezident İlham Əliyevin xüsusi diqqətindədir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5 mindən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa imkan qazanıblar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulub.

Son illər gənclərin karyeralarında xüsusi əhəmiyyət daşıyan layihələrdən biri də Prezidentin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsini təsis etməsidir. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Prezident İlham Əliyevin başçılığı altında dövlətimizin apardığı gənclər siyasəti gənclərin vətənpərvər, savadlı kadr kimi yetişməsinə, onların sosial təminatlarının yaxşılaşdırılmasına, gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb.

Beləliklə, bu gün iftixarla deyə bilərik ki, regionda və regiondan kənarda yaşayan bir çox gənclərdən fərqli olaraq Azərbaycan gəncləri öz intellektlərinə, milli-mənəvi baxışlarına, dünyagörüşlərinə, vətənpərvərliklərinə görə hər kəsdən sözün yaxşı mənasında fərqlənirlər.

Bu gün Azərbaycan gəncliyi qalib xalqın, düşmən üzərində tarixi qələbə əldə etmiş xalqın nümayəndəsidir. 44 günlük müharibədə gənc nəslin göstərdiyi igidlik, şücaət rəşadətli ordumuzun qalibiyyəti ilə nəticələndi. Ötən il Ali Baş Komandan İlham Əliyev gənclərin qələbədəki roluna toxunarkən, “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi” söyləmişdi.

Doğrudan da, 44 günlük Vətən müharibəsinin ən ağır yükü həm də cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər bir qarış torpağın azadlığı üçün silah yoldaşları ilə birgə böyük əziyyətlər çəkən gənc əsgər və zabitlərimizin üzərinə düşdü.

Azərbaycan gəncliyi növbəti gününü qeyd edir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi gənclər siyasəti fəlsəfəsi dövlətimizin bu günü və sabahında xüsusi yol oynayır və oynayacaq. Müstəqil Azərbaycanın daha da güclənməsi, xarici çağırışları dəf etməsində gənclər bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətə və Vətənə sədaqət nümunəsi olacaqlar.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının gənclər iş, təlim-tərbiyə və sosial iş üzrə müşaviri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR