Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasında münasibətlərin daha da güclənməsinə təkan verəcək - TƏHLİL

Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasında münasibətlərin daha da güclənməsinə təkan verəcək - TƏHLİL
# 31 avqust 2022 22:53 (UTC +04:00)

Azərbaycan Prezidenti cənab İlham Əliyev İtaliyaya işgüzar səfər edib.

Səfər çərçivəsində sentyabrın 1-2-də müxtəlif səviyyədə görüşlər keçiriləcək.

Səfər İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti əsasında və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutacaq. Səfərin məqsədi Prezident İ.Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticə yönümlü növbəti addımların müəyyən edilməsidir.

Səfər çərçivəsində cənab Prezidentin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və İtaliya Hökumətinin prezidenti - Baş nazir Mario Draqi ilə geniş tərkibdə görüşləri nəzərdə gözlənilir.

İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevin “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda əsas qonaq kimi iştirakı nəzərdə tutulur.

1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir.

“The European House – Ambrosetti” eyni zamanda İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.

Müxtəlif illərdə Çernobbio Forumunda dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.

Sayca 48-ci olan bu dəfəki forumun əsas plenar iclasında Prezident İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edəcəyi gözlənilir.

Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir.

Məlum olduğu kimi, bir müddət əvvəl İtaliyada daxili siyasi böhran yaşanıb. Qanunvericilik məsələləri ilə əlaqədar partiyalar arasında konsensusa nail ola bilməyən Baş nazir Mario Draqi istefasını elan edib və hökumət vaxtından əvvəl səlahiyyətlərini başa çatdırıb. Sentyabrın 25-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərinə qədər hökumət məhdud çərçivədə fəaliyyətini davam etdirir və M.Draqi İtaliya Hökumətinin prezidenti səlahiyyətlərini icra edir. Ənənəyə görə, müvəqqəti hökumət dövründə İtaliyada xarici səfərlər baş tutmur, xarici rəsmi heyətlərlə görüş keçirilmir, daxili və xarici siyasət məsələləri üzrə qərarlar qəbul edilmir.

Hökumətin məhdud çərçivədə fəaliyyət göstərməsinə baxmayaraq, Prezident İlham Əliyevin işgüzar səfərinin baş tutması İtaliya tərəfinin Azərbaycanın dövlət başçısı və ölkəmizlə strateji əlaqələrə verdiyi böyük önəmin göstəricisidir. Bu, həmçinin, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin İtaliyanın prioritet milli marağı olduğunu nümayiş etdirir.

Bu, Prezident İlham Əliyevin İtaliyaya sayca 7-ci səfəridir. Bundan əvvəl baş tutmuş səfərlər sırasında məzmun və formasına görə ən önəmlisi 2020-ci ilin 19-21 fevral tarixlərində həyata keçirilmiş dövlət səfəri idi. Həmin səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edirdi.

İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və o vaxtkı Baş nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi yükünü göstərir.

Bu sənədlə ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoyub. Tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyublar. Birgə Bəyannamənin digər əhəmiyyətli cəhəti odur ki, o, Azərbaycanın digər ölkələrlə, o cümlədən “Böyük Yeddiliyin” üzvü olan ölkə ilə belə bir adda və ruhda imzaladığı ilk sənəd olub.

Birgə Bəyannamə iki ölkə arasında xarici işlər nazirlərinin sədrlik etdiyi Strateji Dialoqu da təsis edib. 2022-ci il aprelin 2-də İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Mayonun Bakıya səfəri zamanı Azərbaycan və İtaliya arasında Strateji Dialoqun birinci iclası keçirilib və görüşün nəticəsi olaraq protokol imzalanıb. Bu iclas iki ölkə arasında çoxölçülü strateji münasibətlərin gücləndirilməsi üçün yeni institusional mexanizmin əsasını qoydu.

Strateji Dialoqun ilk iclasının diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etməsi də olduqca əlamətdar hadisə idi.

Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb (9 milyard ABŞ dolları), 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard ABŞ dollarından çox olub.

Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90%-dən çoxu Azərbaycanın payına düşür.
Enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur.

TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artacağı gözlənilir.

Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Bir sıra şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində iştirak edir, maraq göstərən digər şirkətlərlə isə müzakirələr aparılır.

Nəzərə alınmalıdır ki, 2022-ci ilin göstəricilərinə görə İtaliya dünyanın 8-ci ən böyük iqtisadiyyatıdır və “Böyük Yeddilik” ölkəsidir. İtalyan şirkətləri sənaye, o cümlədən müdafiə və yüngül sənaye, energetika, yüksək texnologiyalar, kənd təsərrüfatı, tikinti və digər sahələrdə dünya üzrə ən qabaqcıl sıralardadır. Təsadüfi deyildir ki, 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı Prezident İlham Əliyev dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşüb, hər iki tərəfdən 100-ə yaxın şirkətin iştirakı ilə Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirak edib.

Son bir neçə il ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Pandemiyadan əvvəl Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib. İtaliyada ənənəvi olaraq keçirilən Azərbaycan kino və mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açıb. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib.

2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub.

Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi 2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunub.

Paris, Berlin və Vyanadan sonra dünyanın ən qədim şəhərlərindən biri olan Romanın mərkəzi hissəsində də Azərbaycanın Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur. 2020-ci ilin fevralında dövlət səfəri zamanı Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.
İki ölkənin elmi-akademik çevrələri, ali təhsil ocaqları arasında mübadilələr də intensivliyi ilə seçilib. İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır.

Azərbaycanın İtaliya ilə təhsil sahəsində əlaqələri 2002-ci il iyunun 1-də Bakıda hökumətlər arasında Mədəniyyət, Elm və Texnologiya sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə genişlənməyə başlayıb. Prezident S.Mattarellanın Azərbaycana 2018-ci il 18-19 iyulda dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında “Ali təhsil üzrə Birgə Bəyannamə” imzalanıb. 2020-ci ilin fevralında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də də təhsil və elm sahəsində əməkdaşlığa dair konkret müddəalar əks olunub.
Azərbaycan və İtaliyanın universitetləri arasında fəal şəkildə tələbə və akademik mübadilələri ehtiva edən proqramlar icra olunur.

Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevral İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığın əldə olunması idi.

Həmin səfər çərçivəsində ADA Universiteti ilə İtaliyanın Luiss Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Keçən müddət ərzində İtaliya-Azərbaycan Universitetinin konseptual və strateji sənədləri hazırlanıb, tərəfdaş kimi Luiss Universiteti ilə yanaşı İtaliya və dünyanın digər aparıcı ali təhsil ocaqları olan Bolonya Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti və Roma Sapienza Universiteti müəyyən olunub.

İtaliya-Azərbaycan Universitetində kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən mexanika, elektrik və nəqliyyat mühəndisliyi, memarlıq və dizayn, sosial elmlər, innovasiya və sahibkarlıq ixtisasları tədris olunacaq.

2022-ci il aprelin 2-də ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimində iştirak edib. İtaliya tərəfindən tədbirdə həmin vaxt Bakıda səfərdə olan xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio iştirak edib. Onun şəxsən bu tədbirdə iştirakı İtaliyanın ölkəmizlə təhsil sahəsində əlaqələrə verdiyi yüksək siyasi əhəmiyyətin göstəricisi idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR