Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi - TƏHLİL

Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev

© APA | Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev

# 14 may 2022 14:10 (UTC +04:00)

Bu gün Türkiyə daha bir unikal layihəyə imza atacaq. Dənizin üzərində inşa edilmiş Rize-Artvin Hava Limanının açılışı olacaq.

Bu anı bizim üçün daha da önəmli edən bu nəhəng layihənin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etməsidir.

Rize-Artvin Hava Limanının iki qardaş ölkənin rəhbəri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini bir daha nümayiş etdirir.

İki qardaş ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. 44 günlük Vətən müharibəsi isə bu münasibətləri pik həddə çatdırıb.

Müharibənin ilk günündən Prezident Ərdoğan ölkəsinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə, onun haqq işinə sona qədər dəstək verəcəyini bəyan elədi. Doğrudan də, müharibənin gedişində Azərbaycan qardaş ölkədən, onun liderindən tam dəstək aldı. Məhz Türkiyənin bu mövqeyi sayəsində həm Ermənistan, həm onun havadarları, həm də bütün dünya Azərbaycanın haqq savaşında tək olmadığını gördü.

Türkiyə və Azərbaycan arasında münasibətlərin müharibədən sonra yeni fazası başladı.

Prezident Ərdoğan işğaldan azad edilmiş ərazilərə, Şuşaya səfər etdi.

İki ölkə arasında məhz Şuşada Müttəfiqlik haqqında Bəyannamə imzalandı. Tarixə Şuşa Bəyannaməsi kimi düşən sənəd Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi. Şuşa Bəyannaməsinin imzalanması ilə bütün dünya Azərbaycan və Türkiyə münasibətlərinin zirvəsini gördü, anladı ki, iki ölkə arasında analoqu olmayan qarşılıqlı sevgi, hörmət mövcuddur.

Daha bir mühüm məqam Prezident Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı oldu. Məhz Türkiyə liderinin təyyarəsi xarici dövlət başçıları arasında ilk olaraq Füzuli aeroportuna endi. Bunun da çox böyük rəmzi mənası vardı.

Bu gün Rize-Artvin Hava Limanının açılışına məhz Azərbaycan liderinin qatılması bu rəmziliyin, bu münasibətin, bu qardaşlığın davamıdır.

Təkcə iki ölkə və iki xalq arasında deyil, iki ölkənin liderləri arasında da bütün dünyaya nümunə olacaq qardaşlıq və dostluq münasibətləri mövcuddur. Özü də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Hər iki lider türk dövlətləri arasında əlaqələrin daha inkişafı, xalqlarımızın daha da yaxınlaşması üçün əlindən gələni edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası məhz Prezidentlər Əliyev və Ərdoğanın səyi nəticəsində daha da möhkəmlənib, qarşısına konkret hədəflər qoyaraq Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib. Bu təşkilatda birləşən türk dövlətləri arasında münasibətlər, əlaqələr gündən-günə güclənir, TDT-nin artıq regional və beynəlxalq səviyyədə müəyyən güc kimi qəbul olunmasına başlanılıb.

Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə qarşısında duran çox mürəkkəb və taleyüklü məsələlərin həllinə nail olub, öz tarixi inkişafının zirvəsinə yüksəlib.

Öz növbəsində, Türkiyə də Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə dünyanın aparıcı ölkələrindən birinə çevrilib və hazırda bütün sahələrdə yüksək tərəqqi nümayiş etdirir.

Rize-Artvin Hava Limanının açılışını Türkiyənin gücünün, iqtisadi inkişafının daha bir göstəricisi hesab etmək olar. Açılışda Azərbaycan və Türkiyə liderlərinin iştirakı isə iki ölkənin qardaşlıq münasibətlərinin dünyaya daha bir nümayişidir.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR