Azərbaycan və Türkiyə növbəti dəfə əməkdaşlıq və qardaşlıq nümunəsi ortaya qoyur

Azərbaycan yanğınsöndürənləri Türkiyədə meşə yanğınları ilə mübarizə aparır

© APA | Azərbaycan yanğınsöndürənləri Türkiyədə meşə yanğınları ilə mübarizə aparır

# 02 avqust 2021 18:14 (UTC +04:00)

Qardaş Türkiyə bir neçə gündür, davam edən meşə yanğınları ilə üz-üzədir. Sözsüz ki, Türkiyə xalqı bu bəlanı da dəf edəcək, meşə yanğınlarının arxasında olan bütün cinayətkarlar layiqli cəzasını alacaqlar. Son baş verənlər beynəlxalq aləmin, ələlxüsus Qərbin bu kimi hadisələr fonunda həmişəki kimi ikili yanaşma ortaya qoyduğunun, adekvat və prinsipial mövqe nümayiş etdirmədiyinin bir daha göstəricisi oldu.

Lakin bununla yanaşı, bu hadisə başqa bir reallığı da dünyaya nümayiş etdirdi. Türkiyədəki dəhşətli meşə yanğınları başlar-başlamaz Azərbaycan Respublikası tərəfindən qardaş ölkəyə yardımlar edilməyə başlandı. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi. Bunun ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə Azərbaycandan yardım dəstələri göndərildi.

Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verildi.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyədə yüksək peşəkarlıq göstərərək kifayət qədər ağır xarakterli yanğınlarla mübarizə aparır.

Azərbaycandan göndərilən heyətin peşəkarlığı qardaş ölkədə böyük rəğbət, coşqu ilə qarşılanıb. Təsadüfi deyil ki, bu ölkənin mediasında, sosial şəbəkələrində Azərbaycan yanğınsöndürənlərinin fədakarlığı, azərbaycanlı xilasedicilərin türk həmkarları ilə çiyin-çiyinə hektarlarla ərazilərə yayılan yanğınla mübarizə aparmalarının video görüntüləri böyük rəğbətlə qarşılanıb. O cümlədən, bu günlər ərzində sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri də öz profillərinə Türkiyə bayrağını yerləşdirərək qardaş türk xalqının və dövlətinin yanında olduqlarını, onların kədərini Azərbaycanın kədəri hesab etdiklərini bildirirlər.

Anadolu Agentliyi, “HaberTürk”, “NTV”, “Sabah”, “Hürriyet”, “AHaber” və bir sıra digər media qurumları öz xəbərlərində Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə meşələrin yandığı bölgələrə səfər edərək, hadisələrin arxasında olan qüvvələrin layiqli cəzalarını alacaqlarını bəyan edib. Bölgəyə səfər əsnasında etdiyi çıxışlarında Türkiyə lideri Azərbaycanın da verdiyi dəstəyin yanğınlarla mübarizəyə töhfə verəcəyini vurğulayıb.

Öz növbəsində, Türkiyənin meşə və kənd təsərrüfatı nazirinin müavini Fatih Mətin bu günlərdə Ankaranın yanında olduğuna görə rəsmi Bakıya təşəkkürünü bildirib. O qeyd edib ki, Türkiyə olaraq yanğınları aradan qaldırmaq üçün bütün imkanlar səfərbər edilib. “Bu gün Azərbaycandan gələn yanğınsöndürən qardaşlarımızla birlikdə çalışdıq. Böyük fədakarlıq göstərirlər. Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına qardaş yardımı üçün təşəkkür edirik", - deyə nazir müavini vurğulayıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da yanğınla bağlı danışarkən, “Hər zaman olduğu kimi, yanğın vaxtı da yanımızda olan Prezident İlham Əliyevə, Azərbaycanın dövlət nümayəndələrinə və qardaş xalqa çox təşəkkür edərək minnətdarlığımı çatdırmaq istəyirəm. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident İlham Əliyevin tapşırığı ilə mənimlə əlaqə saxladılar və Türkiyəyə yardım göndərmək istədiklərini bildirdilər. O telefon danışığından sonra Azərbaycandan təyyarə ilə Türkiyəyə, Dalamana yüzdən artıq yanğınsöndürmə mütəxəssisi gəldi. Qardaşlarımızın Türkiyəni düşünməsi bizi xoşbəxt edir. Bu çətin günlərdə göstərilən həmrəyliyə görə bir daha təşəkkürümü bildirirəm” söyləyib. “Azərbaycan xalqının, oradakı qardaşlarımızın Qarabağ müharibəsi dövründə qəhrəman Azərbaycan Ordusuna, əsgərinə nə cür yardım etdiyinin şəxsən özüm şahidi oldum. Azərbaycanlı qardaşlarımızla fəxr edirik. Bir millət, iki dövlətik. Bu, bizə məxsus xüsusiyyətdir”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.

Bir daha şahidi oluruq ki, müxtəlif hadisələrdə, məsələlərdə olduğu kimi, bu faciə qarşısında da Azərbaycan və Türkiyə dövlətləri, Azərbaycan və Türkiyə xalqları növbəti dəfə əsl qardaşlıq nümunəsi ortaya qoyur.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR