Azərbaycana qarşı "milli azlıq kartı": Separatçılar iflasa uğrayan planlarından əl çəkmir - TƏHLİL

Azərbaycana qarşı "milli azlıq kartı": Separatçılar iflasa uğrayan planlarından əl çəkmir - TƏHLİL
# 13 aprel 2022 14:03 (UTC +04:00)

Azərbaycanın çoxmillətli, çoxdinli ölkə olması müxtəlif separatçı mərkəz və dairələrin ölkəmizə qarşı planlarında daim xüsusi yer tutub. Onlar hər zaman düşünüblər ki, ayrı-ayrı millətlərin nümayəndələri arasında nifaq salmaq, dinlər arasında toqquşmalar yaratmaqla Azərbaycanı parçalamaq siyasətini reallaşdıra biləcəklər. Lakin əsrlərdir, davam edən bu siyasətin həyata keçməsi mümkün olmayıb. Çünki Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük, harmonik birgə yaşayışı üzərində qurulmuş, ağıllı milli siyasətin yürüdüldüyü çoxmillətli və çoxdinli ölkədir.

Multimədəniyyətli, multietnik irs

Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinin hüququ Konstitusiya çərçivəsində qorunduğu üçün milli azlıqlarla bağlı heç vaxt problem yaşanmayıb.

Milli azlıqlar ölkə əhalisinin 12,4%-ni təşkil edir. Əsas odur ki, Azərbaycan qanunları mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Ölkədə bütün xalqlar tarixən sülh şəraitində yaşayıb və yaşayır. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də qorunub saxlanılmaqdadır.

Prezident İlham Əliyevin 2016-cı ili ölkədə “Multikultralizm ili” elan etməsi bu baxımdan heç də təsadüfi deyil və bunun dərin tarixi var.

Bununla belə, bəzi mərkəzlər, o cümlədən erməni dairələri Azərbaycanda milli etnik zəmində qarşıdurmalar yaratmaq və iğtişaşlar törətmək niyyətindən əl çəkmirlər. Son illərin təhlilləri və müşahidələri onu deməyə əsas verir ki, bu dəfə də "milli azlıq kartı" destruktiv qüvvələrin əlində alət kimi istifadə olunmaqdadır.

Azərbaycanın II Qarabağ Müharibəsində qazandığı parlaq qələbədən sonra da düşmən mövqeyi ilə seçilən mərkəzlər ölkəmizdə yaşayan xalqların birliyini həzm edə bilmir.

Müharibə vaxtı bu yöndə planlar iflasa uğrasa da, bu mərkəzlərin respublikanın hüdudlarından kənarda milli zəmində zaman-zaman çaxnaşmalar yaratmaq istiqamətində "fəallaşmaları" hiss olunmaqdadır.

Bu dəfə hədəf kimdir?

Bu dəfə hədəf kimi seçilən isə ölkəmizin şimalında yaşayan azsaylı xalqlardır. Tarix boyu Azərbaycanın şimal-şərq bölgələrində məskunlaşmış həmin xalqların Azərbaycan türkləri ilə heç vaxt münaqişəsi olmayıb, bütün xalqlar dostluq və qardaşlıq mühitində yaşayıb. Əksər beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycandakı mövcud vəziyyəti təqdir etsə də, "köhnə dəyirman" öz işindədir. Əsasən, ermənilərə bağlı və Rusiyada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ölkəmizdə azsaylı xalqların məsələsini qabardaraq, onları Azərbaycan hakimiyyətinə qarşı qaldırmağa cəhdlər edir. Lakin təhlil qənaəti zəif həmin dairələr düşünməlidir ki, nə ölkə 90-cı illərdəki ölkədir, nə də hakimiyyət həmin hakimiyyətdir. Ən əsası isə respublikamızda yaşayan bütün xalqlar vahid yumruq şəklində cəmləşərək Ali Baş Komandanın ətrafında sıx birləşib.

Ermənilərlə separatçı ləzgiləri təmsil edən "Sadval"ın işbirliyi

Dağıstanda yaradılan və separatçıları birləşdirən terrorçu "Sadval" təşkilatının Bakı metrosunda törətdiyi terror aktları, onların 17 nəfərdən ibarət üzvünün Ermənistanın Nairi rayonunun Lusaker qəsəbəsində təlim keçərək Azərbaycanda terror törətmək üçün hazırlanması təkzibolunmaz faktlardır. Həm erməni, həm də ləzgi separatçıları birləşdirən "dəyər" isə, heç vaxt real görünməyən cəfəng "arzular" olub. Ermənilər Qarabağda ikinci erməni dövləti, separatçı ləzgi dairələri isə ölkənin şimalında qondarma dövlət yaratmaq ideyası ətrafında "birləşib". Lakin Azərbaycanın Vətən Müharibəsindəki möhtəşəm qələbəsi respublikada və kənarda separatizm arzusunda olan qüvvələri nokauta salmaqla bərabər, bölgəmizdə yeni reallıqlar yaratdı. Eyni zamanda şimal bölgəmizdə kompakt şəkildə yaşayan milli azlıqların nümayəndələrin Vətən Müharibəsində digər xalqlarla birlikdə aktiv iştirakı separatçı qüvvələri çıxılmaz vəziyyətlə üz-üzə qoydu. 44 günlük müharibə dövründə Ermənistandan, müxtəlif ölkələrdən, xüsusən Rusiyadan yayımlanan internet platformaları üzərindən özlərini "lider" hesab edən cinayətkar və separatçı ünsürlər açıq mətnlə azsaylı xalqların nümayəndələrini ayağa qalxmağa, ermənilərə dəstək verməyə çağırırdı. Ölkədə müharibə getdiyi halda, onları silahlı müqavimətə səsləyən çağırışlara da rast gəlinirdi. Bütün cəhdlərə baxmayaraq, Azərbaycanda separatizm toxumları səpməyə çalışan qüvvələr biabırçı məğlubiyyətlə üzləşdi.

Azərbaycanda yaşayan azsaylı xalqlar daim dövlətçiliyin keşiyində olub

Yuxarıda da qeyd olunduğu kimi, separatizmin Azərbaycanda iflasa uğraması təsadüfi deyil. Tarixən ləzgi xalqının parlaq nümayəndələri, ziyalıları, ağsaqqalları Azərbaycanın taleyüklü məsələlərinin həllində birlik nümayiş etdiriblər. Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oynayan Azərbaycan türk etnosu ilə yanaşı, bu arealda yaşayan digər xalqlar - avarlar, ləzgilər, talışlar, tatlar, qrızlar, buduqlar və digərləri ölkəmizin şanlı tarixində şərəfli rol oynayıblar. Bu etnosların əcdadları Azərbaycan müsəlmanlarına qarşı erməni cəlladlarının soyqırımına qarşı mübarizədə fəal iştirak ediblər. Qusar və Quba arasında yerləşən Digah kəndinin yaxınlığındakı "Qanlı dərə" adlanan ərazidə Amazaspın quldur dəstələrinin qarşısını məhz ləzgi qardaşlarımız alıb, ermənilərə divan tutublar. Bu isə bir daha sübut edir ki, erməni millətçiləri digər müsəlman xalqlarının da düşmənidir. Hacı Zeynalabdin Tağıyevin fəal iştirakı ilə Dağıstanın xalq hərəkatının liderlərindən biri - imam Gaysinski 300-500 döyüşçüsü ilə Bakıdakı müsəlman qardaşlarına, eləcə də ləzgilərə kömək üçün at çaparaq Biləcəriyə kimi gəlib çıxıb.

44 günlük müharibə isə ləzgilər də daxil olmaqla, bütün xalqların Azərbaycan dövlətinin yanında necə dayandıqlarının bariz nümunəsi oldu. Odur ki, antiazərbaycan dairələri, separatçı mərkəzlərə onsuz da iflasa uğrayacaq niyyət və planlarından çəkinməyi məsləhət görərdik. Buna qədər olduğu kimi, bundan sonra da alınmayacaq. Çünki Azərbaycan dövləti qanunlara tabe olan, Konstitusiya quruluşuna əməl edən hər biri vətəndaşını bağrına basır - milliyyətinə, dininə, dilinə fərq qoymadan... Separatçılığın, separatçıların aqibəti isə hər kəsə məlumdur - 44 günlük müharibə!..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR