Beynəlxalq ekspert: "Müqavilənin ləğvinin nüvə başlıqlı raketlərin də daxil olduğu "silahlanma yarışına" təkan verəcəyi ağlabatan görünmür"

Beynəlxalq ekspert: "Müqavilənin ləğvinin nüvə başlıqlı raketlərin də daxil olduğu "silahlanma yarışına" təkan verəcəyi ağlabatan görünmür"
# 07 avqust 2019 12:59 (UTC +04:00)

ABŞ-ın avqustun 2-də "Orta və yaxın mənzilli raketlərin ləvğinə dair" müqavilədən rəsmən çıxdığını bəyan etməsi ilə dünya düzəninin dəyişəcəyinə dair fikirlər meydana çıxıb. Təbii ki, ABŞ-ın qərarından dərhal sonra gözlənildiyi kimi tərəflər - ABŞ və Rusiya müqavilənin pozulmasında bir-birini ittiham etməyə başladı.

ABŞ dövlət katibi Mayk Pompeo bildirdi ki, Rusiya sənəddə məhdudlaşdırılması nəzərdə tutulan raketləri məhv etmədiyi üçün bu məsələdə yeganə məsuliyyətli tərəfdir. NATO-nun baş katibi Yens Stoltenberq də açıqlamasında “Ruslar illərdir ki, aşkarlanması çətin olan, səyyar xarakterə və nüvə imkanlarına malik yeni raketləri yerləşdirib və bu raketlər dəqiqələr içərisində Avropa şəhərlərinə çata bilər” söyləyərək, bu müqavilənin dayandırılmasında Rusiyanı günahlandırdı.

Öz növbəsində, Rusiya tərəfdən də ittihamlar kecikmədi. Rusiya prezidenti Vladimir Putin xüsusi bəyanatla çıxış edərək, müqavilənin ləğv olunmasının məsuliyyətinin ABŞ-ın üzərinə düşdüyünü dedi, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə bildirdi ki, ABŞ dünyada üstünlüyünü təmin etmək üçün müqavilələrdən çıxır.

ABŞ prezidenti Donald Tramp hələ 2018-ci ilin oktyabrında sözügedən müqavilənin

şərtlərini yerinə yetirmək üçün Rusiyaya 3 aylıq müddət vermiş, əks halda ABŞ-ın müqavilədən çıxması prosesi ilə bağlı 6 aylıq hazırlıq mərhələsinin başladılacağını bildirmişdi.

ABŞ tərəfinin müqavilənin dayandırılmasında əsas arqumenti müqavilənin digər iştirakçı tərəfin - Rusiyanın müqavilənin prinsiplərini pozmasıdır. Əslində, bu, yeni arqument deyil. Belə ki, hələ 2014-cü ilin martında ABŞ Rusiyanın "İskəndər 9M729" raketini test etməsi və yerləşdirməsi ilə bu müqavilədəki öhdəliyi pozduğunu bəyan etmişdi.

Rusiya tərəfi də oxşar ittihamlarla çıxış edərək, ABŞ-ın müqaviləyə əməl etmədiyini və öz havadan müdafiə sistemini yoxlamaq üçün orta mənzilli ballistik raketlərdən istifadə etdiyini bildirmişdi. Həmçinin, ABŞ-ın istifadə etdiyi uzaq məsafəyə uçan dronların bəzi texniki parametrlərinin müqavilənin şərtlərinə zidd olduğunu bəyan etmişdi.

Müqavilənin pozulma səbəbləri və ehtimal olunan nəticələri ilə bağlı qarşılıqlı ittihamların davam etməsi fonunda APA "RAND" Strateji Araşdırmalar Mərkəzinin eksperti, ABŞ-ın Gürcüstan və Qazaxıstanda səfiri işləmiş, keçmiş prezident Bill Klintonun Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə məsləhətçisi olmuş Villiam Kourtneyin (William Courtney) fikirlərini öyrənib.

Beynəlxalq ekspert APA-ya açıqlamasında deyib ki, “Orta və yaxın mənzilli raketlərin ləğvinə dair” müqavilənin dayandırılmasının bu diapazondakı nüvə başlıqlı raketlərin də daxil edildiyi "silahlanma yarışına" təkan verəcəyi ağlabatan görünmür, ancaq nüvə başlığı olmayan raketlərin yerləşdirilməsi və istehsalı genişlənəcək: "Rusiya və Çin artıq çox sayda belə raket yerləşdirib. ABŞ ordusu da, ilk növbədə, Çinə qarşı nüvə başlıqsız raketlərin yerləşdirilməsi və hazırlanmasına maraq göstərib. Aşağı hündürlükdən uçan qanadlı raketlər əksər hədəflərə qarşı daha təsirli olur, çünki aşağı altitudada uçan bu raketləri hava müdafiə sistemləri ilə aşkar etmək çətindir. Bu raketlər oxşar effektli silahları işə salmaq üçün döyüş təyyarələrini istifadə etməkdən daha ucuzdur. Bu amillər niyə Rusiyanın Avropada hava hücumundan müdafiə radarları və aerodromlar kimi sabit hədəflərə qarşı orta və yaxın mənzilli raketlər yerləşdirərək müqaviləni pozmaq qərarına gəldiyini izah etməyə kömək edir".

V. Kourtneyin fikrincə, Rusiyanın davamlı olaraq bu müqaviləni pozmasına baxmayaraq, ABŞ sözügedən müqavilədə qalsaydı belə, ABŞ Senatı Rusiya ilə hər hansı yeni “silahlara nəzarət” müqaviləsinə razılıq verməkdən imtina edəcəkdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR